AKP-HDP «savaşının» qalibi kim olacaq?

3-09-2015, 04:01
0
AKP-HDP «savaşının» qalibi kim olacaq?
Ərdoğan kürdyönümlü partiyanın səslərini parçalaya  bildimi?
 
Həm Türkiyənin özündə, həm də Qərb mətbuatında belə ehtimallar səslənir ki, ölkədəki son gərginliyin əsas səbəblərindən biri kürdyönümlü partiyanın – HDP-nin ölkə daxilindəki nüfuzuna zərbə vurmaq və qarşıdakı seçkidə səslərini parçalamaqdır. 
Bir müddət əvvəl hətta Qərbin tanınmış nəşrlərindən biri  prosesləri qiymətləndirərkən Türkiyə hökumətinin HDP-dən şeytan obrazı yaratdığını bildirmişdi. Bu o deməkdir ki, 7 iyun seçkisində HDP-nin barajı keçərək səslərin 13 faizini toplaması və ilk dəfə olaraq Türkiyə Böyük Millət Məclisində 80 millət vəkili yeri qazanması həm AKP, həm də bir çoxları üçün «həzm ediləcək» məsələ deyildi. 
 
HDP-nin nüfuzu zədələndimi?
 
PKK-nın son həftələrdə onlarla türk əsgərini şəhid etməsi, hər gün ayrı-ayrı bölgələrdə törədilən terror aktları və HDP-nin bu müddət ərzində atəşkəslə bağlı terrorçulara kəsərli bir ultimatum göndərməməsi partiyanın ölkədəki reytinqini böyük ehtimalla, sarsıtmış oldu. Üstəlik atəşkəslə bağlı PKK liderlərindən gələn cavablardan belə məlum oldu ki, bu təşkilat HDP ilə hesablaşmaq fikrində deyil.
Məsələn, PKK liderlərindən Duran Kalkan HDP-nin «silahları qeyd-şərtsiz yerə qoyun» çağırışına sərt təpki vermişdi. D.Kalkan bildirmişdi ki, savaşın yatırılmasında özü ciddi iş görməyən partiyanın belə bir çağırış etməyə haqqı çatmır. Kalkanın sözlərinə görə, HDP siyasətdə lazımi qədər  uğur qazana bilməyib və hazırda kürd xalqını layiqli şəkildə təmsil etmir.  
PKK-nın başqa bir lideri isə atəşkəs çağırışına cavabında silahların birtərəfli susmayacağını bəyan etməklə HDP-nin sözünün nə dərəcədə keçərli olduğunu ortaya qoymuşdu. 
Yəqin ki, bütün bunlar 7 iyun seçkisindəki «qələbədən» sonra eyforiyaya qapılan HDP-ni və partiyanın Türkiyə cəmiyyətindəki nüfuzunu sarsıtmaya bilməz.
 
Gözlənilməz seçki proqnozu
 
Maraqlıdır ki, bütün bunlardan sonra HDP başqanı Səlahəddin Dəmirtaş proseslərin gedişinə adekvat olmayan seçki proqnozu verib. Partiya sədri dünənki açıqlamasında bildirib ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərində səslərin 20 faizini toplamağı hədəfləyiblər. Bu, ötən seçki ilə müqayisədə 7 faiz daha artıq səs deməkdir. 
Təəccüb doğuran məqam odur ki, Dəmirtaş özü kürdlərin sıx yaşadığı bölgələrdə seçki üçün heç bir şəraitin olmadığını etiraf edib. O, bölgədən olan HDP-çi millət vəkillərinin məlumatlarına istinadən bildirib ki, belə  vəziyyətdə həmin ərazilərdə seçki məntəqələrinin  yaradılması və ümumilikdə səsvermə prosesi böyük təhlükə altına düşür. Bu da HDP-yə səs verən böyük bir elektoratın itirilməsi deməkdir. 
Dəmirtaş deyir ki, hazırkı vəziyyət AKP-nin arzuladığı səviyyədədir: «Təəssüf ki, ölkənin şərqində seçki keçirmək üçün şərait yoxdur. Bu şərtlər daxilində həmin bölgələrdə seçki qutularının qoyulması, seçki kampaniyasının aparılması qeyri-mümkündür. AKP-nin istədiyi də elə budur. İstəsələr, şəraiti bir gündə dəyişərlər. Bu düşünülmüş planın tərkib hissəsidir. Prezident bildirmişdi ki, 1 noyabr 7 iyun kimi olmayacaq. Hesab edirəm ki, saray seçki qutularını «qəsb edəcək». Necə ki indi parlamenti, hökuməti qəsb ediblər. Səsləri düşməyə davam edərsə, seçkini təxirə də sala bilərlər».   
Belə bir vəziyyətdə HDP sədrinin seçkinin nəticələrinə dair nikbin proqnoz verməsi təbii olaraq təəccüb və suallar yaradır. 
Ya Dəmirtaş ruhdan düşmədiklərini nümayiş etdirərək partiyasının təbliğatını aparır, ya AKP-nin itirəcəyi səsləri ələ keçirəcəyinə ümid edir, ya da hanısa başqa gözləntisi var. Bu variantlardan hansının özünün doğruldacağı 1 noyabr seçkisində bəlli olacaq. Hələliksə görünən odur ki, Türkiyə bu seçkiyə cavabı qeyri-müəyyən olan böyük suallarla gedir. 
 
PKK-ya sərt təpki: «Lənətləyirik!»
 
Bu arada, dünən Səlahəddin Dəmirtaş PKK ilə bağlı gözlənilməz açıqlaması ilə də diqqət mərkəzinə gəlib. Dəmirtaş iki gün əvvəl Diyarbakırda Abdullah Biroğlu adlı bir həkimin PKK terrorçuları tərəfindən öldürülməsinə olduqca sərt təpki verib. 
HDP sədri bildirib ki, ən əxlaqsız savaş şərtlərində belə, bu addıma yol vermək olmaz: «Tibb işçilərinə heç kim əl və dil uzatmamalıdır. Bunu edənləri lənətləyirik».
Gültəkin
 

azadliq.info

скачать dle 12.1
Xəbər lenti