İşsizlik və yoxsulluğun əhatə dairəsi genişləndikcə cinayət yolun seçənlərin sayı çoxalır Ekspertlər problemin əsas səbəbi kimi ölkədə dəyərlər sisteminin aşınmasını göstərirlər
İqtisadi böhran iş yerlərinin bağlanması, ərzaq məhsullarının bahalaşması ilə bərabər ölkədə oğurluq, dələduzluq, tam məqsədi ilə törədilən cinayətlərin kəskin artmasına gətirib çıxardı. Ötən bir il ərzində baş verən cinayətlərin statistikasına nəzər yetirərkən qanun pozuntularının, qətllərin motivlərini əsasən pul üstündə yaranan mübahisələr, qarətlər üstünlük təşkil edir. Ötən illərdən fərqli olaraq böhran dövründə ərzaq mağazalarının soyulması faktları da dəfələrlə artıb.
2016-cı ilin ilk aylarında ərzaq mağazalarına basqınlar artıb
Yanvarın 25-də Bakı, Sumqayıt, Mingəçevir, Lənkəranda oğurluq hadisələri baş verib. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da ail təhsil müəssisələrindən birindəki xidməti otağından içərisində 83375 manat və 219900 dollar olan seyfi oğurlayan şəxs saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yanvarın 22-də müəssisələrdən birinin inzibati binasından 45 manat və görüntü kamerasının yaddaş qurğusunu oğurlayan şəhər sakinləri saxlanılıb. Onların həmin gün Famil Rəhimova məxsus mağazadan 5985 manat oğurladıqları da müəyyən edilib.
Mingəçevir şəhərində də oğurluq hadisəsi baş verib. Ərzaq mağazasının sahibi Həsən Əliyev Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs gecə saatlarında ona məxsus ticarət obyektinin çardağını kəsici alətlə sındıraraq içəri daxil olub və oradan qida məhsulları, eləcə də 500 manat pul oğurlayıb. Hadisəni törədən şəxsin tapılması üçün əməliyyat-axtarış tədbirləri görülür.
Lənkəranda Separadi kənd sakini, 43 yaşlı Səbuhi Əliyev Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus ərzaq və təsərrüfat malları mağazasından gecə saatlarında oğurluq olunduğunu bildirib. Səbuhi səhər mağazaya gələrkən qapının sındığını, içəridə hər şeyin alt-üst olduğunu görüb. Naməlum şəxs və ya şəxslər mağazanın qapısının qıfılını dəmir alətlə sındıraraq içəridən 400 manat pul və müxtəlif növ ərzaq, təsərrüfat məhsullarını aparıblar. Ümumilikdə mağaza sahibinə 2000 manatdan çox maddi ziyan dəyib.
Fevralın 9-da Lökbatan qəsəbəsində yerləşən "Binə" Ticarət Mərkəzinin yaxınlığında oğurluq hadisəsi baş verib. Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Təranə Əsgər qızı Aslanovaya məxsus "BMW" markalı avtomobildən şüşəni sındırmaqla, içərisində 40 min manat dəyərində qızıl-zinət əşyaları, 100 manat pul və sənədlər olan əl çantası oğurlanıb.
2015-ci ildə ölkədə baş vermiş cinayətlərin statistikası
2015-ci ildə ölkədə 26 916 cinayət faktı qeydə alınıb. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı 277 olub. Onların 57,1 faizi az ağır, 28,3 faizi böyük ictimai təhlükə törətməyən, 14,6 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir. Bizimyol.info-nun məlumatına əsasən bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda bildirilir. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, cinayətlərin strukturunda 13 748 hadisə iqtisadi sahədə törədilən, 7 070 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 4658 hadisə şəxsiyyət əleyhinə, 1439 hadisə dövlət hakimiyyəti əleyhinə, bir hadisə isə sülh və insanlıq əleyhinə olan cinayətlərdir. Qeydə alınmış cinayətlərin 283-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 361-i qəsdən sağlamlığa ağır zərər vurma, 14-ü əzab vermə, 29-u adam oğurluğu (o cümlədən, 16-sı evlənmək məqsədilə qadın oğurluğu) cinayətlərinə aiddir. 330 cinayət hadisəsi xarici ölkələrin, onların 65-i isə MDB-yə üzv olan ölkələrin vətəndaşları tərəfindən törədilib.
Əhməd Qəşəmoğlu: "Cəmiyyətdə pul aparıcı rol oynadıqca, orada kriminal hallar artacaq"
Sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya bildirib ki, cəmiyyətdə maddi dəyərlər önə keçdikdə düşünülməmiş gərginliklər çoxalır: "O zaman ki, cəmiyyətdə mənəvi dəyərlər öndə olur, o zaman cəmiyyət özü-özünü tənzimləməyə başlayır. Bütün insanlıq tarixində, fəlsəfələrin, dini kitabların, bütün müdrik insanların deyimindən bu qənaətə gəlmək olar ki, cəmiyyətdə maddi dəyərlər önə keçən zaman orada sosial vəziyyətin yaxşılığından, pisliyindən asılı olmayaraq, hökmən fəsadlar çoxalır. İndi intihar, oğurluq və başqa cinayətləri birbaşa iqtisadi faktorla bağlamaq düzgün deyil. Çünki ölkədə bundan da ağır vəziyyətlər olub. Mənim yadıma gələn 50-ci, 60-cı illərdə bundan da ağır iqtisadi vəziyyət var idi. Ancaq o zaman belə kriminogen vəziyyət yox idi".
