Eldar Sabiroğlundan Şirməmməd Hüseynova açıq məktub

7-09-2015, 05:58
0
Eldar Sabiroğlundan Şirməmməd Hüseynova açıq məktub

Sabiq millət vəkili Eldar Sabiroğlu Professor Şirməmməd Hüseynova açıq məktubla müraciət edib. Həmin müraciəti moderator.az-a istinadən oxucuların diqqətinə çatdırırıq: “Hörmətli Şirməmməd müəllim! Həyatda şəxsi görüşümüz olmasa da, sizin elmi və tarixi tədqiqatlarınıza azdan-çoxdan bələdəm, yaradıcılığınıza xüsusi dəyər verirəm.

Sizə necə müraciət etmək barədə çox düşünüb-daşındım. Lakin sonra belə qərara gəldim ki, elə bu tərzdə müraciət etməyim yerinə düşər. Sizin görkəmli xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı geniş müsahibənizlə tanış oldum və bəzi məqamlara birlikdə aydınlıq gətirməyi vacib saydım. Bəri başdan deyim ki, Azərbaycan tarixinin mükəmməl araşdırıcısı olaraq sizinlə dərin mübahisəyə girişmək niyyətim yoxdu. Ancaq inanıram ki, müsahibənizdən aldığım təəssüratlara və bu təəssüratlardan doğan qeydlərimə təmkinlə yanaşaraq məni şirin Şəki ləhcəsində acılamayacaqsınız.

B.Vahabzadə ilə dostluğunuz, onun Azərbaycan ədəbi və ictimai tarixində yeri və əhəmiyyəti barədə söylədiklərinizlə tamamilə razıyam. Ancaq bəzi məsələlərdə irəli sürdüyünüz fikirlər istisna olmaqla. Bu haqda bir qədər sonra danışacağıq.

Həqiqətən, B.Vahabzadə istedadlı və təkrarsız şair olmaqla bərabər, həm də böyük vətənpərvər, millətinə, söy-kökünə son dərəcə bağlı bir şəxsiyyət kimi xatirələrimizdə yaşayır. O təpədən-dırnağadək türkçü idi və bu ideyanı bütün yaradıcılığı boyu çiyinlərində daşıdı. Ən təhlükəli anlarda belə bu yoldan dönmədi, əksinə, etiraz səsini daha da ucaltdı.

Mətləbdən uzaqlaşmadan sizin bəzi təzadlı fikirləriniz üzərində dayanmağı vacib sayıram. Şirməmməd müəllim, qeyd edirsiz ki, görkəmli şairimiz B.Vahabzadənin yubiley tədbirləri sönük keçir. Və bir suala belə cavab verirsiniz ki, B.Vahabzadənin simasında ikinci şəxsiyyətə pərəstiş mümkün deyil. Bağışlayın, Şirməmməd müəllim, bununla razılaşa bilmərəm. Çünki yanaşmanızı olduqca qüsurlu və zərərli hesab edirəm. Nə demək istədiyinizi anlamaq o qədər də çətin deyil: hədəfdə Heydər Əliyevdir. Siz əvvəllər də H.Əliyevin tənqidilə az məşğul olmamısız, lakin bunun qarşılığında hər hansı təqibə də məruz qalmamısız. Əksinə, onun siyasi varisi prezident İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilmisiz. Övladınız isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilib…

