Bu gün ANS kanalında Dövlət Neft Şirkəti (ARDNŞ) Prezidenti Rövnəq Abdullayev ölkə Prezidenti İlham Əliyev'in tapşırığı əsasında Azərbaycan'da bütün dini məbədlərə (müsəlman, xristian, yəhudi) qazın pulsuz verildiyini bildirib.
Bunun üzərinə Erkin Qədirli sosiyal şəbəkədən şərh verib. Erkin Qədirlinin şərhini olduğu kimi təqdim edirik:
"R. Abdullayev'in söylədiyi doğrudursa, burada ciddi hüquqi uyğunsuzluq var. Belə güzəştləri Prezident verə bilməz. Belə güzəştlər ancaq qanunla verilə bilər. İşin siyasi və iqtisadi tərəfinə gəlincə, belə güzəştlər ümumiyyətlə verilməməlidir. Burası belə.
R. Abdullayev sözünü burada bitirsəydi, mən bu statusu yazmazdım. Məni yazmağa vadar edən R. Abdullayev'in başqa sözləri oldu. O, dedi ki, Prezidentin tapşırığı əsasında, dini dözümün örnəyi olaraq, Dövlət Neft Şirkətimiz Gürcüstan'da da bütün dini məbədlərə qazı pulsuz verir. Əlavə də etdi: "O cümlədən Erməni Kilsəsinə".
Burada məsələ tamam başqa anlam daşımağa başlayır. Tamam, öz ölkəmizdə, hər nə qədər belə siyasəti doğru saymasam da, yenə anlamaq olar. Başqa ölkədə niyə biz dini məbədlərə qazımızı pulsuz verməliyik? Üstəlik, Erməni Kilsəsinə! Erməni Kilsəsi deyildimi, Anadolu və Azərbaycan Türklərinə qarşı çeşidli siyasətlər yürüdən - pul yığmaqdan tutmuş, silah paylamağa qədər hər cür işlərə girişən? Erməni Kilsəsi deyilmi, Orta Çağlardan bu yana Ermənilərin, pərdəarxası olsa da, əsas diplomatik kanalı olan? Orta Doğu'da casus şəbəkəsini işlətmək üçün Orta Çağlarda Vatikan'ın, çağdaş zamanda isə daha çox Moskva'nın xidmətinlərinə yarayan Erməni Kilsəsi deyilmi? Qarabağ münaqişəsində Erməni Kilsəsinin təşkilati və təbliğati çalışmaları nə tez unuduldu? Erməni Kilsəsinin bircə dəfə də olsa üzr istədiyi oldumu? Niyə Dövlət Neft Şirkətimiz Gürcüstan'dakı Erməni Kilsəsinin məbədlərinə pulsuz qaz verməlidir? Borçalı'dakı soydaşlarımızın xeylisi kəndlərdə hələ də qazsızdır, bizimkilərsə düşmənimizə pulsuz qaz verir.
Birdəfəlik anlamalıyıq ki, Kilsə - Ermənilərin yeganə işlək varolma formasıdır. Ermənilər dövlətsiz yaşaya bilir. Ermənistan'ın durumuna baxılırsa, onlara heç dövlət də gərək deyil. Amma Ermənilər kilsəsiz yaşaya bilməz. Tarixləri belə gətirib. Bizə qarşı düşmənçiliyi oyadan və yayan da Erməni Kilsəsi olub. Gürcüstan'da Erməni Kilsəsinə pulsuz qaz vermək dini dözümün olduğunu deyil, milli təəssübkeşliyin olmadığını göstərir".
qaynarxeber.org