“Məhsulların idxalı ilə bağlı ağlasığmaz qiymətləndirməylə rastlaşırıq”

8-01-2016, 16:59
0
“Məhsulların idxalı ilə bağlı ağlasığmaz qiymətləndirməylə rastlaşırıq”
Uzun müddətdir ölkəyə idxal olunan malların, məhsulların həcmi, idxal dəyəri ilə bağlı araşdırmalar aparırıq. Hər dəfə çoxlu sayda məhsulların idxal dəyəri ilə bağlı ağlasığmaz qiymətləndirmə ilə rastlaşırıq. Bu barədə Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib:
 
“Misal üçün, hamı bilir ki, 13-15 kiloqram təmiz ət çıxışı verən 1 baş qoçu 11 dollar 67 sentə (həmin ilin məzənnəsi ilə 9 manat 10 qəpiyə) Gürcüstandan alıb Azərbaycana gətirmək mümkün deyil. Onu da qeyd edim ki, 11 dollar 67 sentə idxal dəyəri olduğu üçün bura alış qiyməti ilə yanaşı heyvanın nəqliyyatla daşınma, sığorta, gömrük rüsumu və sair xərclər də daxildir. Təsəvvür edirsiniz? Bir kiloqram qoyun əti qiymətinə 13-15 kiloqram təmiz ət çıxışı verən qoç alınıb, ölkəyə gətirilib. Həmin ildə Gürcüstandan Azərbaycana kəsim üçün 3 milyon 273 min ABŞ dolları dəyərində 109 435 baş diri iribuynuzlu mal-qara da gətirilib və həmin heyvanların hər birini orta hesabla 29 dollar 91 sentə sənədləşdiriblər. Bir iribuynuzlu heyvanın Gürcüstandan alınması, sığortalanması, nəqliyyat vasitəsi ilə daşınması, gömrük rüsumu və sair xərclərlə birlikdə 29 dollar 91 sentə, yəni həmin ilin məzənnəsi ilə 23 manat 47 qəpiyə (3 kiloqram mal əti qiymətinə) başa gəlib. Bunu təsəvvür edə bilirsinizmi?”
 
V.Məhərrəmovun sözlərinə görə, bu və digər oxşar faktları ictimailəşdirdikdən sonra sahəyə məsul olan məmurlar özlərinin təqdim etdikləri statistik məlumatları inkar etməyə başladılar. Ümumiyyətlə, bu kimi məlumatların, informasiyaların, statistik rəqəmlərin və hesablamaların yanlış olduğunu iddia edirlər: “Üzümü həmin şəxslərə tutub deyirəm: 2013-ci ilin yanvar-dekabr aylarında malların idxalı və ixracına dair göstəricilərə diqqətlə baxın. Düşünürəm ki, hesablamağı sizə öyrətmək lazım deyil. Hesabda siz ustasınız. Cənablar, fərqli illərdə sizin təqdim etdiyiniz cədvəllərdən əldə olunan məlumatlara əsasən hesabladığımız rəqəmləri diqqətinizə çatdırıram. Bütün malların 1 kiloqramının idxal dəyəri həmin ilin məzənnəsi ilə manatla hesablanıb: düyü 26 qəpik, kartof 2 qəpik yarım, quş əti 51-61 qəpik, süd və qaymaq 60 qəpik, qabıqlı şabalıd 37 qəpik, qabığı təmizlənmiş badam 35 qəpik, qabığı təmizlənmiş qoz 75 qəpik, ananas (təzə və ya qurudulmuş) 23 qəpik, qurudulmuş qara gavalı 33 qəpik, qurudulmuş üzüm 37 qəpik, təzə üzüm, portağal (təzə) 24 qəpik, alma 24 qəpik, armud 26 qəpik, qabıqlı püstə 95 qəpik, qabıqlı şabalıd 37 qəpik, keşyü fındığı (qabığı təmizlənmiş) 37 qəpik və sair…”
 
V.Məhərrəmov onu da qeyd etdi ki, idxal malların miqdarı və dəyərin məbləği Dövlət Statistika Komitəsinin “Azərbaycanın Statistik Göstəriciləri” toplusundan götürülüb. “Hesab edirəm ki, bu qədər çeşiddə dempinq malları əldə etmək qeyri-mümkündür. Yalnız süni olaraq malların idxal dəyəri dəfələrlə azaldılıb. Burada vergidən yayınmaqla külli miqdarda mənimsəmə hallarına yol verilib. Bu ifaktları hüquq mühafizə orqanları araşdırmalıdır. Belə faktların olmadığını iddia edən məmurlar isə ictimaiyyəti çaşdırmaqla məşğul olmaq əvəzinə, aidiyyəti orqanlara izahat verməlidir”, deyə V.Məhərrəmov vurğuladı.
скачать dle 12.1
Xəbər lenti