Bir millət, iki dövlət – Koreya

5-11-2023, 14:08
223
Bir millət, iki dövlət – Koreya
Çingiz Sultansoy
Polisin, məhkəmənin hər hansı qanuna, insaniyyətə zidd əməlindən sonra Facebookun Azərbaycan kəsimində vaxtaşırı “Nə edirlərsə yaxşı edirlər!”, “Bizə bu da azdı”, “Bu xalq belə rəftara, bu hakimiyyətə layiqdir” sözlərinə rast gəlirəm.
Burada açar söz “Bu xalq bu hakimiyyətə layiqdir”.
Bu geniş yayılmış kəlam mövzusunda dəfələrlə yazmışam, demişəm. Amma azdır, təbii, yenə də demək lazımdır. Bu xalq bu hakimiyyətə layiqdir deyənlərə bir sual verim.
Azərbaycanda az-çox siyasətlə maraqlananlara Qüzey Koreyanı və onun Kim nəslindən olan liderlərini tanıtmaq lazım deyil, elə Güney Koreyanı da, oradakı prezidentlərin soyadı fərqli olsa da.
Qüzey Koreyada müxalifət yoxdur, çoxdan ləğv olunub, baba-oğul-nəvə yer üzündən siliblər. Güney Koreada müxalifət parlamentdə təmsil olunub, vaxtaşırı hakimiyyətə gəlir.
Qüzey Koreya ağır böhran, xalq da aclıq içindədir, adamlar narazılıqlarını göstərməkdən qorxsa da, imkan düşən kimi Güney Koreaya qaçırlar. Bəs demokratia və bazar iqtisadiyyatı olan Güney Koreya necə tanınır? Samsung, Daewoo, Hyundai, KIA, LG brendləri, ərzaq məhsulları, restoranları, bədii filmləri məşhuri-cahandır.
Hansı ağıllı deyib ki, hər bir xalq öz hökumətinə, hökmdarına layiqdir?
Koreyalılar səksən il əvvəl bir xalq, eyni bir millət idi, sonra 1940-cı illərin ikinci yarısında ABŞ və SSRİ-Çin onları iki yerə böldülər. Cənubda – demokratiya və bazar iqtisadiyyatı olan yerdə seçkilər, rəqabət, azadlıq, inkişaf, əmin-amanlıq, normal dolanışıq var. Şimalda – heç bir rəqabət və seçki yoxdu, amma dahi lider, repressia, polis rejimi, yaltaqlıq, yalan, monopoliya, zorakılıq, saxtakarlıq var. Əsas da gerilik, aclıq, qıtlıq.
Korea xalqı hansı hökumətə layiqdir – güneydəkinə yoxsa qüzeydəkinə? İkisinə də eyni zamanda layiq ola bilməz axı…скачать dle 12.1