Türkiyə müxalifəti taleyüklü siyasi səhv buraxdı: CHP lideri Ərdoğanı ittiham etməyə niyə tələsdi

10-02-2023, 19:01
3 791
Türkiyə müxalifəti taleyüklü siyasi səhv buraxdı: CHP lideri Ərdoğanı ittiham etməyə niyə tələsdi

İngilis alimin "Britaniya adalarında baş versəydi, İngiltərə iki yerə parçalana bilərdi" cümləsi ilə təsvir etdiyi güclü zəlzələnin ictimai təsirləri zəiflədikcə, prezident Rəcəb Tayyib Ərdoğana qarşı ittihamlar CHP ilə yanaşı, bütövlükdə müxalifətin əleyhinə də çevrilə bilər... Hər halda, CHP başqanı Kamal Kılıcdaroğlunun təbii fəlakətdən tez-tələsik öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsi diqqətdən yayınmır və Türkiyə vətəndaşları bunu seçkilərdə qətiyyən bağışlamazlar...

Türkiyə dünya tarixinin ən dəhşətli təbii fəlakəti ilə üz-üzə qalıb. Minlərlə insan həyatını itirib, onminlərlə yaralı var. İtkilərin əhatə dairəsi xilasetmə prosesinin son çatmasından sonra daha dəqiq şəkildə məlum olacaq. Və bu baxımdan, təbii fəlakətin Türkiyəyə vurduğu zərərlə bağlı indidən mülahizələrin irəli sürülməsi hələlik bir qədər tezdir.

Ancaq bəzi beynəlxalq mütəxəssislər Türkiyədə baş vermiş zəlzələ ilə bağlı artıq ilkin mülahizələrini açıqlamağa başlayıblar. İtaliya mütəxəssisləri Türkiyə coğrafiyasında ən azı 3 metrə yaxın yerdəyişmənin olduğunu iddia edirlər. Qərb maliyyə-iqtisadi ekspertləri isə Türkiyənin təxminən 5 milyard dollara yaxın ziyanla üz-üzə olduğunu vurğulayırlar.

İngilis alimləri isə Türkiyədə baş verən zəlzələnin nə qədər dəhşətli dağıdıcı gücə malik olduğunu təsvir etməyə çalışıblar. Onların fikrincə, bu zəlzələnin gücünü bir neçə atom bombasının eyni vaxtda partlayışı ilə müqayisə etmək mümkündür. Və belə bir ağır zərbə ilə müşayiət olunmuş təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında Türkiyəyə dəstək verilməsinin vacibliyini vurğulayıblar.

zelzele-111111111.PNG (545 KB)

Britaniyalı seysmoloq alim Stefen Hiks isə bildirib ki, əgər, belə bir zəlzələ İngiltərədə baş vermiş olsaydı, bu ölkənin coğrafiyası bir neçə yerə parçalana bilərdi: "Biz Türkiyədə baş vermiş zəlzələnin miqyasını təsəvvür etmək üçün ilk növbədə təbii fəlakət zonasının xəritəsini Britaniya adalarının üzərinə yerləşdirməliyik. Bu halda, analoji gücə malik zəlzələ ilə İngiltərənin parçalanaraq, dağıla biləcəyini təxmin etmək çətinlik törətməz".

İngilis alim hesab edir ki, eyni gücdə zəlzələyə İngiltərə ümumiyyətlə, tab gətirməzdi: "Bizim ölkəmizdəki tikililər belə güclü silkələnməyə qətiyyən tab gətirməzdi. Birminqem, Mançester, Şeffild və Brustol kimi şəhərlər yerlə bir olub, tamamilə dağıntılar altında qalan boşluğa çevrilərdi. İngiltərə iki hissəyə ayrılardı".

Göründüyü kimi, Türkiyədə baş vermiş zəlzələ ilə bağlı beynəlxalq mütəxəssislər olduqca pessimist məzmunlu mülahizələr irəli sürməkdə davam edirlər. Belə anlaşılır ki, Türkiyə olduqca ciddi sınaq qarşısındadır. İndi rəsmi Ankara əvvəlcə xilasetmə prosesini sona qədər sürdürməlidir. Ardınca zəlzələdən zərər çəkmiş insanların - təxminən 14 milyona yaxın vətəndaşın ehtiyaclarını ödəməlidir. Daha sonra isə dağıntıları təmizləyib, yerində yenidən şəhərlər inşa etməlidir. Bu, onminlərlə yeni çoxmərtəbəli binanın tikilməsi deməkdir. Və bütün bunlar üçün onmilyardlarla dollar xərcləmək lazım gələcək.

Təbii ki, belə vəziyyətdə Ərdoğan hakimiyyəti Türkiyənin əsas şansı kimi görünür. Çünki prezident Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olduğu son 20 il ərzində ölkəsini dəfələrlə təbii fəlakətlərlərin - bir neçə zəlzələnin və irimiqyaslı yanğınların ağır nəticələrindən xilas etmək məcburiyyətində qalıb. Türkiyə lideri belə situasiyalar üçün kifayət qədər təcrübəlidir, qətiyyətli davranmaq qabiliyyətini də dəfələrlə sübut edib.

