Ömürlük məhbusları nə gözləyir?

18-11-2015, 05:47
0
Ömürlük məhbusları nə gözləyir?

Gürcüstan və Ermənistan ömürlük məhbusların cəzalarını illə əvəzləyiblər, bəs Azərbaycan?

 

Azərbaycan həbsxanalarında yüzlərlə ömürlük məhbus var. Hazırda onların azadlığa çıxmaları tunelin sonunda görünən işığa bənzəyir. 1998-ci ildə ölkəmizdə ölüm hökmü ləğv olunduqdan sonra cəzaları ömürlük həbslə əvəz olunan bu şəxslər indiyə qədər dəfələrlə əfv üçün ölkə rəhbərliyinə müraciət etsələr də, hələ də həbsxana divarları arasındadırlar. 


Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilərkən, ömürlük məhbusların bir hissəsinin azadlığa buraxılacaqlarına ümidlər artmışdı. Lakin keçən 14 il bu ümidləri tamamən alt-üst etdi. Bəzi ömürlük məhbuslar barəsində onlara verilən hökmə yenidən baxılması üçün Avropa Şurasının onların işini geri qaytarması da nəticəsiz qaldı. Azərbaycan məhkəmələri əvvəlki hökmləri qüvvədə saxladılar. Bir faktı qeyd etmək kifayətdir ki, Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycan ömürlük məhbusların cəzalarını başqa cəza ilə əvəzləməyib. Gürcüstan və Ermənistan ömürlük məhbuslarının cəzalarını 15 illə əvəz ediblər. Azərbaycanda da bu tərzdə qərar verilsə, çox güman ki, əksər ömürlüklər anındaca azad edilərlər. Çünki onların əksəriyyətinin cəzaları hətta  20 ili ötən də var. 


Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ömürlük məhbusları daim diqqətdə saxladığımıza görə “Yeni Müsavat”a təşəkkür etdi: “Təşəkkür edirəm ki, unudulmuş bir məsələni həmişə olduğu kimi, yenidən siz gündəmə gətirdiniz. Açığı ömürlük məhbusların unudulması barədəki fikirlərinizdən utandım. Hüquq müdafiəçisənsə, heç nəyə biganə qalmamalısan. Haqqı müdafiə olunmayan insanların yanında olmaq bizlərin borcudur. Bu şəxslərin içərilərində elələri var ki, ömürlük cəzanın verilməsi doğru deyil. Onların işlərinə yenidən baxılmalıdır. Onsuz da bu şəxslər 15-20 ildə cəmiyyətdən təcrid olunublar. Onlar üçün ən müqəddəs varlıqlardan belə təcrid olublar. Kifayət qədər cəzalarını çəkiblər. İstənilən sahə ilə məşğul olan hüquq müdafiəçisinin bu məsələni gündəmdə saxlamağı borcudur. Onlar unudulmamalıdır. Ədliyyə Nazirliyi bu məsələni daim diqqətdə saxlamalıdır. Artıq neçə illərdir ki, ömürlük məhbuslar barəsində telekanallarda belə məlumat getmir. Utandırıcı haldır ki, xarici kanallarda bu məhbuslar barədə verilişlər verilir. 15 il cəzasını çəkən istənilən məhbusun buraxılma şansları var”.


Hüquq müdafiəçisi ilin axırının olduğunu nəzərə alaraq, ömürlük məhbusların bir qisminin azad edilməsinin vacibliyini vurğuladı: “Ən yaxşısı o olardı ki, bu məhbusların az cinayət törətmiş hissəsinin ya işinə yenidən baxılardı, ya da cəzaları illə əvəzlənərdi. Onların bəzilərinin günahsız həbs olunmaları barədə zaman-zaman cəmiyyətdə xəbərlər dolaşıb. İndi həmin şəxslərin azad edilmələri, yaxud işlərinə yenidən baxılmaları insanlıq olmazmı? Növbəti əfvdə onlar barəsində düşünülüb, addımlar atılması sadəcə ölkəmiz adına müsbət olardı”.

M.Qəhrəmanlı hüquq müdafiəçilərinin ömürlük məhbusların üzərlərindən cəzalarının götürülməsi üçün görməli olduqları işlərdən də söz açdı: “Hüquq müdafiəçiləri bu sahədə yüksək informasiya mənbəyinə sahib olmalıdırlar. Ölkəmizdə keçirilən məhkəmələrin hamısının şəffaf olması təbii ki, doğru deyil. Ömürlük məhbusların ailə üzvləri bu məsələdə daim aktiv olmalıdırlar. Onların tam günahsız olduğunu, yaxud əskini deyə bilmərəm. Bağışlana biləcəkləri amillər ortada olmalıdır. Əsas maddələr, faktlar onların ailələrində və vəkillərindədir. Bu faktlar ortaya çıxarılmalıdır. Bütün bunlar üçün iş, enerji lazımdır. Onların bu cəzaları almaları başqa məsələdir. Hazırda bu cəza üzərlərindədir. Sadəcə barələrində məhkəmə qərarları var. Susqunluq onların qohumlarında ümidsizlik yaradıb. Bu mənfi haldır. Cəmiyyətimizin təmizlənməsi üçün hamımız birlikdə çalışmalıyıq”.

Qeyd edək ki, ömürlük məhbusların azad edilmələri halları indiyə qədər dəfələrlə olub. Təkcə Sürət Hüseynov, Əlikram Hümbətov və Rəhim Qazıyevi qeyd etmək kifayət edər...


Cavanşir ABBASLI
Musavat.org
скачать dle 12.1
Xəbər lenti