İlham Əliyev tarixi yenə kobudcasına saxtalaşdırır

29-05-2022, 12:40
5 499
İlham Əliyev tarixi yenə kobudcasına saxtalaşdırır

İlham Əliyev Rəsulzadəni elə ürəkdən tənqid edib, atası Heydər Əliyevi də elə ürəkdən tərifləyir ki, onları tanımayan fikirləşər: 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini Heydər Əliyev qurub, Rəsulzadə isə 1993-cü ildə qiyam yolu ilə hakimiyyətə gəlib, döyüşən ordunun 33 batalyonunu ləğv edib, erməni işğalına yol açıb. Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı da Rəsulzadənin vaxtında işğal olunub.

İlham Əliyev Rəsulzadənin dövründə əsl müstəqilliyin olmamasından, əsil müstəqilliyin Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra formalaşmasından elə əminliklə danışır ki, bunları tanımayan düşünər: Heydər Əliyev rusların və ermənilərin nəzarətində olan dağınıq bir ərazidə Azərbaycan dövlətini qurub, cəmi bir il ərzində ordu yaradıb, Gəncədən Bakıyadək, Bakıdan Lənkərana və Dərbəndədək bütün Azərbaycanı azad edib, Qarabağdakı erməni üsyanını yatırıb, 114 min kvadrat kilometr ərazidə Azərbaycan dövlətinin hakimiyyətini bərqərar edib, Rəsulzadə isə 1993-cü ildə hakimiyyətə gələn kimi Azərbaycanı MDB üzvü edib.

İlham Əliyev Rəsulzadə və Elçibəy hakimiyyətini müstəqil ola bilməməkdə elə məzəmmət edir ki, İlham Əliyevi tanımayan fikirləşər: 28 illik aradan sonra 10 noyabr 2020-ci ildə Rusiya ordusunu Qarabağa yəqin Rəsulzadə dəvət edib, 22 fevral 2022- ci ildə isə bütün dünyanın üz döndərdiyi işğalçı Putinlə müttəfiqlik bəyanatını da yəqin Elçibəy imzalayıb.

İlham Əliyev Xalq Cumhuriyyəti qurucuları haqda elə iradla danışır, Əliyevi tanımayan zənn edər ki, yəqin Azərbaycanın sərvətlərini ofşorlara daşıdıb, övladlarını milyarder edən də Rəsulzadə, Fətəli xan Xoylu, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli olub.

Cümhuriyyətə, demokratiyaya, azadlıqlara, atasının hesabına yox, xalq dəstəyilə hakimiyyətə gələn siyasi liderlərə nifrət etdiyini bildik, ancaq reallıq hissini bu qədər də itirmək olmaz!

скачать dle 12.1
Xəbər lenti