“Vergi dərəcələri qaldırılarsa, qiymət artımı ola bilər” - Ekspert rəyi

20-10-2015, 00:23
0
“Vergi dərəcələri qaldırılarsa, qiymət artımı ola bilər” - Ekspert rəyi
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, ölkədə lisenziyaların sayının həddən artıq çox olması məsələsinə də toxunub. Prezidentin tapşırıqlarından sonra İqtisadiyyat və Sənaye Nazirliyi  ölkədə bir sıra lisenziyaların ləğv edilməsini təklif etdi. 
Baş verən hadisələrdə əsas məqsədin ölkədə sahibkarlıq mühitini inkişaf etdirmək və sahibkarları stimullaşdırmaq olduğu söylənildi. Lakin bunun ardınca da Azərbaycanda sadələşdirilmiş verginin dərəcəsinin artırılacağı ilə bağlı xəbərlər yayıldı. Belə ki, parlamentə təqdim edilmiş Vergi Məcəlləsində təklif edilən dəyişikliklərə görə, ticarət sahəsində çalışan iş adamlarından sadələşdirilmiş vergi dərəcəsi 6%-ə, iaşə sahəsində isə 8%-ə qaldırılacaq. Özü də bu dərəcələr ölkənin bütün ərazisində – həm Bakıda, həm də regionlarda tətbiq olunacaq. Parlament tərəfindən qəbul ediləcəyi təqdirdə, yeni vergi dərəcələri 2016-cı il yanvarın 1-dən tətbiq ediləcək.
Bir tərəfdən lisenziyaların ləğvi, digər tərəfdən isə vergi dərəcələrinin qaldırılması böhran şəraitində Azərbaycan iqtisadiyyatına nə vəd edir?
Məsələ ilə bağlı musavat.org-a açıqlamasında iqtisadçı ekspert Qadir İbrahimli bildirib ki, lisenziyaların ləğvinin ölkədəki qiymətlərə təsiri olmayacaq: “Çünki lisenziyalar bir dəfəyə alınırdı. Yəni bu, bir müddət üçün nəzərdə tutulurdu. Lisensiyaların ləğv edilməsi sadəcə olaraq, sahibkarların biznes mühitinin yaxşılaşdırılmasına təsir edəcək. İş adamlarını xərclərdən xilas edəcək. Vergilərin qaldırılması ilə bağlı edilən təklif isə hesab edirəm ki, olduqca yanlışdır. Çünki böhran  dövründə, bütün iqtisadi nəzəriyyələrdə özünü təsdiqləyən bir fikir var ki, bu zaman vergi dərəcələri aşağı salınmalıdır. İş adamlarına müəyyən şərait yaradılmalıdır ki, onlar bu vəziyyətdən çıxa bilsinlər. Vergi dərəcələrinin artırılması, ölkədə biznes mühitinin daha da pisləşməsinə səbəb olacaq. Lisenziyaların ləğvinin ölkədə qiymətlərə təsiri olmasa da, vergilərin artırılması birbaşa bu faktora təsir edəcək. Yəni vergilərin artırılması, ölkədə müəyyən qədər qiymət artımına da gətirib çıxara bilər”.
скачать dle 12.1
Xəbər lenti