Xidmət sektorunda çalışan insanlar niyə istehlakçılarla kobud rəftar edir?

3-11-2015, 00:19
0
Xidmət sektorunda çalışan insanlar niyə istehlakçılarla kobud rəftar edir?

Eyyub Hüseynov: “Bunun bir neçə səbəbi var”

 

Xarici ölkələrdə xidmət sektorunda çalışanlar müştəri ilə elə nəzakətli və mədəni danışırlar ki, insan bu danışıqdan zövq alır. Onlar səbir və təmkinlə istehlakçıların suallarını cavablandırır və bundan bir növ zövq alırlar. Çünki onların işi müştəri ilə təmkinlə, gülərüz və mehriban danışaraq müştərinin məmnuniyyətini təmin etməkdir. Hətta dünyanın əksər ölkələrində müştərilərlə davranış qaydaları barədə dövlət və qeyri-hökumət təşkilatları tərəfindən seminarlar təşkil edilir. Türkiyənin böyük şəhərlərində isə hətta bələdiyyələr bazar satıcılarını pulsuz seminarlara cəlb edərək onlara müştəri ilə necə davranmağı, həm də daha çox müştəri cəlb edib daha çox pul qazanmağın yollarını öyrədirlər. Ölkəmizdə isə, nəinki bazarlarda, hətta reklamları televiziya ekranlarından düşməyən brend ticarət mərkəzləri, mağazalar belə bundan xəbərsizdirlər. Xidmət sektorunda çalışanlar insanlara elə sifət göstərirlər ki, insan nəsə soruşmaq belə istəmir. Məsələn hansısa geyim mağazasına girəndə satıcı arxamızca elə gəzir ki, adam lap özündən şübhələnir. Hələ hansısa bir paltarda bir neçə qüsur tapıb sual verəndə, sonda isə heç nə almayıb çıxanda həmin satıcının əsl sifəti ortaya çıxır. Hətta elə satıcılar olur ki, “heç nə almayasısansa niyə mənə sual verirsən” kimi iradlar da tutur. Bundan sonrakı sifətinin ifadəsi isə çox söz deyir- qarğış, söyüş və sairə. Elə ərzaq mağazalarında da durum fərqli deyil. Belə ki, satıcıdan hansısa ərzağın yerini və ya qiymətini soruşanda adama elə cavab verirlər ki, sualı verdiyinə peşman olursan. Yaxud da maşının hansısa avtomobil dayanacağında saxlayanda orada olan nəzarətçi bəzən özündən dəfələrlə böyük insanla ya “sən” deyə müraciət edir, ya da ki, “qaqaş” deyərək. Bir sözlə, xidmət sektorunda çalışan insanların danışıq mədəniyyəti demək olar ki, yox səviyyəsindədir.
Hansısa restorana və ya çay evinə gedəndə ofisiant gətirdiyi çayı və ya yeməyi stolun üstünə elə atırlar ki, insan özünü ən hörmətsiz insan hesab edir. İrad bildirəndə isə müştəri çox olduğu üçün tələsik iş gördüklərini deyərək özlərinə haqq qazandırırlar, nəinki üzr istəmək.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xidmət sektorunda çalışan insanların istehlakçılarla kobud rəftarının bir neçə səbəbi olduğunu dedi: “İstehlakçılar tərəfindən gələn şikayətlərin təxminən 40 faizi xidmət sektorunda çalışanların istehlakçılarla kobud davranışından qaynaqlanır. Ölkə prezidentinin sahibkarların müdafiəsinə yönəlmiş son fərmanı ilə razıyıq ki, sahibkarlar rüşvətdən azad olunsun. İstehlakçılardan alınan o pullar azalsın. Lakin belə bir vəziyyətdə satıcılar istehlakçılarla kobud rəftar edir. İstehlakçılar buna irad bildirəndə isə deyirlər ki, get hara istəyirsən şikayət et, bizə heç kim irad tutmayacaq. Bunun da bir neçə səbəbi var. Birincisi ölkədə biznes etikası formalaşmayıb və ümumiyyətlə bu yolda bir iş getmir. İkincisi, dövlət birmənalı şəkildə yalnız biznesi dəstəkləyir. Onu hər cür müdafiə edir. Lakin istehlakçılar zəif müdafiə olunur. Onları qoruyan hüquqlar kompleksi çox zəifdir. Üçüncüsü bu sahədə işləyən insanların əksəriyyəti aylıq maaşa işləyirlər. Onların şəxsi dükanları deyil ki, müştərinin məmnuniyyətini təmin etsinlər. Məsəl üçün bir firma var, onun qaynar xətti 120-dir. Zəng edən kimi gəlir istehlakçını götürür malı da götürüb ekspertizaya aparırlar. Nə lazımdırsa, edirlər. Yəni o cür firmalar hətta bütün dövlət orqanlarının qaynar xəttindən yaxşı işləyir. O firma artıq istehlakçı məmnuniyyətini qazanmaq uğrunda iş aparır və üstünlükləri də var. Lakin təəssüflər olsun ki, firmaların, satıcıların təxminən 70 faizi bu barədə düşünmürlər. İstehlakçılarla kobud rəftar edir və istehlakçılarda özlərinə qarşı ikrah yaradırlar. Bu marketlərdə də, xidmət sahəsində də var. Bu böyük bir problemdir”.
Qurum sədri bu istiqamətdəki ən ciddi səbəblərdən birinin də bu sahədə çalışan insanların təhsilsiz olması ilə əlaqədar olduğunu bildirdi: “Ən sonuncu ciddi səbəblərdən biri bu sahədə təhsilin olmaması məsələsidir. Xidmət göstərənlər, satıcılar bu sahədə heç bir təhsilə malik deyillər. Kim az maaşa işləyərsə o adamları bu işə cəlb edirlər. Azad İstehlakçılar Birliyi hazırdır ki, təmənnasız olaraq marketlərdə kurslar keçirsin və orada istehlakçılara necə davranmaq lazım olduğu haqda maarifçilik işi aparsın. Çox təəssüflər olsun ki, nəinki satıcılar biznesin lap böyük sahibləri də istehlakçılarla kobud davranırlar. Bu da Azərbaycana mənfi bir imic yaradan amildir”.   
скачать dle 12.1
Xəbər lenti