Və ya “çəlimsiz sarı oğlan”ın sürətli yüksəliş hekayəsinin bilinməyənləri
Mark Zükerberq barədə bilinməyənlər, gizli detallar, biznes sirləri
“Allah Markın canını sağ eləsin. O olmasaydı, xəbər tutmayacaqdıq ki…” Səmimi olun, gündə neçə dəfə bu tipli cümlələr qurursuz? Sosial şəbəkə həyatımıza girəndən, daha doğrusu, həyatımızın mərkəzində yerləşəndən bəri bütün yaşantımızı da əsir alıb. Sevincimizi, kədərimizi, mübahisələrimizi… orda yaşayırıq. Doğmalarımızın ad gününü unudanda Markın facebooku bizə xatırladır, yaxınlarımızın şad və ya bəd günündən burda xəbər tuturuq. Belə baxanda da, adidən də adi, sarısaç, sısqa bir oğlandır. Milyonları öz ətrafına necə toplayıb bəs? Xüsusən də son günlər atdığı fərqli addımların fonunda dünya ona daha çox maraq göstərir…
HƏR ŞEY ATASININ SAYƏSİNDƏ BAŞLAYIB
Musavat.org sizə facebookun yaradıcısı, 31 yaşında 45 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanları siyahısına girmiş Mark Zükerberqin həyat hekayəsini təqdim edir.
Mövzunu daha çox aktual edən isə onun bu günlərdə verdiyi nəcib qərardır. Mark Zükerberq həyat yoldaşı Pristsilla Çanla xeyriyyə məqsədilə şirkət üzrə səhmlərinin 99 faizini ianə edəcək.
Bu barədə Zukerberq özü Facebookdakı hesabında məlumat paylaşıb. Məlumata görə, Zukerberq Maks adlı qızının dünyaya gəlməsi münasibətilə, mülkiyyətinin böyük hissəsini “dünyanı daha yaxşı” etmək üçün "Çan-Zukerberq Təşəbbüsü" adlı xeyriyyə fonduna hədiyyə edib. Facebook təsisçisinin dediyinə görə aktivlərin ümumi məbləği nə az, nə çox düz 45 milyard dollara yaxındır.
O bildirib ki, "Çan Zukerberq Təşəbbüsü"nün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək. Zukerberq övladının doğulması ilə bağlı 2 aylıq məzuniyyətə çıxdığını bildirib.
14 may 1984-cü ildə Nyu Yorkdan bir qədər kənardakı Dobbs Ferridə böyüyüb. Anası psixiatr, atası isə stomotoloqdur. Markın 3 bacısı var. Məktəbdə də olduqca uğur qazanmış bir məktəbli idi. Çoxlu sayda mükafat qazanıb. İlk proqramını 11 yaşında yazıb. Atasının ona öyrətdiyi Atari BASIC proqramı ilə Zucknet adlı bir mesajlaşma proqramı yaradıb. Və bunu edəndə orta məktəbdə oxuyurdu. Hətta ailəsi də evin içində ünsiyyət üçün Zucknetdən istifadə edirdi. 1990-cı illərdə isə bu sahə üzrə mütəxəssis olan David Nevmandan xüsusi dərs alıb. Zükerberq əyləncə üçün ancaq dostları ilə oynayacağı computer oyunları yaradıb.
UNİVERSİTETİ NİYƏ TƏRK EDİB?
Amerikanın ən vacib universitetlərindən olan Harvard Universitetin girib və komputer texnikasını oxuyub. Universitetin ilk ilində oxuduğu ali təhsil ocağının ən yaraşıqlı oğlan və qızlarının seçilə bildiyi "Facemash" adlı bir internet saytı qurub. Məqsədinə çatmaqdan ötrü o universitetin məlumat bazasını hack edib. Məlumat bazasını "hack" edildiyi bəlli olduqda sonra Zükerberq intizama cəlb olunduğundan universiteti tərk etməli olub.
O, Harvardlı tələbələri internet üzərində görüşdürmək üçün ikinci saytı olan Facebooku yaradıb. Facebook, 18 ay ərzində ABŞ-ın ən böyük dostluq saytlarından birinə çevrilərək, sərmayəçilərindən marağını özünə çəkməyə başlayıb.