Əslində Azərbaycan tarixində müqayisəyə gələ biləcək ikinci bir şəxsiyyət yoxdur ki, Heydər Əliyev qədər xalqına bağlı olsun. Bu mənada ümumxalq sevgisi qazanmış Heydər Əliyevə pərəstişin, siz qəbul etməsəz də, heç bir qəbahəti yoxdur. Bir türk oğlunun sovetlər ittifaqının zirvəsinə yüksəlməsinə nədən bu cür yanaşırsınız, anlaya bilmirəm. Mən sizə tarixi bir faktı xatırladacağam. İndi başına bombalar yağdırılan və vətəndaş müharibəsinə sürüklənən Suriyada 70-ci illərin sonunda dövlət çevrilişi təhlükəsi yaranmışdı. Riad Əsəd qardaşı Hafiz Əsədə qarşı üsyan qaldırmışdı. Sovet hökuməti Suriyanı bu təhlükədən sovuşdurmaq üçün siyasi büronun önəmli şəxslərini bir-neçə dəfə oraya göndərsə də, nəticə əldə edilməmişdi. Sonda şəxsiyyətə pərəstişdə günahlandırdığınız və o zaman Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd olan Heydər Əliyevin Suriyaya ezam edilməsi qərara alınır. Beləliklə, zəngin təcrübə sahibi olan H.Əliyevin 4 saat H.Əsədlə söhbəti olur. Həmin vaxt Suriya prezidenti yataqda xəstə idi. Səhərisi gün isə onun Riad Əsədlə 8 saatlıq görüşü keçirildi. Nəhayət, danışıqlar öz bəhrəsini verir. İki gün sonra R.Əsəd H.Əliyevə bildirir ki, ölkəni tərk etmək istəyir. R.Əsəd Londona, H.Əliyev isə böyük qalibiyyətlə Kremlə dönür. Bəlkə də, Şirməmməd müəllim, bu tarixi faktı açıq məktubumda xüsusi vurğulamağımı düzgün qəbul etməyəsiniz. Bu sizin öz işinizdir. Amma belə bir şəxsiyyətə necə pərəstiş etməyəsən. Onu da qey edim ki, ikinci pərəstişlə bağlı məntiqinizi bu cür qərəzli şəkildə meydana qoymağınız başadüşülən deyil. Nədən siyasətçi ilə şairi müqayisə etməyinizi anlamaq çətindir… Şairin yubiley tədbirləri ərəfəsində, bayaq qeyd etdiyimiz kimi, müəyyən sükutun olmasını da gətirib yuxarıların münasibətilə bağlamaq cəhdiniz açıq-aydın hiss olunur. Bəxtiyar müəllimin Şəkidəki evinin – uşaq bağçasının bərbad vəziyyətdə olduğunu yana-yana dilə gətirirsiniz. Əlbəttə, bu biganəliyi, diqqətsizliyi qəbul etmək mümkün deyil. Bu mənada sizinlə tam razıyam. Yerli hakimiyyətin gözü qarşısında bu cür münasibətin baş verməsi heç bir çərçivəyə sığmır. Axı elə şeylər var ki, onu səmimiyyətlə ifadə etmək gərəkdir. Bu çərçivəni aşanda, sözün doğrusu, ortaya qərəzli münasibət çıxır.

Baxın, dövlət rəhbərliyinin B.Vahabzadənin yubiley tədbirlərinin keçirilməsi haqqında sərəncamı var. Məncə, yeli hakimiyyət orqanları və ya mərkəzi icra strukturlarının məsuliyyətsizliyini birbaşa dövlətin adına yazmaq, razılaşın ki, ziyalılığa o qədər də uyğun gəlməyən yanaşmadır. Bununla belə, razıyam ki, yubiley tədbirləri B.Vahabzadənin yaradıcılığını ehtiva edən yüksək səviyyədə keçirilməlidir, bənzərsiz şairimizin adına küçə və meydançalar olmalıdır… Şirməmməd müəllim, digər bir fikrinizin də üzərində dayanmağı zəruri sayıram. B.Vahabzadə hamımızın bildiyi kimi, həmişə xüsusi xidmət orqanlarının diqqət mərkəzində dayanıb. Rəhmətlik özü də etiraf edib ki, hər zaman bu bəlalardan onu hifz edən Heydər Əliyev olub. Lakin siz isə müsahibənizdə heç bir zaman qarşılaşmadığımız bir “faktı” xüsusi olaraq təqdim edirsiniz. Guya, adını çəkməsəniz də, tam məlum olur ki, H.Əliyev DTK-nın sədri olarkən Moskvaya B.Vahabzadə barədə göndərdiyi məktubunda bildirir ki, şair haqqında tədbir görülməli, həbsi barədə qərar qəbul olunmalıdır. Bu məktub da hardansa Suslovun əlinə düşür. Və Sov.İKP MK-nın ikinci katibi olan Suslov məktuba bir dərkənar qoyaraq geri qaytarır. Dərkənarda yazılır: “Bu cür adamları həbs edib dissident yaratmağa ehtiyac yoxdur, belələrini işlədib özümüzünkü etməliyik.”