Ə.Qəşəmoğlu hesab edir ki, ən əsas məsələ qanunauyğunluqdur: "Cəmiyyətdə aparıcı rolu pul oynadısa, o cəmiyyətin başından pul da töksən, bütün sosial problemlərini həll etsən də, orada kriminal hallar hökmən artacaq. Çünki maddi dəyərlərə üstünlük verildikdə insanlar bir-biri ilə maddiyyatla, özünün mövqeyi ilə yarışır. Hansı ki, bu kimi şeylər münaqişələrə aparır. Ona görə də çalışmaq lazımdır ki, cəmiyyətimizdə get-gedə elə mühit yaradaq ki, orada mənəvi dəyərlərə üstünlük verilsin. Yoxsa bu hallar qaçılmazdır və ildən-ilə də artacaq. İstər sosial şərait yaxşılaşsın, istər insanların maddi gəliri artsın, həyat səviyyəsi artsın fərqi yoxdur. Bu sosiologiyanın qanunudur".
Mahmud Hacıyev: "Pulsuz-parasız, işsiz qalan, evdə çörək tapmayanlar bəzən cinayət yolunu seçir"
Sabiq polis rəisi Mahmud Hacıyev isə musavat.org-a açıqlamasında bildirib ki, ölkədə oğurluq və quldurluq cinayətlərinin artması, ümumiyyətlə isə kriminogen durumun ağırlaşması labüddür: "Əgər statistik məlumatlar dorğu-düzgün verilsə, cinayətlərin artması və artan cinayətlərin böyük hissəsinin kriminal keçmişi olmayan şəxslər tərəfindən törədilməsi üzə çıxacaq. İndiki ağır sosial-iqtisadi durumda oğurluq və quldurluq cinayətlərinin təkcə kriminal keçmişi olan şəxslərin törətdiyini söyləmək də olmaz. Ölkədə işsizlik hər ötən gün artır, sosial durum ağırlaşır. Pulsuz-parasız, işsiz qalan, evdə çörək tapmayanlar da cinayət yolunu seçir. Aydındır ki, bu çıxış yolu deyil, amma reallıq belədir. Sadəcə, nazirin çağırışı təsadüfən oğurluq və quldurluq hadisələrinin bir-birini əvəzlədiyi vaxta düşüb. Məsələnin bu tərəfi də var ki, ölkədəki iqtisadi böhran, pulun dəfələrlə dəyərdən düşməsi, işsizliyin artması təkcə tamah məqsədli cinayətləri deyil, xuliqanlıq, ictimai asayişin qəsdən pozulması, bədənə ağır xəsarətlərin yetirilməsi, intihar və bu tipli digər cinayətlərin də sayında özünü göstərir. Məsələn, 20-30 il əvvəl 2 nəfərin mübahisəsi səs tonunun qalxması ilə sona çatırdısa, indi mübahisə səs tonunun qalxması ilə bitməyəcək. Bıçaq, balta, küt alətlər işə düşəcək".
M.Hacıyev deyir ki, sosial iqtisadi problemlər birbaşa insanların psixoloji durumuna təsir etdiyindən xüsusi amansızlıqla törədilən cinayətləri də artıracaq: "Gərginlik içində olan insanların əsəbi reaksiyaları, ani qərarlar verməsi labüddür. Kimsənin xoş olmayan sözünə sosial durumun yaxşı olduğu vaxtda üstündən keçilməklə reaksiya verilirdisə, indiki durumda belə olmayacaq. Ölkədəki sosial iqtisadi durum özünü qəsdən, xüsusi amansızlıqla adam öldürmə cinayətlərinin sayında da göstərir. Çünki işsiz, pulsuz vətəndaşın psixoloji durumu gərgin olur. 2016-cı ilin sonunda ölkədəki kriminogen durumun əks olunduğu statistik məlumatlarla 2015-ci və ya 2014-cü ilin statistik məlumatlarını müqayisə etsəniz, görəcəksiz ki, cinayətlərin böyük əksəriyyətini əvvəllər məhkum olunmamış, ali təhsilli, vaxtilə işlədiyi yer və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunan şəxslər törədib. Bunu tam məsuliyyətlə deyirəm. Çünki işsiz-gücsüz insanların böyük əksəriyyətinin psixoloji durumu gərgindir, bu gərginlikdən doğan cinayətlər də müvafiq olaraq artacaq".
Dəyanət Rzayev: "Bütün baş verənlər sosial problemlərlə bağlıdır
Psixoloq Dəyanət Rzayev isə bildirdi ki, cinayətlər tamah məqsədi ilə törədilmir. Necə tamah ola bilər ki, insan kiminsə evini yarır, ancaq kartlara toxunmur: "Elə insanlar var ki, yeməyə çörək tapmır, evinə pul apara bilmir. Təbii ki, bununla onlara haqq qazandırmaq olmaz. Ancaq bütün bunlar sosial problemlərlə bağlıdır. İnsanlarda ümidin olmaması, sabah övladının ac qalacaq qorxusu, qeyri-müəyyənlik insanları cinayət törətməyə təşviq edir. Artıq sərhəd onun üçün pozulur. Cəzaçəkmə müəssisəsində olsa ona çörək verəcəklər. Burda ancaq acdır. Ona görə düşünür ki, bunu ən azından təcrübədən keçirim. Tamah isə odur ki, bir insanın 100 mini var, yenə də çalışır ki, onu artırsın. Tamah rüşvətxorlara aiddir, adicə oğurluq edənlərə yox".
скачать dle 12.1