Azad Rusiya legionunun döyüşçüsü: ‘Putin səfərbərliklə plankanı qaldırdı’

8-02-2023, 19:17
4 043
Azad Rusiya legionunun döyüşçüsü: ‘Putin səfərbərliklə plankanı qaldırdı’

Son həftələr Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərində ağır döyüşlər gedir. Rusiya qüvvələri hətta nəhəng itkilər hesabına olsa belə, şəhəri almağa çalışırlar. Demək olar, boş qalmış şəhər Ukrayna qüvvələrinin nəzarətindədir. Onların içində Azad Rusiya legionunda savaşan rusiyalı könüllülər də var. AzadlıqRadiosunun müxbiri Yevgeni Leqalov onların barəsində yazır.

Prezident Vladimir Putin ötən sentyabrda səfərbərlik elan edərək Rusiya mövqelərinə onminlərlə əsgər cəlb edib. Vaqner özəl muzdlu qrupu isə Rusiya həbsxanalarından məhbusları döyüşlərə cəlb edib, Baxmut döyüşlərinə liderlik edir.

“Səfərbərlikdən sonra fərqi hiss edirik. İndi hədəfsiz atanda da mütləq kiməsə dəyirsən. Əvvəlsə Rusiyanın mövqelərində vurmağa hədəf axtarırdıq. İndi hər yerdə, hər deşikdədirlər”, – “Sezar” ləqəbiylə tanınan, Azad Rusiya legionunun Baxmutda savaşan döyüşçüsü deyir.

“Azacıq irəliləyə biliblər, amma böyük itkilər hesabına. Yazıq uşaqlara görə təəssüflənirəm. Kaş ki onlara deyə biləydim: Ukraynada düşməniniz yoxdur. Parisdə, Nyu Yorkda da düşmən yoxdur. Düşmənlərinizin hamısı Kremldə oturub”, – o danışır.

Azad Rusiya legionu 2022-ci ilin martında yaradılıb. Ukrayna mənbələrinin dediyinə görə, legionun ilk üzvləri Moskva fevralın 24-də işğala başlayandan az sonra Rusiya ordusundan fərarilik etmiş əsgərlər olub. Onlar manifestlərində özlərini “özləri üçün məsuliyyəti götürərək Yeni Rusiya uğrunda döyüşməyə başlayan azad Rusiya vətəndaşları” adlandırırlar.

скачать dle 12.1
Xəbər lenti