Rusiya Ermənistana silah verməkdə davam edəcək

11-09-2018, 15:46
8 466
Rusiya Ermənistana silah verməkdə davam edəcək

Rusiya Ermənistana silah təchizatını davam etdirməyə razılaşıb. Bunu Ermənistanın baş naziri Nikol Pashinian “Kommersant” qəzetinə müsahibəsində deyib.

Qəzet müsahibəni sentyabrın 9-da dərc edib. Bir gün öncə isə Pashinian Moskvada Rusiya prezidenti Vladimir Putin-lə görüşüb.

“Rusiyanın silahları mütəmadi təchiz etməsinə razılaşdıq”, – Pashinian Putin-lə görüşlərdə hansı razılaşmaların əldə olunması barədə sualı belə cavablandırıb.

Baş nazirin deməsinə görə, silahların maliyyələşməsi kredit yoluyla təmin olunacaq, “başqa variantlar da götür-qoy olunacaq”.

2017-ci ilin noyabrında Ermənistan Rusiyadan silah satışının maliyyələşməsindən ötrü Moskvadan 100 milyon dollar borc alıb. TASS dövlət xəbər agentliyinin yazmasına görə, kredit Yerevana 2018-2022-ci illər üçün ayrılıb.

Hazırda Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı gərginlik qalmaqdadır.

MÜNASİBƏTLƏRDƏ “SUALLAR”

Pashinian-Putin görüşü tələm-tələsik təşkil olunub. Bunda öncə 2008-ci il etirazlarının Pashinian hökuməti tərəfindən araşdırılmasının Moskvayla gərginliyi artırdığı xəbərləri yayılıb.

Prokurorlar Ermənistanın keçmiş prezidenti Robert Kocharian və KTMT-nin sədri Yuri Khatchaturov-a konstitusion quruluşu devirmək ittihamı irəli sürüblər. Kreml bu hərəkətləri tənqid edib.

Rusiya-Ermənistan əlaqələrinə dair suallar Moskvaya yaxınlığı ilə seçilən Serzh Sarkisian devriləndən sonra, mayda Pashinian hakimiyyətə gəlincə baş qaldırıb.

Ancaq görüşdən öncə Putin deyib ki, Moskva-Yerevan münasibətləri “bütün istiqamətlərdə möhkəm” inkişaf edir.

“Bu, siyasi münasibətlərə, hərbi sahəyə, təhlükəsizlik və iqtisadi əməkdaşlığa aiddir”, – o vurğulayıb.

Pashinian isə münasibətlərdə “suallar” olduğunu etiraf edib.

“Allah bizi münasibətlərimizdə sualların olmayacağı durumdan qorusun, çünki bu, bizim heç münasibətimizin olmaması demək olar”, – o vurğulayıb.

Pashinian müsahibədə deyib ki, Putin onun Yerevana səfər etmək dəvətini qəbul edib, “bu ilin sonunadək alınmasa belə, gələn ilin əvvəlinə”.

Baş nazir sentyabrın 14-də Parisə gedəcək, Fransa prezidenti Emmanuel Macron-la görüşəcək. Fransada yarım milyonadək etnik erməni yaşayır, iki ölkəni mədəni əlaqələr birləşdirir. 

скачать dle 12.1
Xəbər lenti