“Femina” xəz dəri qalereyası haqqında ŞOK MƏLUMATLAR

8-02-2016, 22:04
0
“Femina” xəz dəri qalereyası haqqında ŞOK MƏLUMATLAR

Çin istehsalı olduğu bildirilən məhsullar vətəndaşlara necə sırınır?

Azərbaycanda xəz dərilər son illər qadınların ən çox istifadə etdikləri üst geyiminə çevrilib. Tələbat artdığından paytaxtımızda xəz dəri qalereyalarının da sayı günbəgün artmaqdadır. Bu barədə bir qədər sonra danışacağıq. Aparılan araşdırmalar nəticəsində məlum olur ki, dünyanın iqlim cəhətdən soyuq olan ölkələrində qadınların xəz dəriyə olan marağı Azərbaycandakı kimi yüksək deyil. Müxtəlif xəzlərin heyvanların amansızcasına öldürülməsinin müqabilində hazırlandığını başa düşən əcnəbi xanımlar onları geyinməkdən imtina edirlər. Bizdə isə vəziyyət fərqlidir. Qadınların bir çoxu bir-birinin bəhsinə «şuba» alırlar. Amma onlar nə qədər yanlış etdiklərinin, eyni zamanda aldıqları malların keyfiyyətli olub-olmamasının fərqində deyillər. Vətəndaşlara İtaliya, Amerika və Yunanıstan istehsalı olan xəz dəri geyimləri təklif edən «Femina» xəz dəri qalereyasının fəaliyyəti ilə bağlı redaksiyamıza tükürpədici faktlar daxil olub. Məlumatda bildirilir ki, müxtəlif telekanallarda geniş şəkildə reklamı aparılan «Femina»nın müştərilərinə təklif etdiyi məhsulların keyfiyyəti şübhəlidir: «Bu firmanın mağazalarında satışa çıxarılan xəz-dəri çeşidlərinin İtaliya, İspaniya, Almaniya, Yunanıstan, Amerika, Kanada, Rusiya, Finlandiyanın təbii xəz və dəri fabriklərində hazırlandığı iddia olunur. Halbuki, «Femina»nın əsas idxal bazarı Çindir. Sadəcə, qalereyanın sahibləri Çinin ucuz xəzini 50-60 min manata müştəriyə sırımaq üçün işlərini əvvəldən möhkəm tuturlar. Məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır. Bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır.

Bir il tamam olandan sonra isə kürklərin tükü tökülməyə və məhsulun daxili hissəsində fəsadlar yaranmağa başlayır. Elə brend şirkətlər var ki, Çində onların saxta variantları məharətlə hazırlanaraq satışa çıxarılır. Bir mövsüm geyməmiş bu kürklərin rəngi solur, tükləri tökülür. Çin istehsalçıları yüksək keyfiyyətli Avropa mallarını imitasiya edə bilirlər. «Femina»da satılan məhsulların böyük əksəriyyətinin keyfiyyəti aşağıdır. Bu isə həmin malların Çində hazırlanmasına sübutdur. Burdan mal alan xanımlar qısa müddətdən sonra peşman olurlar. Alıcılar «Femina»da satılan malların görkəminə aldanırlar.

Amma ilk növbədə malların keyfiyyətinə diqqət yetirmək lazımdır. Həmçinin xəz-dəri qalereyasında satışa çıxarılan məhsulların qarşılığında alıcılara sertifikat verilmir. «Femina»da qiymətlər yüksək, keyfiyyət isə olduqca aşağıdır». İddialara görə, sözügedən mağazalarda satılan məhsullar təbii xəzlərə oxşadılan xovlu toxuculuq məmulatı, trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır: «Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça süni xəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olar ki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan, poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir».

Məlumatlı mənbə onu da bildirir ki, «Femina» xəz dəri qalereyasında ay ərzində külli miqdarda gəlir əldə olunsa da, dövlətə istənilən səviyyədə vergi keçirilmir: «Ölkə başçısının məlum fərmanından sonra sahibkarlıq subyektlərində yoxlamalar iki il müddətinə dayandırılıb. Bundan istifadə edən qalereya rəhbərliyi bəzi qanunların tələblərini pozaraq müəyyən miqdarda vəsaiti dövlət büdcəsindən yayındırır. Araşdırma aparılsa məlum olar ki, «Femina»nın satış mağazasında işləyən satıcıların bir neçəsinin əmək müqaviləsi yoxdur». Gələn saylarımızda «Femina»dan xəz alan bəzi xanımların şikayətini diqqətinizə çatdıracağıq.
Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq. (gundelik-baku.org)

скачать dle 12.1
Xəbər lenti