Rövşanə Rəhimli: “Prokurorluğun əməkdaşı İlkin Əmrahova vəkilindən imtina etməyi tövsiyə edib”

20-04-2024, 01:08
153
Rövşanə Rəhimli: “Prokurorluğun əməkdaşı İlkin Əmrahova vəkilindən imtina etməyi tövsiyə edib”
“Bakı Şəhər Prokurorluğuna sual verirəm: Emil Məhərrəmli kimdir ki, hüquqi yardımla bağlı aldığım qonorarla maraqlanır?”
Vəkil Rövşanə Rəhimli deyir ki, prokurorluq müvəkkilinə qarşı baş vermiş zorakılığı araşdırmaq əvəzinə, müdafiəçi kimi, onun xidmətindən imtina etməsi üçün şəxsə təsir göstərirlər.
Rövşanə Rəhimlinin sözlərinə görə, işgəncə şikayətini araşdıran prokurorluq əməkdaşı onun vəkil kimi aldığı qonorarla maraqlanır.
Söhbət “Toplum TV” ilə bağlı cinayət işi üzrə həbs olunan gənc fəal İlkin Əmrahovdan gedir.
Rövşanə Rəhimli İlkin Əmrahovun vəkilidir və hüquqlarını müdafiə etdiyi şəxsin həbs qərarı üçün məhkəməyə gətirilərkən pis rəftara məruz qalmasıyla əlaqədar Baş Prokurorluğa və Ombudsmana şikayət verib.
İlkin Əmrahov. Foto: Meydan TV
Şikayətdə göstərib ki, müvəkkilinə qarşı zorakılıq martın 8-də polislər tərəfindən baş verib.
Ötən həftə şikayəti araşdırmaq məqsədilə Bakı Şəhər Prokurorluğunun əməkdaşı Emil Məhərrəmli Bakı İstintaq Təcridxanasına İlkin Əmrahovun izahatını almağa gedib. Dolayı yolla İlkin Əmrahova mənim müdafiəmdən imtina edib, başqa vəkillə davam etməsini tövsiyə eləyib. Bundan başqa, Emil Məhərrəmli İlkinə deyib ki, “siz kasıb ailəsiniz, atan vəkili necə tutub, vəkilin pulunu necə ödəyib, bəlkə, vəkilin pulunu başqaları verib…” İlkinə tamamilə etikadan kənar və qanunsuz suallar verib”, – Rövşanə Rəhimli bildirib.
Müdafiəçi vurğulayıb ki, İlkin Əmrahov və digərlərinə qarşı zorakı hərəkətlər şəxsən onun özünün və başqa vəkil həmkarlarımın gözü qarşısında baş verib. Amma prokurorluğun əməkdaşı işgəncə şikayətini araşdıran Emil Məhərrəmli şahid kimi vəkilləri yox, İkin Əmrahovun valideynlərini izahat almağa dəvət edib.
Baş Prokurorluq. Foto: Meydan TV
Baş Prokurorluq. Foto: Meydan TV
İlkinin valideynlərilə işgəncə şikayətilə əlaqəsi olmayan söhbətlər aparıb. İndi mən Bakı Şəhər Prokurorluğuna sual verirəm: Emil Məhərrəmli kimdir ki, mənim müdafiə etdiyim şəxsə bu kimi suallar verir, mənim hüquqi yardımla bağlı aldığım qonorarla maraqlanır?”, – Rövşanə Rəhimli əlavə edib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan mövqe almaq mümkün olmayıb.
Martın 6-dan həbsdə olan İlkin Əmrahov  Azərbaycan Dillər Universitetində magistr təhsili alırdı.
Martın 6-da “Toplum TV” internet televiziyasının ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Media orqanıyla bağlı cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Həbs olunanlar arasında “Toplum TV”-nin təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, video-redaktor Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri var.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.скачать dle 12.1
Xəbər lenti