Ülvi Həsənli və Sevinc Vaqifqızının ailə üzvləriylə görüş və telefon danışıqlarına qadağa qoyulub

25-11-2023, 20:43
154
Ülvi Həsənli və Sevinc Vaqifqızının ailə üzvləriylə görüş və telefon danışıqlarına qadağa qoyulub
“AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləriylə görüş və telefon danışıqlarına qadağa qoyulub
Bu hüquq müstəntiqin qərarıyla 3 aylığa məhdudlaşdırılıb. AzadlıqRadiosu-na onların vəkilləri belə bilgi veriblər.
S. Vaqifqızının vəkili Aqil Layıc məhdudiyyət qərarının qanunsuz və əsassız olduğunu deyir. Müdafiəçi müstəntiqin qərarından məhkəməyə şikayət edəcəyini bildirib.
Noyabrın 24-də Bakı İstintaq Təcridxanasında S.Vaqifqızı ilə görüşdüyünü deyən vəkilin sözlərinə görə, o özünü qətiyyən təqsirli bilmir:
“Həbsini jurnalist kimi, araşdırmalarıyla əlaqələndirir”.
Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova da müvəkkilinin telefon danışığı və görüşlərinə qadağa qoyulmasından yaxın günlərdə məhkəməyə şikayət olunacağını bildirib.
Noyabrın 22-də Xətai rayon Məhkəməsində S.Vaqifqızı və Ü.Həsənli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların haqqındakı həbs qərarlarından verilmiş şikayətlərə noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Eyni cinayət işi üzrə təqsirləndirilsələr də, həbs qərarıyla bağlı məhkəmələr ayrı-ayrılıqda keçirilir.
Ü.Həsənli tutulduqdan bir müddət sonra ona aid olduğu bildirilən səs yazısı yayılıb. Səs yazısında deyir ki, o, saxlanılanda və sonradan Bakı şəhər Baş Polis İdarəsində polis zorakılığıyla üzləşib. Onun sözlərinə görə, evinin yaxınlığında saxlanılkən, gözündən yumruqla vurublar. Daha sonra polis idarəsində yumruq və təpiklə qeyri-insani rəftara məruz qalıb.
“AbzasMedia”nın ofisində və Ü.Həsənlinin evində axtarışlara gətirilərkən, onu görən jurnalistlər də sifətində xəsarət olduğunu müşahidə ediblər.
“Görünür, xəsarətlərin keçib getməsini gözləyirlər”
Ü.Həsənlinin yaxınları AzadlıqRadiosu-na bildiriblər ki. onun işgəncə şikayətilə də bağlı məhkəməyə müraciət olunub. Şikayətə noyabrın 27-də Xətai rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədov baxmalıdır.
“Ülvi Həsənli saxlandığı gün işgəncəyə məruz qalması haqda məlumat verəndən dərhal sonra məhkəməyə və başqa qurumlara şikayət göndərilib. Üstündən bir həftəyə yaxın vaxt keçir, işgəncə şikayəti üçün məhkəmə də təyin olunub, amma hələ də ekspertiza keçirilməyib. Ülvinin üzərindəki xəsarət izləri qeydə alınmayıb. Görünür, xəsarətlərin keçib getməsini gözləyirlər…”, – yaxınları belə deyirlər.
Ü.Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin yaxınlığında, S.Vaqifqızı isə noyabrın 20-dən 21-nə keçən gecə hava limanında – Bakıya gələn təyyarənin içində saxlanılıb. “AbzasMedia”nın direktoru saxlandığı gün media qurumunun ofisində axtarış aparılıb. Axtarış vaxtı ofisdən 40 min avro pul tapıldığı iddia olunub. İstintaq orqanı həmin vəsaitin ölkəyə qaçaqmal yoluyla gətirildiyini iddia edərək, hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürüb. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.
Ü. Həsənli və S. Vaqifqızı ofisdən 40 min avro tapılması haqda iddianın yalan olduğunu bəyan ediblər. Onlar bildiriblər ki, ofisə həmin pulu polislərin özləri yerləşdirib, sonra da tapılmış kimi təqdim ediblər.
Noyabrın 20-də “AbzasMedia” direktorunun müavini Məhəmməd Kekalovun da mülki geyimli şəxslər tərəfindən saxlanması, yaşadığı evdən onun telefon və kompüterinin aparılması haqda yaxınları məlumat yayıblar. İki gün sonra Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, M.Kekalov da “AbzasMedia” ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Noyabrın 23-də ona da eyni maddə ilə ittiham verilib və barəsində ilkin istintaq dövrü üçün 3 ay 27 günlük həbs qətimkan tədbiri seçilib.
Həbs olunanlar təqsirsiz olduqlarını bildiriblər. Ü.Həsənli və S. Vaqifqızı “AbzasMedia”nın, hakim ailə də daxil, yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmalarına görə şərləndiklərini bəyan ediblər.скачать dle 12.1
Xəbər lenti