Azərbaycanın Hollandiyadakı keçmiş Konsulu, "üsyankar konsul" Nahid Cəfərov Azərbaycan diplomatlarına müraciət edib.
Əziz diplomatlar,
Sizləri mənim qədər kimsə yaxşı tanıya bilməz, çünki mən də 2-3 ay əvvəl sizlərlə çiyin çiyinə çalışırdım. Mən də rüşvət almırdım, mən də Niderlandda yaşayan Azərbaycanlıların üzləşdiyi yüzlərlə problemləri həll etməyə çalışaraq, dövlətə, vətənə və onun əhalisinə xidmət etdiyimi düşünürdüm.
Lakin, indi belə düşünmürəm. İndi düşünürəm ki, xalqı diri-diri yandıran, onu intihara sövq edən, körpə Azərbaycan balalarını ac sağlayan, yaşlı babalarımızı, nənələrimizi aciz bir duruma gətirərək qarşısında sındıran bu hökümətin ömrü məhz biz vicdanlı insanların təmiz fəaliyyəti hesabına uzanır. Məhz bizlərə görə bu hökümətin haçansa düzələcəyi ilə bağlı insanlarda yalançı ümidlər yaranır və bu da insanları mübarizə aparmaqdan çəkindirir. Buna görə xalqımdan dönə-dönə üzr istəyirəm.
Axı, mənim kimi siz də bilirsiz ki, bu hökümət içindən çıxdığımız xalqı deyil, yalnız özünü və öz övladlarını düşünür və bu cür hökümətlər və onlara istənilən halda xidmət edənlər yalnız tarixin qara səhifələrinə satqın kimi yazılırlar. Bu cür hökümətlər heç vaxt düzəlmirlər və tarix onları heç vaxt bağışlamır.
Siz özləriniz də əminsiz ki, hökümət xalqa divan tutur və xalqın qanını su kimi axıdır. Əksəriyyətinizin vicdanlı ailələrdən olduğunu və vətən sevgisi ilə yanan qəlbə sahib olduğunuzu bilirəm. Ona görə bütün bunları yazıram. Bunu da bilirəm ki, hamınız bu yazını oxuyacaqsız və oxuyarkən, sizdən xahiş edirəm, özünüzə bu sualı verin: Mən buna görəmi diplomat oldum? Mən ona görə diplomat oldum ki, xalqın qanına bulanmış hökümətin əlini xaricdə gecə gündüz yumaqla məşğul olum? Axı mən bu xalqın və bu vətənin övladıyam. Biz diplomatlar diplomatiyanı əsasən tarixi şəxsiyyətlər üzərindən öyrənirik və bilirik ki, tarixin qəhrəmanlıq səhifəsinə yazılan diplomatlar qəddar rejimə xidmətə görə deyil, xalqın və millətin maraqlarını müdafiə etdiklərinə görə tarixə qəhrəman kimi düşüblər. Bəs siz nə düşünürsüz?
İstefa vermiş Zərdab Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışan, qəhrəmanlığını mənimlə bərabər bütün Azərbaycan xalqının alqışladığı, qısa müddət ərzində təkcə Zərdab rayonunun deyil, bütün Azərbaycanın fəxrinə çevrilən Rüfət Səfərovun sonuncu bəyanatını oxuyurdum. Orda mənə çox tanış olan bir fikirlə rastlaşdım: “Bir bilsəniz, bir anın içində içim necə rahatlandı, dünyanın ən bəxtəvər inasanına çevrildim. Çünki AZAD oldum!!!” Bəli, bu yazımla sizi də o müqəddəs hissi yaşamağa çağırıram. Əmin olun ki, əgər o hissi indi yaşamasaz, bu rejimin çökməyinə dəstək olmasaz, ac-yalavac gecəsini gündüzünə qatan o zavallı insanlara, körpələrə dəstək olmasaz AZADLIQ hissini bir daha yaşamayacaqsız və satqın damğasıyla damğalanmağa ən layiqli namizədlər olacaqsız. Onda sizi kimsə dinləməyəcək və sizin “mən rüşvət almırdım” deməyiniz də kimisə maraqlandırmayacaq.
Yox, əgər millətin ac olduğuna, körpələrin aclıq içində yaşadıqlarına inanmırsızsa onda özünü intihar edənlərin sayına baxın. Körpəsini ac görən ata çarəsiz qalaraq yalnız intiharı düşünür. Çünki atam da bunu mən məktəbli olanda düşünmüşdü, ondan bilirəm. Bugün sizlər milləti intihar həddinə çatdıran insanları müdafiə etməklə onlar qədər günahkarsız. Hər dəfə özünü yandıran, intihar edən Azərbaycanlı görəndə bilin ki, onun yanmağında, körpələrinin valideynsiz qalmasında sizin də günahınız var. Yaxınlarınız sizi bağışlasa da, bu xalq və Allah sizi bağışlamayacaq. Lakin, ən acınacaqlı hal budur ki, müdafiə etdiyiniz rejimin qurucuları xaricdə aldıqları bahalı malikanələrdə həyatlarını satqın kimi davam etdirəcəklər, siz isə bir ömür boyu üzü kölgəli və bu millətin qınaq obyekti olaraq yaşayacaqsız.