ABŞ və İran arasında məhbus mübadiləsi baş tutdu

20-09-2023, 19:54
837
ABŞ və İran arasında məhbus mübadiləsi baş tutdu

ABŞ və İran arasında uzun danışıqlardan sonra əldə olunmuş məhbus mübadiləsi razılaşmasına uyğun olaraq sentyabrın 18-də 5 amerikalı məhbus İranı təyyarə ilə tərk edib.

Xəbər agentliklərinin məlumatında deyilir ki, Qətərə məxsus təyyarə göyərtəsində 5 məhbus və onların iki qohumu ilə birlikdə Tehrandan havaya qalxıb.

Bundan bir qədər əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü demişdi ki, məhbus mübadiləsi yaxın saatlarda baş tutacaq.

Sözçü Naser Kənaani bildirmişdi ki, məhbusların azad edilməsi müqabilində İranın Cənubi Koreyada dondurulmuş aktivləri artıq Qətərə gətirilib.

Məhbus mübadiləsi ABŞ-ın Fars körfəzi regionunda hərbi mövcudluğunu artırdığı bir vaxta təsadüf edir.

Bu razılaşma respublikaçıların prezident Co Baydeni tənqid etməsinə səbəb olub.

Onlar bildirirlər ki, Bayden İranın Yaxın Şərqdəki ABŞ qoşunlarına təhdidinin artdığı bir vaxtda Tehranın iqtisadi qüdrətini artıran sazişə gedib.

Razılaşmaya görə sözü gedən vəsait ABŞ-ın Ərəb yarımadasındakı əsas müttəfiqi Qətərdəki hesablarda saxlanacaq. Bu ölkədə habelə ABŞ-ın hərbi bazaları var.

Razılaşmanın şərtlərinə görə İrana açılan vəsait yalnız humanitar məqsədlərə – dərman və ərzaq alınmasına xərclənə bilər. Əslində ABŞ sanksiyalarında İran üçün belə bir güzəşt nəzərdə tutulub.

 

скачать dle 12.1
Xəbər lenti