Elxan Şahinoğlu: «Ərdoğan Ergenekon olaylarının yenidən təkrarlanmasını istəmir, bu ona baha başa gəldi»
Türkiyədə dövlət çevrilişinə cəhddən sonra ölkədə başlayan anti-Gülən əməliyyatının miqyası dövlət başçısı Ərdoğanın bunu münasibət bildirməsinə səbəb olub. Ərdoğan özü də etiraf edib ki, bəzi hallarda irəli sürülən ittihamlar günahsız insanların həbsə atılmasıyla nəticələnib.
«FETÖ əməliyyatında at izi it izinə qarışıb. «Ortaya bir şey atım, tutarsa, tutar» deyənlər var». Bəziləri məhz belə edir». Bu sözləri Ərdoğan Çində keçirilən G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib. Ərdoğan açıqlaması ilə FETÖ əməliyyatı çərçivəsində günahsız şəxslərin də qurban getdiyi barədə iddialara aydınlıq gətirib: « Bəzən imkan olanda telekanalları izləyirəm. Elə şərhlər verilir ki, günahlandırdıqları o insanın bu işlə heç bir əlaqəsi yoxdur. Amma o insana ittihamı yapışdırırlar. Bunlar doğru şeylər deyil. Bu cür yanlışlıqlardan uzaq durmaq lazımdır».
Ərdoğanın bu açıqlaması nə anlama gəlir?
«Atlas» Araşdırmalar Mərkəzinin rərbəri Elxan Şahinoğlunun fikrincə, günahsız insanları Gülən şəbəkəsi ilə əlaqəli olan şəxslərdən ayırmaq lazımdır. Amma bəzən gülənçilər həbsdən yayınır və yanlış ünvan göstərirmişlər: «Günahsız insanların həbsi Ərdoğanı narahat etməyə başlayıb. Çünki bundan əvvəl oxşar hadisələri Ərdoğan Ergenekon olaylarında yaşayıb və bu Ərdoğana baha başa gəldi. Görünür, eyni səhvi Ərdoğan təkrarlamaq istəmir. Ona görə Ərdoğan deyir ki, FETÖ əməliyyatında at izi it izinə qarışıb».
E.Şahinoğlunun fikrincə, bir məqam aydınlışdırılmalıdır. Çünki Gülənlə çox adam əlaqədə olub. Elə Ərdoğanın özü də uzun müddət Gülənlə sıx əlaqədə olub: «Ona görə dəqiq deyilməlidir ki, hansı ildən başlayaraq Gülən tərəfdarları həbs oluna bilər. Bəyan olunmalıdır ki, Gülən şəbəkəsi nə zamandan terror təşkilatı elan olunubsa, əlaqəli insanları məhz bu dönəmdən ittiham etmək gərəkdir. Bu şəffaf xətt müəyyən edilməyənə qədər, günahsız insanlar həbs olunub ki, bu da Ərdoğanı narahat etməyə başlayıb».