Pisliklərə susa-susa yaxşı adam olmaq mümkün deyil

22-10-2023, 18:25
103
Pisliklərə susa-susa yaxşı adam olmaq mümkün deyil
Dünyanın harasında insanlar öldürülürsə, deməli, insanlıq da ölür. Harada silahlar danışırsa, deməli, kimlərinsə mərhəmət hissi susub. Amma məsələnin başqa tərəfi də var və məni çox narahat edir.
Məsələn, Tərtər cinayəti yaxın keçmişin dəhşətli reallığıdır. Günahsız insanlara filmlərdə görmədiyimiz, kitablarda oxumadığımız işgəncələr verilib. Amma bu gün İsraildə, Fələstində qətlə yetirilən günahsız insanlara görə keçirdiyimiz həyəcanı, Tərtər hadisələrində müşahidə etmədim. Gecə-gündüz İsraildən, Qəzzadan foto-video paylaşan xeyli adam gördüm ki, Tərtər işgəncələrini, müxalif fəallara edilən zülmləri tirajlamadı. İnsan həyatı bu ölkədə niyə bu qədər ucuz olmalıdır ki? Özümüzə qarşı bu qədər qəddar, acımasız, biganə olmağımız məntiqli deyil. Hüquqsuzluğa bu qədər kütləvi “immunitet” bizi zəiflədir. Özümüzə dəyər verməyib, başqalarına mərhəmət tələb etməyimiz anlaşılmaz vəziyyət yaradır. Əlbəttə, İsraildən, Qəzzadan olan görüntülər insanı dəhşətə gətirir, qan dondurur. Amma onlarla qazinin intiharı da bizi dəhşətə gətirməlidir. Qəzəbimiz qorxumuza belə asan yenilməməli, mərhəmətimiz dəyənəyə belə asan təslim olmamalıdır. Səmimiyiksə, insan talelərinin məhv edilməsinə qəzəbliyiksə, bunu özümüz üçün də nümayiş etdirək.
Əks halda, qeyri-səmimilik, tərəfkeşlik, təsir altına düşmə hiss olunur.
Günahsız insanların öldürülməsi pis əməldirsə, günahsız insanların həbsdə çürüdülməsi, işgəncəyə məruz qalması, işgəncəylə öldürülməsi də pis əməldir.
Və ədalətsizliyə susmaq, zülmə kor olmaq da pis əməldir. Pislərə, pisliklərə susa-susa yaxşı adam olmaq mümkün deyil.
Burdakı neqativlərə biganə qalıb, ordakı qətllərə etiraz etmək, burdakı susqunluğu sığortalamır. Zülmün rəngi, dadı, görkəmi hər yerdə eynidir.скачать dle 12.1