Şəfa Mehmanqızı: “Yeni avtobusun xəttə buraxılması üçün sakinlərin rəsmi müraciəti lazımdır”
- Ay bala, orta boşdur, bir az sıxlaşın, biz də minək də...
- Gəl, göstər, görüm boş yer harda var? Bir ayağımın üstündə özümə güclə yer eləmişəm.
- Heç olmasa, imkan verin, uşaq keçsin içəri, qapı açılar, yıxılar asfaltın üstünə...
- Elə danışırsan ki, elə bil biz burda kefdəyik, sənə imkan vermirik, elə biz də zülümdəyik də...
- Sıxlaşın, camaat minsin də... Hamı evinə getmək istəyir.
- Özün oturubsan rahat yerdə, hara sıxlaşaq, daha nəfəsimiz kəsilir...
Həm sərnişinlərin, həm də sürücülər ilə sərnişinlərin arasında bu cür mübahisə-dialoqa marşrutlarda az qala hər gün rast gəlmək mümkündür. Bizim müşahidə etdiklərimiz isə 40 saylı avtobusda baş verənlərin kiçicik təsviridir. Bir ay öncəyə qədər “Transqeyt” şirkətində olan, indi isə Sərnişindaşımaya həvalə olunmuş bu marşrutun xidmətindən “Köhnə Günəşli”dən tutmuş Sabunçuya qədər xeyli insan istifadə edir.
Avtobusun keyfiyyətsiz, sınıq-salxaq oturacaqları vaxtaşırı qırılıb-töküldüyündən sərnişinlərin əksəriyyəti ayaq üstə də olsa, mənzil başına çatmağa çalışırdılar. Ancaq I Avropa Oyunları ərəfəsində “Neapol” dairəsi-“28 May” xətti üzrə on illərdir ki, hərəkət edən 1 saylı iritutumlu avtobusun yığışdırlması 40 saylı avtobusun yükünü dəfələrlə artırıb. Xəttə yeni avtobusların buraxılmaması, üstəlik, intervala dəyişiklik edilməməsi durumu daha da ağırlaşdırıb.
Qeyd edək ki, musavat.org sakinlərin şikayəti əsasında Nəqliyyat Nazirliyinə və Nəqliyyatı İdarəetmə Mərkəzinə müraciət etmişdi. O zaman Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov problemin araşdırılacağına söz vermişdi: “Sizin qaldırdığınız məsələni də biz araşdırarıq. Mən elə bu dəqiqə “Bakısərnişin” MMC ilə də, Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə də dəqiqləşdirərəm. Hər halda bizim məqsədimiz sərnişinlərə narahatlıq yaratmaq deyil. Adətən, hansısa xəttdə narazılıq, nöqsan olanda o xəttin yenilənməsinə baxılır. Mən konkret nəsə deyə bilmərəm, amma tam məsuliyyətlə deyirəm ki, bu məsələ araşdırılacaq. Tək bu marşrutdan söhbət getmir, bizə belə siqnallar gəlir və məsələni ciddi şəkildə nəzarətdə saxlayırıq. Mütləq bu məsələnin həlli olacaq”.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı isə sorğumuza cavabında bildirmişdi ki, 1 saylı marşrut avtobus xətti ilə bağlı yeni bir layihə hazırlanıb: “Yaxın zamanda “Neapol” dairəsi, “Bakı” kinoteatrının yanından başlayaraq, “Koroğlu” metrostansiyasının yanından,”Koroğlu” körpüsündən Ziya Bünyadov prospektinə çıxmaqla, yeni marşrut xətti təşkil olunacaq. Yəni layihə təklif formasında hazırdır, sadəcə onun icrası üçün Nazirlər Kabinetinin təsdiqi lazımdır. Konkret tarix deyilməsə də, yaxın zamanlarda bunun olacağını dedilər”.
Lakin rəsmi qurumların vəd verməsinin üstündən keçən müddət ərzində (4 sentyabrda dərc olunmuş “Sərnişinlər musavat.org-dan kömək istədilər: Rəsmi qurumlar hərəkətə keçdi” başlıqlı yazı-C.T.) vəziyyət yaxşılığa doğru dəyişməyib, üstəlik, daha da pisləşib. Çünki dərs ilinin başlanmasına qədər yenə heç olmasa, valideynlər əzab-əziyyətə qatlaşmalı olurdularsa, artıq bir aya yaxındır ki, məktəblilər də səlahiyyət sahiblərinin işə biganə yanaşmasının əziyyətinə qatılaşmalı olurlar. Elə 40 saylı marşrut üzrə hərəkət edən avtobusda müşahidə etdiyimiz məktəblilərlə bağlı mənzərə də ürək ağrıdır. Ana iki məktəbli oğlu ilə avtobusa güclə mindi. Ancaq onların özlərinin ayaq üstə dayanmaları bir yana, kitab-dəftərlə dolu çantanı kürəyində daşıyan uşaq özünü əyilməkdən güclə saxlayırdı. “Neapol” dairəsinə çatmamış onlar avtobusdan endilər, təbii ki, sevincək halda, daha bir əzablı günü başa vurduğu üçün...
Valideynlər deyirlər ki, marşrut avtobuslarının yığışdırılması səbəbindən bir çoxları övladlarının məktəbə aparıb-gətirmək üçün taksi tutmağa vadar olublar. Ancaq taksi 15 dəqiqəlik avtobus yoluna bir ay üçün 200-250 manat istəyir. Odur ki, hər adamın buna imkanı yoxdur. Vəziyyətin nə vaxta qədər belə davam edəcəyini isə dəqiq bilən yoxdur.
Sərnişinlərin sözlərinə görə, ötən həftə “Neapol” dairəsinin yanına 100 saylı yeni avtobus işləməyə başlayıbmış. Lakin bu avtobus bir gün sonra bəlli olmayan səbəblərdən xətdən çıxarılıb. Bundan sonra vəziyyət necə olacaq, heç kəsə məlum deyil. Hər halda biz problemin həll olunduğu günə qədər mövzunu diqqətdə saxlayacağıq.
Yazı çapa hazırlanarkən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı ilə təkrar əlaqə saxladıq. O, bildirdi ki, bu barədə müvafiq qurumlara təkrar müraciət edib: “Mənə bildirdilər ki, xətt o zaman açıla bilər ki, bir qrup sakinin, ərazidə yaşayan əhalinin müraciəti əsasında Bakı Sərnişin Nəqliyyatı və Yük Daşımalarının Təşkili MMC-nin baş direktoruna rəsmi məktub ünvanlansın. O zaman yeni xətt açıla bilər. Çünki bu zaman məsələ baş direktorun şəxsi nəzarətində olacaq. Bu yaxlnlarda 20 saylı marşrut da sakinlərin müraciəti əsasında yenidən fəaliyyətə başladı. Belə nümunələr çoxdur. 40-50 nəfərin imzası yetərlidir”.
Ş.Mehmanqızı onu da qeyd etdi ki, “Neapol” dairəsində bir gün görünən 100 saylı marşrut test üçün xəttə buraxılıbmış: “Şəhəri bu başından digər başına qədər hərəkət edəcək avtobusun xəttə buraxılması barədə layihə var, bu, onunla əlaqədar idi”.
Bir daha vəziyyətin ciddiliyini Nəqliyyat Nazirliyinin, “BakuBus”un və Nazirlər Kabinetinin diqqətinə çatdırmaq üçün 40 saylı marşrut üzrə hərəkət edən avtobusdan çəkilmiş fotoşəkilləri də təqdim edirik...
Cavid TURAN,
FOTO: “YM”