565c770aa8213eeefb211395ef6f9c1e.jpg (241 KB)

Onu da qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə dövlətinin bu dəhşətli fəlakətin öhdəsindən gəlmək gücündə olduğunu artıq birmənalı şəkildə bəyan edib. Türkiyə lideri bildirib ki, cəmisi bir il ərzində zəlzələnin nəticələri aradan qaldırılacaq, dağılmış binaların əvəzində yeniləri tikiləcək, evsiz qalan hər kəs mənzillə təmin olunacaq. Və ölkə prezidentinin belə əmin mövqe ortaya qoyması Türkiyənin gələcəyi baxımından, ümidlərin güclü tutulmasını təmin edir.

Ancaq prezident Rəcəb Tayyib Ərdoğanın bu qətiyyətli mövqeyi başqa bir önəmli məqamı da ön plana çıxarır. Belə ki, Türkiyə lideri dağılmış binaların tikintisinə bir illik zaman müəyyən etsə də, hüquqi baxımdan, prezident Rəcəb Tayyib Ərdoğanın əslində, o qədər vaxtı yoxdur. Çünki onun prezidentlik müddəti artıq sona çatmaq üzrədir və əgər, təbii fəlakət ucbatından təxirə salınmazsa, may ayında növbəti seçkilər keçirilməlidir. Və bu, o deməkdir ki, prezident Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə də siyasi rəqiblərinə qalib gələcəyinə şübhə etmir, buna böyük ölçüdə əmindir.

Əslində, prezident Rəcəb Tayyib Ərdoğanın belə əmin olmasında Türkiyə müxalifətinin də müəyyən qədər payı var. Belə ki, müxalifət düşərgəsi olduqca ciddi siyasi səhvlər buraxmaqla, Ərdoğan hakimiyyətinin Türkiyə cəmiyyətində mövqelərinin möhkəmlənməsində xüsusi rol oynayır. Təbii fəlakətdən sonra da müxalifət düşərgəsi belə səhvlərin ardıcıllığını təmin etməkdədir. Zəlzələ baş verdikdən dərhal sonra prezident R.T.Ərdoğan CHP başqanı Kamal Kılıcdaroğlu istisna olmaqla, "altılı masa"da təmsil olunan digər 5 partiyanın liderinə şəxsən zəng edib, milli birliyə çağırıb. İYİ partiya lideri Meral Akşener bu çağırışa "Türkiyə müxalifəti bu ağır günlərdə dövlətin yanındadır" bəyanatı ilə cavab verib.

Ancaq CHP başqanı Kamal Kılıcdaroğlu həmişə olduğu kimi, bu dəfə də öz tələskən davranışları ilə Türkiyə müxalifətini çətin vəziyyətə salıb. Belə ki, CHP lideri hətta ölkədə elan edilmiş 7 günlük matəmin sona çatmasını da gözləmədən prezident Rəcəb Tayyib Ərdoğanı Türkiyədə baş verən təbii fəlakətin nəticələrinin yeganə günahkarı olduğunu bəyan edib. O, bildirib ki, prezident Rəcəb Tayyib Ərdoğanla hər hansı əməkdaşlığı mümkün hesab etmir.

alti masa.PNG (547 KB)

Təbii ki, indiki situasiyada CHP liderinin ölkə prezidentinə qarşı bu ittihamları birmənalı qarşılanmayıb. Hesab olunur ki, bu ittihamlar indiki ağır durumda Türkiyə müxalifətinə, o cümlədən də CHP-yə yalnız müvəqqəti siyasi dividentlər gətirə bilər. Ancaq zaman keçdikcə, təbii fəlakətin təsirləri zəiflədikcə, bu davranış CHP ilə yanaşı, bütövlükdə müxalifətin əleyhinə çevrilə bilər. Hər halda, CHP başqanının təbii fəlakətdən tez-tələsik öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərməsi diqqətdən yayınmır. Və Türkiyə vətəndaşları bunu bağışlamaya bilər.

Onu da qeyd etmək lazımdır ki, prezident Rəcəb Tayyib Ərdoğan zamanı gəldiyində hər kəsin indiki davranışlarına mütləq cavab verəcəyini vurğulayıb. O, bildirib ki, ümummili fəlakətə biganə yanaşırlar, bundan siyasi maraqlar üçün istifadə edənlərin davranışı qeydə alınır. Ən uyğun zamanda həmin qeydlər mütləq müəlliflərinə xatırladılacaq. Yəni, təcrübəli siyasətçi və önəmli dövlət xadimi olan prezident Rəcəb Tayyib Ərdoğan hər vaxtını dəqiq bilir.

Digər tərəfdən, hazırda bütün dünya və Türkiyə yalnız zəlzələdən zərər çəkən insanlara dəstək verir və yardım toplayır. Hətta Türkiyənin nəhəng futbol klubları belə, bütün tərəfdarlarını yardım toplamağa çağırıblar və bu işi böyük uğurla davam etdirirlər. Ancaq nə qədər qəribə də olsa, seçkilərdə xalqdan səs istəməyə hazırlaşan Türkiyə müxalifəti, o cümlədən də CHP öz tərəfdarlarına və üzvlərinə analoji müraciət ünvanlamayıb. İndiyə qədər Türkiyə müxalifətinin yardım göndərməsi barədə hər hansı məlumata rast gəlinməyib. Belə bir vəziyyətdə heç iş görmədən yalnız Ərdoğan hakimiyyətinin tez-tələsik ittiham olunması növbəti seçkilərdə Türkiyə müxalifətini məyusedici nəticələrə məruz qoya bilər.

скачать dle 12.1
Xəbər lenti