Müxalifət lazımdırmı?

26-04-2024, 21:54
94
Müxalifət lazımdırmı?
Şərin şeri və xeyirin hekayəsi
İlham Hüseyn
Avtoritarizm düşüncənin ərazisini o qədər darlaşdırır ki, ən sadə həqiqətləri qavramaq çətinləşir. Məsələn, özündən çox razı olan bir nəfər “Qarabağ da işğaldan azad edildi, indi nə istəyirsiz” sualı verib, öz aləmində səni tərksilah etdiyini düşünür. Yaxud, çox “ağıllı” biri çıxıb, “torpaq da azad edildi, indi niyə müxalifətçilik edirsiz” sualı ünvanlaya bilir. Belə bədbəxtlər xəbərsizdilər ki, İQ səviyyələri Marian çökəkiliyinə düşüb. Belələrinin intellekti AzTv-nin təbliğatı boydadı. 30, 40, 50, 60 il ömür sürəsən, amma müxalifətçiliyin fəlsəfəsini, müxalifətin missiyasını qanmayasan.
Belə “zəka” sahiblərinin məntiqiylə yanaşsaq, dünya ölkələrinin 90 faizində müxalifət olmamalıdır. Çünki həmin ölkələrdə torpaq işğal altında deyil. Üstəlik, sosial vəziyyət yüksəkdi, hüququn aliliyi var, vətəndaş həlledici amildir və.s
Azərbaycanda isə hökumətə müxalif olmaq üçün yüzlərlə səbəb var. Təkcə müstəqil məhkəmənin olmamağı kifayətdir ki, cəmiyyət narahat olsun, narazı olsun, qəzəbli olsun. Təhsil koma vəziyyətində, səhiyyə xəstə, hüquq ayaqlar altında, qida keyfiyyətsiz, qiymətlər zirvədə, korrupsiya idarəçilik forması, seçki ənənəsi sıradan çıxarılıb, ayağı yer tutan ölkədən qaçmaq istəyir və belə bir reallıqda “müxalifətə nə ehtiyac var” deyəcək qədər absurda yuvarlananlar var.
Cəmiyyət o zaman tənəzzülə yuvarlanır ki, adamlar başını yox, qarnını doydurmaq üçün yaşayır. Mədə ən böyük hədəf olanda, mənəviyyat ən kiçik cismə çevrilir. Müxalifətçiliyin fəlsəfəsi cəmiyyəti mədəsindən yüksəyə qaldırmaq, alternativləri göstərmək, düşüncəni itiləmək, sabaha baxmağı öyrətməkdir. Müxaliflik təkcə siyasi anlayış deyil, cəmiyyətin sığortasıdı, dövlətin gözü olmaqdı, vətəndaşı diri saxlamaqdı və.s
Yəni, müxalifətçilik limitlə olmur, üzərinə istifadə müddəti yazılmır. Müxalifətin varlığı baltalanmayan ölkələrdə, hökumətlər yolunu azmır, dövlətin yolu bağlanmır.
Avtoritar rejimlər vətəndaşa yalanı əzbərlədir. Zərərli şüarlar, iyrənc təbliğat yaddaşın yol yoldaşı olur. Gecə-gündüz həqiqəti deyənlərə şər atmaq, aşağılamaq məhz buna görədir ki, cəmiyyətin yaddaşına “müxalifət” sözü mənfi mənada həkk edilsin. Bəli, biz şərin “şer”ini mənasına, qafiyəsinə baxmadan əzbərləyirik. Amma xeyirin hekayəsini oxumaq istəmirik, bizə cazibədar görünmür.
Dünyada heç bir normal hökumət müxalifəti aşağılamaq hesabına, özünü uğurlu göstərməyə çalışmır. Əksinə, müxalifətin tənqidlərindən nəticə çıxararaq, xalqa yaxın olmağa çalışır. Avtoritar
rejimlər isə xalqa deyil, büdcəyə, pula, kürsüyə yaxın olmaq istəyirlər və buna görə də müxalifəti əngəl hesab edirlər.
Yazını çox uzadıb, sizi yormaq istəmirəm. Demək istəyirəm ki, müxalifətin zəiflədilməsi, cəmiyyətin zəifləməsidir, dövlətin zəifləməsidir, vətəndaşın kor edilməsidir. Ona görə də rejimin zərərli təbliğatının tilsiminə düşməməli, həqiqəti deyənlərə “haqlısan, yalanı tirajlayanlara “haqsızsan” deməyi bacarmalıyıq. Biz zülmlə mübarizənin hekayəsini təkrar-təkrar, dərk edərək oxumalıyıq. Əks halda, rejimin əzbərlətdiyi “şer”ləri deyə-deyə, köləlik tamadası olacağıq.скачать dle 12.1