Çox mübahisəli bir məsələyə toxunmusuz və mən istər-istəməz düşünürəm ki, nədən indiyədək bu məktub barədə bir kəlmə də olsun nə yazılıb, nə də deyilib. Axı B.Vahabzadənin özü də bu barədə heç vaxt danışmayıb. Mən bu “fakta” – o zamankı DTK-nın Moskvaya məktub göndərməsinə inanmıram. Əgər olubsa, ortalığa dəqiq bir sənəd qoyun, əllərimizi yuxarı qaldıraq. Şirməmməd müəllim, istər H.Əliyev, istərsə B.Vahabzadə olsun, hər ikisi haqqın dərgahındadır. Niyə görə xalqın sevdiyi bu iki şəxsiyyəti qarşı-qarşıya qoyursunuz! Bu yaxınlarda telekanallardan birində B.Vahabzadənin ömrünün son günlərində dediyi bir sözü eşitdim. Şair buyurur ki, günlərin birində H.Əliyevlə görüşüm zamanı o, Azərbaycan və Türkiyə birliyi haqqında şeir yazmağımı xahiş etdi. İki gün sonrasa mənim “Azərbaycan-Türkiyə” şeirim dünyaya gəldi və bu barədə H.Əliyevə məlumat verdim.
Ümumiyyətlə, ulu öndərin yaradıcı adamlara həmişə böyük hörməti olub, onların əməyini yüksək qiymətləndirib. Hörmətli professor, yəqin yadınızdan çıxmayıb. H.Əliyev respublika rəhbəri olarkən onun təqdimatı ilə neçə-neçə şair, yazıçı və mədəniyyət xadimi Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Yəqin ki, o dönəmlər olsaydı, B.Vahabzadənin də döşündən həmin mükafat asılardı. Bu cür şəxsiyyətə necə pərəstiş etməyəsən, Şirməmməd müəllim!

Daha bir və sonuncu münasibətimlə sizi narahat edirəm. Yazırsınız ki, H.Əliyev dövlət yox, hakimiyyət qurub. Müxalifətçilər də bu cür yanaşır. Əslində isə H.Əliyev paramparça olan, yalnız qabırğası qalan dövləti yenidən qurdu. Məgər siz bilmirsiniz ki, yaxın dövrümüzdə Azərbaycanda hansı hadisələr baş verib! Yeni dövlətlər yaradıb Azərbaycanın bütövlüyünü zərbə altına qoyan siyasi hadisələr hələ də yaddan çıxmayıb. Həqiqətən, H.Əliyev olmasaydı, indi Azərbaycan adında dövlət yox idi. Ona görə də xalq H.Əliyeyi müasir Azərbaycan dövlətinin qurucusu hesab etməkdə tam haqlıdır. Bəli, bütün həqiqətlər müqayisələr zamanı meydana çıxır. Siz Müsavatı çox sevirsiniz. İnandırmaq istərdik ki, H.Əliyev də daxil olmaqla bütün xalqımız Cümhuriyyət dövrünə həmişə hörmət və ehtiramla yanaşıb. Ancaq bəzi imtinaların yaranması da səbəbsiz deyil. Müsavat tarixini istismar edən və ötən əsrin əvvəllərindəki cümhuriyyəti təkcə özününki sayan indiki Məmməd Əminçilər insanların dünyagörüşündə, tarixə və həyata baxışında müəyyən dolaşıqlar yaradırlar. Məsələn, bu yaxınlarda bir məclisdə oldum. Bir müsavatçı da orada idi. Əlindəki alışqanın üstünə yapışdırılmış bayrağımızı mənə göstərib dedi ki, bax, bu bayrağı biz gətirmişik. Doğrusu, çox mütəəssir oldum. Oradaca ona xatırlatdım ki, bu bayrağı ilk dəfə sizlər yox, Naxçıvanda ulu öndər yüksəklərə qaldırmışdır. Nəhayət, qüsurlu müqayisələr həmişə bizim üçün problemlər yaradıb. Ona görə də bu cür əhval-ruhiyyədən çıxış etməməliyik. Cümhuriyyət də bizimdir, indiki Azərbaycan da. Əgər müqayisələr aparmağı daha çox seviriksə, 1918-ci il Batum müqaviləsini də unutmamalıyıq. Amma nədənsə indiyədək bununla bağlı sizin bir dənə də olsun qeydinizə rast gəlməmişik. Yəqin nə demək istədiyimi anlamamış deyilsiz… Bu qədər”.

Dərin hörmətlə, Eldar SABİROĞLU

скачать dle 12.1
Xəbər lenti