Şəhid qardaşı olan AXCP fəalı şərlənməsinə etiraz olaraq, ölüm aclığı keçirir

22-04-2024, 18:14
31
Şəhid qardaşı olan AXCP fəalı şərlənməsinə etiraz olaraq, ölüm aclığı keçirir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, narkotiklə şərlənərək 5 aydır həbsdə olan Elnur Həsənov 3 gündür ki, quru aclıq keçirir. O, məhkəməsində bildirib ki, həm qanunsuz həbsdə saxlanmasına, həm də Bakı İstintaq Təcridxanasında yazılı ifadəsinin əlindən alınmasına etiraz olaraq, ölüm aclığına başlayıb.
“Hüquqlarım təmin edilənə qədər ölüm aclığı elan edirəm. Qidadan – yeməkdən, sudan – mayedən imtina edirəm.
Mən bir şəhid qardaşıyam. Həbsimdən 17 gün sonra 62 nəfər erməni əsiri azad edilib. Hansı ki, onlar 3000 şəhidin canına qıyanlardır. Ancaq mən hüquqlarımı tələb etdiyimə görə zindanda Vilayət Eyvazov tərəfindən əsir saxlanılıram və bütün qurumlar susur”, – Elnur Həsənov quru aclığa başlaması barədə məktubunda yazıb.
O, məktubunu Ombudsman Aparatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanlarıyla iş şöbəsinin rəhbəri Fuad Ələsgərov, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov və digər rəsmi qurumlara göndərib.
Elnur Həsənov noyabrın 28-də Babək prospektində yerləşən Maşın bazarında saxlanılıb.
İttihama görə, onun cibindən tıxminən 5 qram narkotik maddə tapılıb.
Lakin AXCP fəalı bu ittihamı rədd edir. O bildirib ki, maşın bazarındakı ehtiyat hissə mağazasında olarkən zorakılıqla saxlanılıb. İstər saxlanılarkən, istərsə də sonra polis bölməsində zorakılığa məruz qaldığını deyən Elnur Həsənovun sözlərinə görə, cibinə narkotiki polislərin özləri atıb. Etiraf ifadəsinə imza atması üçün işgəncəyə məruz qalıb.
Elnur Həsənovun fikrincə, həbsinin səbəbi AXCP üzvü olması, polis özbaşınalıqlarına etiraz etməsidir. O, özünü “Vilayət Eyvazovun zindandakı əsiri” adlandırıb.
Elnur Həsənovun qardaşı Teymur Həsənov 2020-ci ildə 44 günlük müharibədə şəhid olub. O, hesab edir ki, ona qarşı baş verənlər ölkədə şəhidlərə, onların ailələrinə olan münasibətin göstəricisidir.скачать dle 12.1
Xəbər lenti