«Ya hüquqlarımızı təmin edin, ya da bizi vətəndaşlıqdan çıxarın»

7-05-2016, 20:33
0
«Ya hüquqlarımızı təmin edin, ya da bizi vətəndaşlıqdan çıxarın»

Paytaxtın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 6, mənzil 15 ünvanında kirayədə yaşayan Yeganə Səlimova prezident Ilham Əliyev və ölkənin bir çox səlahiyyətli şəxslərinə göndərdiyi məktubun surətini “Azadlıq” qəzetinə də yollayıb. Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab prezident və cənab Zakir Qaralov! Bildirirəm ki, himayəmdə 2 əlil uşaq var. Uzun illərdir kirayələrdə yaşayırıq. Nərimanov rayonunda güzəştli mənzil növbəsindəyəm. Lakin hələ də mənzillə təmin olunmamışıq. Nərimanov rayonunda gözdən əlillər üçün 132 mənzilli yaşayış binası istifadəyə verilib. Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevlə müavini Şahmar Ibadov, ƏƏSM nazirinin müavini Ilqar Rəhimli və DST xidmətinin rəisi və müavinləri Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə birləşərək həmin mənzilləri Bakı şəhəri üzrə 60-100 min ABŞ dolları məbləğində satmaqla məşğuldurlar. Onlar vəzifə səlahiyyətlərini aşaraq Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli 386 saylı, 16 mart 2015-ci il tarixli 484 saylı sərəncamlarına və Mənzil Məcəlləsinin 56-cı maddəsinə zidd hərəkətlər edirlər. ƏƏSM Nazirliyi və Gözdən Əlillər Cəmiyyəti komissiya təşkil edib mənzil bölgüsü ilə məşğul olur.

Bundan başqa, nəzərinizə çatdırım ki, 25 dekabr 2015-ci ildə ölkə başçısı Ilham Əliyev binanın açılışına gələndə prezidenti aldadaraq mənzili olan şəxslərə mənzil orderi təqdim edildi. Belə ki, həmin binadan ev alan Tofiq Balayevin Nərimanov rayonunda mənzilləri vardır. Oradan mənzil alan Fərmanov Fərid isə Gözdən Əlillər Cəmiyyyətinin sədri Səmyar Abdullayevin yaxın qohumudur. Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev özünün  maraqları naminə dünya şöhrətli idmançılar Ilham Zəkiyevlə Oleq Panyutini mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürüb. Halbuki, həmin şəxslərin də çoxsaylı mənzilləri var.

Cənab prezident, Abdin Fərzəliyev indiyə kimi məni bir vətəndaş kimi qəbul etmir və problemimi həll etmək istəmir. Bu şəxslərin qanunsuz hərəkətləri barədə Yasamal və Nərimanov rayon prokurorluqlarına müraciət etmişəm. Lakin general Nazim Abbasovun və Qabil Qasımovun müdaxiləsi ilə korrupsioner məmurlar cəzalandırılmır”.

Müraciətin sonunda Yeganə Səlimova ölkə başçısı Ilham Əliyevdən hüqularının bərpa olunmasını, məmur özbaşınalığına son qoyulmasını istəyir: “Ya bizim hüquqlarımızı təmin edin, ya da bizi Azərbaycan respublikasının vətəndaşlığından çıxarın, bundan sonra yəqin ki, hansısa ölkə bizi vətəndaşlığı olmayan kimi qəbul edər. O zaman mənzil problemimiz həll olunar”.

 

скачать dle 12.1
Xəbər lenti