İrandakı hərbi baza yaxınlığında partlayış səsləri

20-04-2024, 01:03
155
İrandakı hərbi baza yaxınlığında partlayış səsləri
İran yarı-rəsmi FARS xəbər agentliyi bildirir ki, İsfahan şəhərinin şimal-qərb hissəsində döyüş təyyarələrinin yerləşdiyi hərbi bazanın yaxınlığında üç partlayış səsi eşidilib.
“Müdafiə dron ola biləcəyi ehtimal edilən obyektə cavab olaraq aktivləşdirilib,” mənbələr FARS-a xəbər veriblər.
Agentlik həmçinin bildirir ki, mümkün hədəflərdən biri ordu radarı ola bilərdi və bu ərazidə bir neçə ofis binasının pəncərələri qırılıb.
ABŞ mediasının adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən verdiyi son xəbərlərə görə, İsrail cümə günü yerli vaxtla İran ərazisinə səhər tezdən raket zərbəsi endirib.
İsrail ordusunun sözçüsü Amerikanın Səsinə ABŞ mediasında yayılan xəbərlərə “hazırda” şərh vermədiyini deyib.
Bir az öncə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian CNN-ə bildirib ki, əgər İsrail İrana qarşı daha bir hərbi əməliyyat apararsa, onun cavabı “dərhal və maksimum səviyyədə” olacaq.
İran dövlət mediası Press TV dövlət rəsmilərinə istinadən İranın bir neçə hava limanından uçuşların ləğv edildiyini xəbər verir.
Tehran, İsfahan və Şiraza gedən bütün uçuşlar artıq dayandırılıb. Bu barədə İranın hava limanı şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru dövlətə məxsus Mehr TV-yə müsahibəsində bəyan edib.
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü deyib ki, Qərb ölkələri Yaxın Şərqdə hərtərəfli müharibədən qaçmaq üçün təmkinli olmağı xahiş etsələr də, İsrail ötən həftəsonu İranın raket və pilotsuz təyyarə hücumlarına necə cavab verəcəyini özü müəyyən edəcək.
ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İranın İsrailə ilk dəfə İran ərazisindən etdiyi hücumda 110-dan çox ballistik raket, 30 qanadlı raket və 150-dən çox bir istiqamətli partlayıcı pilotsuz uçuş aparatı iştirak edib. Onlar İranın İraq, Suriya və Yəməndəki tərəfdaş qüvvələrinin də hücumda iştirak etdiyini bildirib.
Birləşmiş Ştatlar, Avropa İttifaqı və “Böyük yeddilik” ölkələri İrana qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıblar. Bu, İsraili dəstəkləmək və eyni zamanda onu Tehrana qarşı cavab tədbirləri almaq niyyətini cilovlamağa inandırmaq məqsədi daşıyır.скачать dle 12.1
Xəbər lenti