Ehtiyatda olan polkovnik məhkəmələrdən şikayət edir

14-10-2015, 23:37
0
Ehtiyatda olan polkovnik məhkəmələrdən şikayət edir

O, mülki məsələylə bağlı problemlə üzləşib

Bakının Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1 D, mənzil 85-də yaşayan Ziyadxan Bəkirov “Azadlıq”a müraciət edib. Ehtiyatda olan polkovnik dövlət başçısı Ilham Əliyevə müraciətlə məhkəmələrdən şikayət etdiyini bildirir. Belə ki, 2003-cü ildən bugünə qədər etdiyi müraciətlərinin nəticəsinin olmadığını deyən şikayətçi, çıxılmaz vəziyyətdə qaldığını söyləyir:

“Oğlum Ramil Bəkirov Sankt-Peterburqda daimi qeydiyyatdadır və Rusiya vətəndaşıdır. O, 6 oktyabr 2006-cı ildə  Bakıda 283 saylı orta məktəbin direktoru Şükufə Axundovanın qızıyla ailə qurub. Toydan dərhal sonra hər ikisi Sankt-Peterburqda daimi yaşamağa gediblər. Onlar cəmisi bir il, 3 ay birgə yaşayıblar və övladları yoxdur. Oğlumun həyat yoldaşı orada yaşadığı müddətdə müvafiq orqanlara qeydiyyata düşməsi üçün müraciət edib, sənədlər toplayıb və dövlətə rüsum ödəyib.  Bütün sənədlər Bakıda məhkəmə çəkişmələri zamanı təqdim edilib. Lakin bu sənədlərə heç kəs əhəmiyyət verməyib.

2003-cü ilin oktyabrında anasının rəhbərliyi altında keçmiş gəlinim Bakıda mənim mülkiyyətimdə olan özəlləşdirilmiş mənzilimə qeydiyyata düşmək üçün Nəsimi rayon məhkəməsinə müraciət edib. Nəsimi rayon məhkəməsi müraciətin qanunsuz olduğunu nəzərə alaraq rədd cavabı verib. Bundan sonra  Apelyasiya məhkəməsi, Ali Məhkəmə, Ali Məhkəmənin Plenumu və Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qanunsuz çıxardığı qərarlara əsasən, mənim notarial qaydada təsdiq edilməmiş razılığım olmadan onu qeydiyyata salıblar. Bununla bağlı bütün mövcud orqanlara müraciət etməyim isə nəticəsiz qalıb.

2014-cü ilin iyulunda yenidən Nəsimi rayon məhkəməsinə  müraciət edərək onun evimdən çıxarılmasını xahiş etmişdim. Məhkəmənin 1 avqust 2014-cü il tarixli qərarına əsasən, mən keçmiş gəlinim Səbinəyə 11.000  manat məbləğində kompensasiya ödəməklə onun mənzilimdən çıxarılmasına nail olmuşdum. Həmin məbləğ 2 sentyabr 2014-cü ildə  Yasamal rayon məhkəməsinin icraçısı Ramil Quliyevin yanında Şükufə Axundovaya verilib. Oğlumun keçmiş qayınanası bu qərarın  çıxmasına mane olmağa çalışırdı. Ona görə də mən 17-18 iyul tarixində dövlət başçısı Ilham Əliyevə başıma gətirilənlər barədə müraciət etməyə məcbur olmuşdum. Həmin müraciətdə bildirmişdim ki, ermənilər Dağlıq Qarabağdan  əl çəkmədiyi kimi, anası erməni əsilli olan Şükufə Axundova da məndən əl çəkmir. Anasının erməni əsilli olmasını Şükufə Axundova və qızı bizə dəfələrlə bildirərək onların yanında ermənilərə heç bir söz deməyə imkan vermədiklərini bildirmişdilər.

Bundan sonra Şükufə Axundova prezidentə müraciətimdə işlətdiyim ifadələri təhqiramiz sayaraq məni Nəsimi rayon məhkəməsinə verib. Məhkəmə bu məsələyə baxana qədər mən Şükufə Axundovadan internet vasitəsilə üzr istədim.       Nəsimi rayon məhkəməsi 11 iyul 2014-cü ildə çıxardığı qərarla həmin müraciətimi təhqiramiz hesab etmədi. Şükufə Axundova yenidən məni Nəsimi rayon məhkəməsinə verərək  məndən və internet saytından əlli min manat məbləğində cərimə və cinayət işinin başlanmasını tələb etdi. Hakim Etibar Hümbətov 23 yanvar 2015-ci il tarixli iştirakım olmadan çıxardığı qətnaməyə əsasən, Şükufə Axundovanın şərəf, ləyaqət və işgüzar nüfuzunu “təhqir” etdiyimə görə mənə  4200  manat məbləğində cərimə kəsib. Çıxarılan qətnamə mövcud qanunlarımıza uyğun deyil və şər-böhtan xarakteri daşıyır.  Çünki erməni ifadəsi işlənərkən yalnız milli mənsubiyyət, dövlət vətəndaşı anlayışı yaranır. Həmin müraciətdə mən insan şərəf-ləyaqətini, işgüzar nüfuzunu aşağı salan heç bir ifadədən istifadə etməmişəm. Prezidentə olan müraciətimdə erməni əsilli olanlara qarşı hansısa güc, qanunsuzluqla işlərindən qovulma, onların yaşayışına xələl gətirən heç bir ifadə işlətməmişəm. Məhkəmələrin qanunsuz qərarlarına əsasən, notariat qaydada razılığım olmadan mənzilimə qeydiyyata düşən keçmiş gəlinimin qeydiyyatdan çıxarılması üçün mən ona 11.000 manat məbləğində kompensasiya da ödəmişəm. Lakin üzləşdiyim məsələ hüquqlarımın tapdanmasının əyani sübutudur”.

скачать dle 12.1
Xəbər lenti