Oktyabrın 17-də jurnalist, gənc rəssam Humay Zahiqrızının əl işlərindən ibarət yeni sərgisi açılıb.
Olimpik Star İdman Əyləncə Kompleksində reallaşan “Mənim quramam” adlı sərgi xeyriyyə məqsədilə keçirilib.
Musavat.org-un verdiyi xəbərə görə sərgidə gənc rəssamın qədim quramanın bütün çalarlarını özündə əks etdirən 50-dən çox sənət əsəri nümayiş olunub.
Tədbirdə Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan bölməsinin rəhbəri Nəvai Metin, qurum və təşkilat üzvləri, ziyalılar, jurnalistlər iştirak edib. İlk öncə tədbir iştirakçılarına gənc rəssamın jurnalsit və yaradıcılıq fəaliyyətini əks etdirən video nümayiş olunub.
Qeyd edək ki, xeyriyyə məqsədilə keçirilən bu sərgi Humay Zahirqızının sayca 9-cu fərdi sərgisidir. Onun ilk sərgisi Sankt-Peterburq şəhərinin “Kontinental” biznes mərkəzində keçirlib.
İxtisasca jurnalist olan H.Zahirqızı 18 yaşından etibarən ANS telekanalında, ATV-də, daha sonra isə “Biznes dünyası” və “Gözəllik dünyası” jurnallarında şef redaktoru kimi fəaliyyət göstərib.
Daha sonra gənc rəssamın valideynləri çıxış edərək ona daha böyük yaradıcılıq uğurları arzulayıblar. Həmçinin jurnalist həmkarlarından Sevinc Əlizadə, Fəridə Abdıyeva, UASB-nin nümayəndəsi Nəvai Metin və digərləri çıxış eedib gənc rəssamı sərgi münasibəti ilə təbrik ediblər.
Humay Zahirqızı xeyriyyə məqsədilə keçirilən sərgi barəsində musavat.org-a açıqlama verib: “Bildiyiniz kimi bu mənim sayca 9-cu fərdi sərgimdir. Sərgi xeyriyyə məqsədilə keçirilir və burdan əldə ediləcək gəlir Şamaxıda yerləşən ruhi xəstələr üçün nəzərdə tutulan sığnacağa veriləcək. İmkanım olduqca tez-tez həmin sığnacağa gedirəm. Bu cür xeyriyyəçi işlərimdə hələ ki, mənə yarımdçı olan kimsə yoxdur, demək olar ki, bütün məsələləri şəxsi hesabıma həll edirəm”.
Xatırladaq ki, müxtəlif beynəlxalq müsabiqələrdə birincilik qazanan Humay Zahirqızı “Türk mədəniyyətinə xidmətlərinə görə” mükafata layiq görülüb. Həmçinin gənc rəssama Türkiyənin Ankara, İzmir, Samsun və Ordu Şəhərlərində keçirdiyi fərdi sərgilərdə layiqli təmsilçiliyinə görə Türk Dərnəkləri Federasiyası tərəfindən müxtəlif mükafatlara layiq görülüb.
Xalidə Gərayeva