Düşünmək, öyrənmək, bilmək

25-11-2023, 21:00
220
Düşünmək, öyrənmək, bilmək
İlham Hüseyn
Bilmədiyimiz və öyrənməli olduğumuz xeyli şeylər var. Hamının hər şeyi bilməyinə ehtiyac yoxdur və bu mümkün də deyil. Amma hamının bilməyə borclu olduğu şeylər var. Russo deyirdi ki, lazım olanı bilmək, çox bilməkdən daha vacibdir. Bəzən düşünürəm ki, biz çox şeyləri öyrənməyə çalışdıq, amma lazım olan şeyləri öyrənmədik. Düşüncəmizə əziyyət vermədik. Bizə göstərilənləri təftiş etmədən qəbullandıq. Yad ölkələrdə gördüyümüz müsbət nümunələrdən düzgün nəticə çıxarmadıq. Elə bildik ki, müsbət nümunələrə həsəd aparmaqla, bu nümunələri bəyənməklə, arzulamaqla işimiz bitir. Elə düşündük ki, hüquq, ədalət, rifah başqa ölkələrin qisməti, bizim isə qismətimiz deyil. Mişel Monten “insanların ən çox inandıqları şey, ən az anladıqlarıdır” deyəndə, yəqin ki, bunu nəzərdə tuturdu. Məsələn, bizə sabitlikdən danışdılar və biz də inandıq ki, ədalətin olmadığı ölkədə sabitlik ola bilər. Sabitliyin əsas tərifini anlamadıq, anlamağa cəhd etmədik. Eləcə də onlarla başqa mətləbləri bizə istədikləri kimi inandırdılar, anlamağa isə həvəs göstərmədik. Ümumiyyətlə, avtoritarizm anlamadan inanmağı təlqin edir.
Digər tərəfdən biz inanmağı tərgitdik. Həqiqətlərə inanmaqdan qorxub, özümüzü yalanlara inandırdıq. Sanki “iradə” sözündən imtina etdik. Tolstoyun çox xoşuma gələn bir fikri var. Deyir ki, inam vicdanın iradə ilə razılaşmasıdır. Biz isə qorxunu bəhanəylə razılaşdırdıq və nəticədə varlı məmləkətin səfil vətəndaşına çevrildik.
Tarix göstərir ki, həqiqətin izinə düşməyən xalqlar, yalanın cığırında itkin düşürlər.
Daha bir yanlış bundan ibarətdir ki, çox vaxt bilmədiklərimizi bildiyimizi düşünürük. Məsələn, ölkədə korrupsiyanın olduğunu hamı bilir. Amma bu bəlanın təhsildən orduya, səhiyyədən iqtisadiyyata, məhkəmədən insan taleyinə qədər hər şeyi zəhərlədiyini bilmirsənsə, deməli, heç nə bilmirsən. Əgər adekvat reaksiya yoxdursa, istənilən bilgi əhəmiyyətsiz olur.
Bir sözlə, biz bilməli olduqlarımızı öyrənmək tələbatı hiss etməliyik. Düşüncəmizi silkələməliyik. Pis nəticələri doğuran səbəbləri tapmalıyıq. Pis nəticələr verəcək səbəbləri aradan qaldırmalıyıq.
Bir çox dahilər dövlətin sütunu kimi təhsili əsas götürüblər. Amma Konfutsi “düşüncəsiz təhsil hədər zəhmətdir” deyirdi. Bəli, təhsilin vacibliyini dərk etmək üçün də sağlam düşüncə lazımdır. Bizi düşüncəmizdən yoxsullaşdırıblar ki, maddi yoxsulluğumuzu qismət, tale, bəxt hesab edək. Dövlətin ən böyük sərvəti, vətəndaşın sağlam düşüncəsində gizlənir. Bizim bütün yaralarımızın məlhəmi, xəstəliyimizin çarəsi düşüncəmizdədir.скачать dle 12.1