4 Fevral 2004-cü il tarixində qurulan facebook, əvvəlcə Harvard universitetinin tələbələri üçün yaradılsa da, daha sonra Boston ətrafında yerləşən məktəbləri də özünə cəlb edərək, iki ay ərzində Ivy Ligi məktəblərinin hamısını tamamilə əhatə edib.
Artıq ilk illər ərzində Amerika Birləşmiş Ştatlarının bütün məktəblərində facebook mövcud idi. İstifadəçilər əvvəllər yalnız məktəbin e-mail ünvanı ilə (.edu, .ac. uk və s.) qeydiyyatdan keçə bilərdi. Daha sonralar sosial şəbəkəyə bəzi böyük şirkətlər də daxil olmağa başladı. 11 sentyabr 2006-cı il tarixində isə Facebook bütün e-mail ünvanlardan (bəzi yaş məhdudiyyətlərini nəzərə almaqla) istifadəyə icazə verdi. İstifadəçilər istədikləri yerdən; məktəbdən, universitetdən, iş yerindən ya da yaşadığı yerdən Facebooka dərhal daxil ola bilirdilər. 2007-ci iyul ayında Facebook 34 milyon istifadəçisi ilə dünyanın ən böyük Universitet əsaslı istifadəçilərinə malik olan saytı oldu.
Alexa statistikasına görə Facebook 20 Oktyabr 2007-ci ildən etibarən dünyanın ən çox ziyarət edilən 1-ci saytıdır.
Sayt istifadəçilərə tamamilə ödənişsiz xidmət göstərərək öz gəlirini reklam bannerlərindən və sponsor təşkilatlardan götürür .
7 MİLYONLUQ EVDƏ YAŞAYIR
2010-cu ildə Time jurnalı tərəfindən ilin adamı seçilən Zuckerberq eyni zamanda son 6 ildə də Forbes jurnalının hazırladığı “Dünyanın ən varlı 20 adamı” siyahısında da yer alır. Amma dünyanın digər varlılarından fərqli olaraq Mark pulunu yaxtalara, lüks maşınlara və ya kefə xərcləmir. O, pulunu daşınmaz əmlak almaqla dəyərləndirir. Qara rəngli bir Volkswagen Golf GTI sürür. Doğrudur, Zuckerberq hələlik bir özəl adaya sahib deyil. Amma Havayda 750 hektarlıq bir ərazisi var. Cütlüyün yaşadığı ev 7 milyon dollar dəyərindədir. Cütlük evlərinin ətrafındakı dörd evi də yaxın zamanda satın alıb. Böyük bir sərvətə sahib olmasına baxmayaraq, Zuckerberq geyim tərzini heç vaxt dəyişmir. Sadə köynək və cins şalvar onun ən favorit geyimi sayılır. Onu dəst kostyumda gördüyümüz vaxtlar isə çox azdır. Bu, cəmi iki dəfə olub – biri toyunda, digəri isə ABŞ prezidenti Barak Obama ilə görüşündə.
Maraqlıdır ki, bu gənc ildə simvolik olaraq sadəcə bir dollar maaş alır. Facebook tərəfindən açıqlanan illik hesabatında məlum olub ki, Mark Zükerberq 2013-cü ildə şirkətdən sadəcə bir dollar maaş alıb. Zükerberq aldığı maaşın məbləğinə görə vəfat edən “Əpl”in qurucusu Stiv Cobs ilə rəqabətdədir. Stiv də demək olar ki şirkətdən heç pul almayıb.
NİYƏ EYNİ KÖYNƏYİ GEYİNİR…?
