Vaqif Hacıbəylidən 4 təklif

23-10-2023, 12:13
65
Vaqif Hacıbəylidən 4 təklif
28 sentyabr xalqımız üçün tarixi və əlamətdar gündür. Bu gün Qarabağdakı qondarma rejimin buraxıldığı elan edilib. Paşinyanın deməsinə görə, bir neçə günə Qarabağda faktiki erməni qalmayacaq. Bu artıq qeyd-şərtsiz kapitulyasiya deməkdir.
Yaranmış vəziyyətdə necə davransaq daha faydalı olar?
1. Məncə indidən sonra güc tətbiqi, yaxud güc tətbiqi ilə hədələmə kimi qiymətləndirilə biləcək istənilən hərəkətdən, o cümlədən “dəmir yumruq” ritorikasından əl çəkmək lazımdır. Bitdi bu iş!
2. Qondarma respublikanın buraxılması barədə sənəddə 2024-cü il yanvar ayının 1-dən sonra indi Ermənistana köçən ermənilərin fərdi qaydada Qarabağa qayıtması üçün Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olması təklif olunur. Bu normal yanaşmadı. Amma bizim bu məsələyə aludəçiliyimizə qəti ehtiyac yoxdur. Qayıtmaq istəyənə qapı açıqdır. Amma simmetriya qaydasında. Tutaq ki, əvvəl beş ailə bizdən Ermənistana, sonra ermənilərdən beş ailə Azərbaycana qayıda bilər. Vəssalam. Nəsə bir rəsmi razılaşma olacaqsa, bu bənd oraya mütləq salınmalıdı. Yadda saxlayın, bizə Ermənistandan heç nə lazım deyil. Heç nə! Bu gündən sonra onlardan nə torpaq istəyirik, nə yol istəyirik, nə müqavilə istəyirik, nə də onların müğənnisinə, yaxud bərbərlərinə ehtiyacımız var. Getsinlər başlarının çarəsini qılsınlar. Mənim illər uzunu təbliğ etdiyim simmetrik status ideyası yaxın günlərdə tam reallaşacaq. İndiki halda, həmin ideya yalnız əks təbliğat üçün yararlıdır. Bizim vəzifəmiz yaxın bir neçə günə formalaşacaq status – kvonu qoruyub saxlamaq olmalıdır. Yəni, Ermənistanda azərbaycanlı yoxdursa, Azərbaycanda da erməni olmayacaq.
3. Mən Rusiya əleyhinə müxalifət düşərgəsində aparılan təbliğat kampaniyalarında heç vaxt fəal olmasam da, 2020 -ci ilin noyabr ayının 10-da rus hərbi birləşmələrinin Qarabağa yerləşdirilməsini tarixi səhv kimi qiymətləndirmişəm. Bu gün Rusiya ilə ehtiyatla davranmağın tərəfindəyəm. Ölkədə total antirus təbliğatı aparmağa lüzum yoxdur. Azərbaycan ordusu, əslində ölkənin siyasi rəhbərliyi Qarabağda həyata keçirilən uğurlu əməliyyatla Rusiyanın bölgədəki bütün planlarına ciddi zərbə vurub. Bizim bəzi “analitiklər” bu əməliyyatın Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirildiyini iddia etsələr də, reallıqda vəziyyət başqadır. Erməni hərb maşını ilə bərabər rus hərb maşını da Qarabağda sındırılıb. Bu mənada Azərbaycan Rusiyanı ciddi şəkildə “yaralayıb”. “Yaralı ayı” ilə çox ehtiyatlı olmaq lazımdır. İndiki halda, rus qoşunlarının Azərbaycandan dərhal çıxması üçün total hay-küy salmağa lüzum görmürəm. Hazırda rus hərbi birləçməsinin Qarabağda qalması əhəmiyyətini tam itirib. Bu baxımdan gec, ya tez rus qoşunları buradan çıxacaq. Elə etmək lazımdır ki, onlar burada ermənilər kimi “tam sifətlərini itirib” çıxmasınlar. “Rus, fars erməni, onlar türkün düşməni” deyib hayqıran dəliqanlı gənclərimizdən fərqli olaraq Rusiya və İranla dinc yanaşı yaşama prinsiplərinə uyğun şəkildə stabil, sağlam münasibətlərin bərqərar olmasına çalışmalı, bu münasibətlərin bu şəkildə saxlanması üçün tələb olunan təmkin və xoş məramımızı daim nümayiş etdirmliyik.
4. Nəhayət, ölkədə sağlam siyasi münasibətlərin formalaşması üçün lazım olan tədbirlərin görülməsi vaxtı çatıb. Biz 1993-cü il iyun qiyamından sonra faktiki soyuq vətəndaş müharibəsi şəraitində yaşayırıq. Bu müharibə bitsin artıq! Normal seçkilər keçirmək, siyasi məhbusları azad etmək, insanların rifah halını yaxşılaşdırmaq üçün Azərbaycan iqtidarının qarşısında heç bir maneə yoxdur. “Bizim Qarabağ kimi böyük dərdimiz var” deyib demokratik institutları məhv etdilər, ölkədə rüşvətxorluq, koorrupsiya baş alıb gedir. Xalq siyasi proseslərdən kənarda qalıb. Qarabağdakı bu möhtəşəm qələbə insanlarımızı sevindirməli, onlarda böyük coşqu yaratmalıdır. Mən bunu müşahidə etmirəm. Niyə? Nə baş verir? 44 günlük Vətən müharibəsi dövründəki o coşqu niyə bu gün yoxdur? Bunun səbəbləri var. İqtidar düşərgəsində ağıllı adamlar kifayət qədərdi. Qoy araşdırsınlar və nəticə çıxarsınlar.
Dostlar! Qarabağda qazanılan tarixi qələbənin möhtəşəmliyini bu gün tam dərk etməyən, baş verənləri sadəcə geosiyasi proseslərin bir hissəsi kimi qəbul edənlər bizi növbəti fəlakətlərin gözlədiyini iddia edirlər. Bəlkə də haqlıdılar. Yaşayarıq, görərik! Mən nikbinəm. Mən ümidlə yaşayıram. Mən ümid edirəm ki, biz toplum olaraq həqiqətən güclüyük, özgüvənliyik, daha xoşbəxt yaşamağa layiqik və buna nail olacağıq!
Şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirəm. Tanrı Azərbaycanımızı qorusun!
Yazı Vaqif Hacıbəylinin feysbuk səhifəsindən götürülübскачать dle 12.1