QARABAĞI HANSI PULLA QURMALIYIQ?

9-09-2023, 19:22
631
QARABAĞI HANSI PULLA QURMALIYIQ?

İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı


Bu sualla müraciət etdiyim insanların maraqlı şərhlərin aldım. Hər birinə düşündürücü fikirləri üçün təşəkkür edirəm.
İndi öz fikirlərimi bir iqtisadçı olaraq bölüşmək istəyirəm.
Mətn bir az uzun alındığı üçün üzrxahlıq edərək yazmaq məcburiyyətindəyəm.

Gəlin vəziyyətimizə baxaq və təhlil edək.
Təbii ki, hər iki təklifdə ciddi sürətdə populizm ağırlığı var. Guya belə olanda bütöv bir xalq “əlini daşına altına qoyub” Qarabağı dirçəltməsi üçün bir araya gəlmiş olur. Sanki hamı əlinə süpürgə, “lapadka” götürüb yollara düşsə, Qarabağ çiçəklənəcək, güllü-gülüstana çevriləcək.

Mən hesab edirəm ki, Qarabağı gülüstana yox, hələlik yaşanılası cazibədar bölgəyə çevirməmiz üçün dövlət ilk növbədə aydın konseptual baxışa və işlək mexanizmlərə malik olmalıdır.

Təcrübələr göstərir ki, hamının məşğul olduğu işdə konkret məsuliyyət olmur və bu iş əslində heç kimin olur. Böyük dövlət resurslarının gücünü bir tərəfə qoyub, vətəndaşların çiyinləri üzərində inşa edilən Qarabağ dövlət resurslarını artıran, lakin vətəndaşları yoxsullaşdıran idarəetməni şərtləndirmiş olacaq.

Bu məqsədlə son 3 ildə 10 milyard manatın üzərində vəsaitlər sərf edilmiş və bu xərcləmələr cari il də davam etməkdədir. Belə ki, 2021-ci ildə 2,2 mlrd., 2022-ci ildə 4,3 mlrd. və 2023-cü ildə isə 5,2 mlrd. manat sərf edilmişdir. İşağldan azad olunan Qarabağ da tikinti-quraşdırma layihələrinə 12 milyard manata yaxın (11 milyard 775 milyon manat) vəsait ayrılıb. Bu vəsaitlərin 70 faizindən çoxu yol tikintinisinə və hava limanlarının inşasına sərf olunub.

Dövlət xarici investorlar üçün elə bir əlverişli iqtisadi rejim yaratmalıdır ki, dövlət büdcəsinin resurslarına böyük ehtiyac olmadan investorların biznes layihələri bölgəyə dinamizm, resurs, yeni iş yerləri, vergi ödəmələri qazandırmış olsun.

Uzun illərdir ki, Dövlət Neft Fondundan 10 milyard manatın üzərində illik transfertlərinin axdığı dövlət büdcəsi bunu azmış kimi vətəndaşların aldığı əməkhaqqı fondundan başqa (gəlir vergisi, sosial vergi, işsizlikdən sığorta vergisi, həmkarlar ittifaqı ödənişi, icbari tibbi sığorta) növ vergini tətbiq etsək, bu vətəndaşların vergi yükləri hesabına Qarabağın güllük-gülüstana çevrilməsi olmayacaq.

Özümüzü aldatmayaq. Vətəndaşların ödəmələri hesabına dövlət büdcəsinin gəlir hissəsi onsuz da təmin olunur, əlavə olaraq vətəndaş üçün yeni növ vergi “kəşfinə” heç bir ehtiyac yoxdur. “Niyə yoxdur” sualını cavablandırmaq üçün bir neçə arqument səsləndirəcəm.

Ölkədə minimum əməkhaqqı alanların və bu qəbildən olan həssas sosial qrupların gəlirlərinin vəziyyəti aydındır. Lakin işləyən insanların gəlirləri belə onları hansısa abstrakt vergi öhdəliyi ilə yükləməsinə imkan vermir. İşləyənlərin gəlir səviyyələrini təhlil edəndə başqa paradoksal vəziyyətlə də qarşılaşırıq.

Ölkədə orta aylıq əməkhaqqı 922 manatdır. Bu ilk baxışda böyük rəqəm kimi görünür. Lakin bu məbləğ 1,7 milyon nəfər muzdla çalışan (900 min nəfər dövlət sektorunda, 800 min nəfər isə özəl sektorda) aldığı orta aylıq əməkhaqqının ortalamasıdır.

Lakin ölkəmizdə median əməkhaqqı isə 459 manatdır. Yəni o deməkdir ki, ölkədə muzdla çalışan, yəni konkret əmək müqaviləsi ilə çalışanların 850 min nəfəri 459 manat həcmindən aşağı maaş alır.

Dövlət Statistika Komitəsinin növbəti bir hesabatında qeyd edir ki, 2022-ci il ölkədə maaşla çalışan işçilərin 10.7 faizi – təxminən 170 min nəfər minimum əmək haqqından (345 manat) aşağı maaş alıb.
Hətta əmək qabiliyyətli əhali qrupları içərisində işləyənlərin belə rəqəmlər arasında gizlənən aşağı gəlirli olduqlarını və həssaslığınızı nəzərə alanda, aydın görünür ki, yeni vergi növü ilə irimiqyaslı işləri həyata keçirmək cəhdi ciddi görünmür.

Həmin vətəndaşlar da etiraz etsə ki, mənim aldığımız əməkhaqqı ölkədəki minimum əməkhaqqıya (345 manat) yaxındır, birtəhər bu aydan o aya çıxırıq, onları şantaj edəksəniz ki, Qarabağı istəməyən satqın, nə bilim nə…

Əslində isə dövlət büdcəsi üzərində hesabatlılıq artsın, səmərəlilik yüksəlsin və şəffaflıq güclənsin, Qarabağ üçün daha heç bir digər yandaş resursa ehtiyacı qalmayacaq!

Kasıbların vergisi, büdcə təşkilatında çalışanların iməciliyi hesabına inşa etməli olduğumuz düşüncəsi zəngin və təcrübəli dövlət düşüncəsi deyil, yoxsul və populist insan düşüncəsidir.

Kasıb ayağının, varlı ayaqqabısın dərdini çəkir, sizin isə gözünüz kasıbın ayaqqabısında…

скачать dle 12.1