Maraqlıdır ki, ona geyimi ilə bağlı sualı jurnalistlərlə görüşü zamanı da veriblər. “Niyə hər gün eyni köynəyi geyinirsiniz?” sualı isə Zukerberqin diqqətini cəlb edib. O, eyni boz köynəyi geymək vərdişi ilə əlaqədar olduqca ciddi bir cavab verib. "Həyatımı işimə ən yaxşı şəkildə xidmət edə biləcəyim, digər hər şey haqqında ən az seçim etmək məcburiyyətində qalacağım şəkildə sadələşdirmişəm. Geyinmək və naharda nə yemək seçmək kimi kiçik şeylər yorucudur, zaman itkisinə yol açır Hər səhər oyanıb bir milyard insana xidmət etmək imkanı olan şanslı adamam. Həyatımda belə axmaq və ya mənasız şeylərə enerji xərcləməklə işimi görə bilmərəm”, - deyə Zükerberq bildirib.
AYAQYOLU SIRASINDA TANIŞ OLAN CÜTLÜK
Zuckerberqin həyat yoldaşı Priscilla Chan isə 30 yaşındadır. Ailəsi Çin və Vyetnamdan köçüb. Müəllimə, eyni zamanda pediatrdır. Priscilla və Mark Harvardda oxuduqları zaman uzaqdan tanış idilər. Amma bir ev partisində ayaqyolu növbəsi gözləyərkən daha yaxın tanış olublar. Zuckerberq universiteti atsa da, qız oxumağa davam edib və həkim olub. Amma hazırda yardım fəaliyyətləri ilə məşğuldur. Cütlüyün eyni zamanda puli cinsi bir iti var. Adı Beast, yəni, canavar. Zuckerberq itini çox sevir, şəxsən özü qulluq edir. Hətta həyat yoldaşı Priscilla deyir ki, iti onun üçün Facebookdan sonrakı ən önəmli məşğuliyyətidir. Priscilla etiraf edir ki, o, Mark üçün üçüncü sırada gəlir – facebookdan və itindən sonra. Zuckerberq bu sevgisinə görə hətta facebookda Beast adına bir heyran səhifəsi də açıb.
QIZI ÜÇÜN ATALIQ MƏZUNİYYƏTİNƏ ÇIXDI
Bir ay öncə isə Mark Zükerberq açıqladı ki, iki ay müddətinə feysbukdakı fəaliyyətində fasilə vermək qərarına gəlib. Özünün şəxsi feysbuk səhifəsində bu barədə məlumat verən Zukerberq 2 aylıq atalıq məzuniyyəti götürmək haqda qərar qəbul etdiyini qeyd edib.
"Prisilla və mən qızımızın gəlişi üçün hazırlaşmağa başlamışıq. Biz sevimli uşaqlıq kitablarımızı və oyuncaqlarımızı da onun üçün seçmişik. Onun həyatının ilk ayı ərzində işə fasilə vermək niyyətindəyik. Bu, şəxsi qərardır. Mən 2 aylıq atalıq məzuniyyəti hüququmdan istifadə etmək niyyətindəyəm. Araşdırmalar göstərir ki, işləyən valideynlərin yeni doğulan körpələri üçün vaxt ayırması daha xeyirlidir".
Markın sözlərinə görə, feysbuk 4 aylıq analıq məzuniyyəti üçün müavinət ödəyir. Eyni zamanda şirkətin kişi personalı da atalıq məzuniyyəti götürmək hüququna malikdir.
"Həyatımızda növbəti mərhələyə başladığımız üçün çox sevinirik" - deyə gələcək ata duyğularını bölüşüb.
BU, ONUN BİZNES QAYDALARIDIR
Aşağıda yazacaqlarımız isə Mark Zükerberqin biznes qaydalarıdır. O, proqramçı, ideya, risk və pul haqqında aşağıdakı fikirləri açıqayıb:
• Həmişə "Facebook"-u faydalı etmək barəsində düşünmüşəm.
• Bir gecədə tonlarla kod?! Bəli, nəticə məhz budur.
• "Facebook" şirkətə çevrilmək üçün deyil, sosial missiyanı yerinə yetirmək üçün yaradılıb: bir-birindən uzaq məsafədə yaşayan insanları bir-birinə daha da yaxın etmək.
• Bir şeyi ki dostlarınızla, ailənizlə istifadə edirsiniz, bu zaman ona daha da güclü bağlanırsınız.
