Leyla Yunus tezliklə azad olunacağını gözləmir

17-09-2015, 22:45
0
Leyla Yunus tezliklə azad olunacağını gözləmir

Vəkil Elçin Qəmbərov sentyabrın 16-da Bakı İstintaq Təcridxanasında Sülh və Demokratiya İnstitutunun 8 il yarım azadlıqdan məhrum edilmiş direktoru Leyla Yunusla görüşüb. Vəkil AzadlıqRadiosuna görüş haqqında bunları danışıb:

– Leyla Yunusun səhhəti ilə bağlı bildirməliyəm ki, sağlamlığı ağır durumdadır. Bunun başlıca səbəbi onun həbs şəraitində lazımınca müalicə ala bilməməsidir. Kamera şəraitində müalicə olunmaq mümkün deyil. Biz dəfələrlə Leyla xanımın tibb məntəqəsinə köçürülməsi ilə bağlı müraciət etmişik. Almaniyadan gəlmiş həkim, professor Christian Vitt də bunu məsləhət görür. O demişdi ki, müalicə tibb məntəqəsində aparılmalıdır. Ancaq təəssüf ki, Leyla Yunus bu yaxınlarda tibb məntəqəsində 6 gün qalandan sonra onu yenidən kameraya keçirdilər. Kamerada xəstə adam üçün müalicə almaq şəraiti yoxdur. Nəticə də budur ki, orqanizmin tamamilə zəifləməsi prosesi gedir. Yaşlı insan üçün çox çətindir.

– Apellyasiya şikayətinizin baxılması nə yerdədir?

– Biz şikayət vermişik, baxılmasını gözləyirik. Görüşdə apellyasiya şikayətini də müzakirə etdik. Müdafiə taktikası ilə bağlı müzakirələr apardıq.

– Leyla Yunusun saxlanma şəraiti necədir? Necə bir yerdə, kimlərlə qalır?

– Kamerada 5 nəfər saxlanılır. Öz dərd-səri, problemləri olan ayrı-ayrı insanların bir yerdə qalması müəyyən əsəb gərginliyi yaradır. Bir-birini tanımayan, müxtəlif xarakterli insanlardır. Həbs yeridir, kameradır. Əsəb gərginliyi kameradakı bütün dustaqlara təsirini göstərir. O cümlədən də Leyla xanıma.

– Qidalanması necədir? Siz məhkəmə vaxtı Leyla Yunusun yaxşı qidalanması üçün həftədə iki dəfə kənardan ərzaq qəbul etməsi məsələsini də qaldırmışdınız.

– Müalicə aparılmırsa, ərzaq lap üç dəfə qəbul olunsun, bunun təsiri yoxdur. Hazırda qidalanmayla bağlı problem yoxdur. Öz növbəsi ilə yemək qəbul edirlər. Yaxınları ilə görüş də verilir. Bununla bağlı müdafiə tərəfinin heç bir iradı yoxdur.

– Leyla Yunus ətrafında baş verənlərdən nə danışır? Yerli, beynəlxalq reaksiyalara münasibəti necədir?

– Hər şeydən xəbəri var. Bütün məlumatları çatdırırıq. Onun da öz fikri, düşüncələri var. Hər görüşdə bununla bağlı müzakirələrimiz olur.

– Bir arada belə söz-söhbət yayıldı ki, guya Leyla Yunusun əfv sərəncamı ilə azadlığa buraxılması üçün məhkəmə tələsik yekunlaşdırıldı. Vəkili kimi sizin fikirləriniz necədir?

– Əfvlə bağlı o qədər söhbətlər aparılır, o qədər ümidlər olur ki, sonradan həmin adam əfv olunmayanda, ona ikiqat zərbə dəyir. Leyla xanım da, mən də bu qərara gəlmişik ki, bu haqda nə düşünək, nə də müzakirələr aparaq. Leyla xanım sadəlövh deyil. Böyük təcrübəyə malik insandır. Başa düşürük ki, bu məsələlər tək əfvlə həll olunmur. Bu, müəyyən dərəcədə beynəlxalq nüanslardan asılı olan məsələdir. Əfvin verilməsi də elə-belə deyil. Gərək əfv üçün münbit şərait yaransın. Ona görə də biz illüziyalara qapanmırıq. Biz heç vaxt özümüzü aldatmamışıq. Leyla xanım da, vəkili olaraq mən də hesab edirəm ki, azadlığa çıxmaqla bağlı ilin sonuna qədər nəinki ümidlər, heç bir addım olmayacaq. Leyla xanıma da dedim ki, indi əsas sağlamlığı ilə məşğul olmalıdır, özünü qorumalıdır.

скачать dle 12.1
Xəbər lenti