Jurnalistlər “Abzas Media”nın işi üzrə şahid qismində dindirilib

25-11-2023, 20:47
267
Jurnalistlər “Abzas Media”nın işi üzrə şahid qismində dindirilib
Noyabrın 23-də jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova “Abzas Media” ilə bağlı açılan cinayət işi üzrə şahid qismində Bakı Şəhər Baş Polis İdarəsinə çağırıblar.
Sahilə Aslanova 3 saat dindirilmədən sonra idarədən sərbəst buraxılıb. Jurnalistin sözlərinə görə istintaq sirri olduğu üçün dindirilmədə hansı sualların verildiyi barədə məlumat verə bilməz:
“Dedilər ki, yalan ifadə versəniz siz də məsuliyyətə cəlb olunacaqsınız. Mən də dedim başa düşürəm, amma yalan heç bir ifadə vermədiyimə görə problem yoxdur. Məhəmməd Kekalovla bağlı soruşdular, mən də dedim elə bir şəxs tanımıram. Soruşdular ki, niyə bu qədər müddətdir işləmirəm, dedim ölkədə iş yoxdur”.
Sahilə Aslanovanın vəkili Nemət Kərimli bildirib ki, müvəkkili istintaqdan yayınmaması barədə izahata imza atıb.
“Ölkədən çıxışına qadağa qoyulmayıb. Bundan sonra yenidən şahid kimi çağırılıb – çağırılmayacağını bilmirik” – deyə, vəkil qeyd edib.
Jurnalist Nərgiz Absalamovanın sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsindən Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs olunması ilə bağlı çağırıldığını desələr də sualların heç biri o istiqamətdə deyildi:
“Nə vaxtdan tanış olduğumuzu, daha çox “Abzas Media”nın fəaliyyəti ilə bağlı idi. Çox təəssüf ki, istintaq sirri olduğuna görə detal verə bilmirəm. Suallar hər şeyi açıqlayırdı. 4 saata yaxın dindirildim. Bir şeyə “bilmirəm” cavabını verəndə “yox, bilirsən” kimi cavab verirdilər. Eyni sualları fırladıb-fırladıb məndən cavab verməyimi istəyirdilər, yenə də deyirdim ki, bu haqda məlumatım yoxdur, niyə eyni sualı təkrar verirsiniz?”скачать dle 12.1
Xəbər lenti