• Sosial şəbəkələr dostluğa alternativ yox, onun davamıdır.
• "Facebook" sosial şəbəkəsi ilə bağlı çəkilmiş filmdə hər şey həqiqətdə olduğu kimi göstərilməyib. Əslində "Facebook"-un tarixi çox darıxdırıcıdır. Biz sosial şəbəkənin kodunu 6 il müddətində yazmışıq. • Biznesdə ən əsas odur ki, fikirlərini yaratmaq istədiyin şey üzərində cəmləyəsən. Mən sadəcə özüm də istifadə etmək istədiyim layihə üzərində işləmişəm.
• Əməkdaşlarımız bizim komandanın bir hissəsi olmalarından qürur hissi keçirir. Bu yalnız şirkət deyil, bir kainatdır. • Reklamı xoşlamasaq da, lakin o, bizə hesablarımızı ödəməyə imkan verir.
• "Facebook" daha çox hökumət təşkilatına oxşayır. Biz böyük sayda insan cəmiyyəti ilə işləyirik və daxili siyasətimiz haqqında ciddi düşünməliyik.
• Biz hər bir insana fikrini bildirmək, deməli, hakimiyyət vermişik. Bu andan etibarən köhnə sistemin fəaliyyətinə xitam verilib.
• Mən "Facebook"-un yalnız Amerika şirkəti olmasını və dünyada yalnız amerika dəyərlərini təbliğ etməsini istəmirəm. Məsələn, "söz azadlığı" deyilən bir anlayışı biz çox sevirik və "Facebook"-da ona hər cür dəstək veririk, lakin hər bir ölkə bu ifadəni müxtəlif mənada başa düşür. Buna görə də mənim üçün ən əsası müxtəlif ölkələrdə yaşayan insanların düşüncə tərzini anlamaq və "Facebook" sosial şəbəkəsinin mədəniyyətlərin müxtəlifliyinə qarşı son dərəcə həssas olmasını təmin etməkdir.
• Düşünürəm ki, gələcəkdə proqramlaşdırma elementləri ilə təkcə proqramçılar deyil, hər bir kəs məşğul olacaq.
• Serverlərə ehtiyac qida kimidir. Əgər müəyyən müddət yeməksiz qalmaq mümkündürsə, lakin kifayət qədər məhsuldarlığa malik olmayan serverdə yerləşdirilmiş sayt sadəcə işləməyəcək.
• "Facebook" son dərəcə yaxşı təcrübədir, mənim sadəcə bəxtim gətirib. Lakin kollecdə oxumadığıma çox peşmanam. Orada sən bildiyindən daha çox öyrədirlər.
• Silikon vadisində bir çoxları şirkətlərini onların nə işlə məşğul olacağını düşünmədən yaradıb. Məgər belə olar? Dünyaya faydalı nəsə təklif etmək ideyasından başlamaq, sonra isə bunun əsasında şirkət yaratmaq lazımdır.
• Kiçik biznes yaratmaq üçün iki şey mühümdür. Birincisi, yaxşı proqramçılara malik olmaq və ideyası olanları öyrətmək, ikincisi isə bu ideyaları həyata keçirməkdir.
• Mən ümumiyyətlə reklama, xüsusilə "axmaq" reklama nifrət edirəm.
• Sənaye və digər istənilən biznes bir neçə il sonra mobilləşəcək, bu qaçılmazdır.
• Çətin ki, "Facebook" kimi ideya bir də ağlıma gələ.
• Ən böyük risk odur ki, heç bir risk etməyəsən. Müasir dünyamızda hər şey sürətlə dəyişir, uğursuzluğa düçar olan yeganə strategiya risk etməməkdir.
• Mən yalnız öz biznesimi necə qurmaq və onu möhkəmləndirmək barəsində düşünürəm. Ümid edirəm ki, bizim işimiz daha maraqlıdır. Biz işimizlə məşğul olmaqdan sadəcə zövq alırıq. Heç vaxt şirkəti satmaq barəsində düşünməmişəm.
• Məgər mən pula ehtiyacı olan insana oxşayıram?
скачать dle 12.1