Rauf Mirqədirov bəraət istəyib (VİDEO)

26-12-2015, 02:12
0
Rauf Mirqədirov bəraət istəyib (VİDEO)

Jurnalist son söz dedi

Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses qapalı keçirilib.


Vəkil Fuad Ağayevin jurnalistlərə verdiyi məlumata görə, prosesdə Rauf Mirqədirov son söz deyib. O, müdafiə tərəfin fikirlərini dəstəkləyərək, bəraət istəyib. Rauf Mirqədirov deyib: "Hətta bəraət hökmü çıxarılsa belə, bu, qismən ədalət olacaq, tam ədalətin zəfəri sayıla bilməz. Həbsdə olduğum iyirmi ayı, bu müddətdə yaza bilmədiyim məqalələri kimsə qaytara, ödəyə bilməz. Bunları nəzərə alanda, heç olmasa, bəraət hökmü çıxarılsın".


Hakim hökmün elan olunmasını qeyri-müəyyən vaxta qədər təxirə salıb. Fuad Ağayev bildirib ki, sonuncu prosesin vaxtı gələn həftə bilinəcək.

Ötən proseslərdə dövlət ittihamçısı çıxış edərək R. Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

 

скачать dle 12.1
Xəbər lenti