Türkiyənin baş naziri Ahmet Davutoğlu, jurnalistlər – Can Dündar və Erdem Gülün məhkəməsini izləmək üçün İstanbul Ədalət Sarayına gedən səfirləri tənqid edib.
Davutoğlu bütün diplomatik təmsilçiləri istintaq zamanı diqqətli olmağa çağırıb.
“Az qala siyasi niyyət daşıyacaq kimi toplu şəkildə məhkəmə salonlarına getmək və orada bəzi münasibətləri bəyan etmək – bunlar şəffaflığa təsir edir.”
Baş nazir əlavə edib ki, belə hərəkətlər istintaqa təzyiq göstərə bilər, bu isə diplomatik nəzakət və professionallığa uyğun deyil.
Ötən gün Türkiyə Cumhurbaşkanı Recep Tayyip Erdoğan da səfirlərə xitabən deyib ki, “Siz kimsiniz? Sizin orada nə işiniz var? Diplomatiyanın da bir ədəbi var. Bura sənin ölkən deyil, Türkiyədir.”
Cumhuriyet qəzetinin redaktoru Can Dündar və qəzetin Ankara təmsilçisi Erdem Gül ötən il Türkiyə hökümətinin Suriyadakı daxili müharibəyə silah daşıdığını iddia edən xəbərlərə görə casusluqda ittiham edilib və həbs edilib. Daha sonra onlar şərti azadlığa çıxıb.
Lakin davam edən məhkəmə istintaqı zamanı onlara qarşı ittihamlar təsdiqlənərsə, onlara ömürlük həbs cəzasının verilməsi ehtimalı var. (BBC azeri)