Məhkəmədə hakimin gözü qarşısında törədilən cinayətin TƏFƏRRÜATLARI

15-09-2015, 15:34
0
Məhkəmədə hakimin gözü qarşısında törədilən cinayətin TƏFƏRRÜATLARI
Balakən rayonu, Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Elşən Xipiyev həmyerlisi Məhəmməd Xanpəriyevi bıçaqlayaraq öldürüb. Hadisə bu il fevralın 4-də baş verib.
 
Elşən Xipiyevlə Məhəmməd Xanpəriyevin arasında münaqişə hələ iki il əvvəl yaranıb. Onların mübahisəsi 2014-cü ilin 9 dekabrınadək davam edib. Dekabrın 9-da qonşular arasında yaranan mübahisə isə cinayətlə bitib. Buna görə də Məhəmməd Xanpəriyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
 
Qətlin baş verməsinə gətirən səbəb
 
Elşən Xipiyevi bıçaqla vurduğu üçün Məhəmməd Xanpəriyev Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib və cinayət işi bu il fevralın 4-də Balakən rayon Məhkəməsində, hakim Rafiq Kazımovun sədrliyi ilə araşdırma başlayıb.
 
Elşən Xipiyev həmin gün qonşusu Məhəmməd Xanpəriyevlə məhkəmə zalında yenidən mübahisə edib. Elşən Məhəmməd tərəfindən bıçaqlanmasını özünə təhqir hesab edib.
 
Elşən Xipiyev əlverişli şərait yaranan kimi qisas almaq niyyəti ilə Məhəmməd Xanpəriyevi öldürmək qərarına gəlib. Həmin gün saat 17 radələrində hakim Rafiq Kazımovun xidməti iş otağında cinayət işi üzrə məhkəmə prosesi keçirilib. İclas zamanı Elşən Xipiyev cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınaraq hakimin yanına dəvət olunub.
 
O, Məhəmməd Xanpəriyevin sağ əlinin qandalla Balakən rayon Polis Şöbəsinin Müvəqqəti saxlama yerinin konvoy Osman Məmmədovun sol əlinə bağlandığını görüb.
 
Hakimin gözü qarşısında törədilən cinayət
 
Elşən Xipiyev Məhəmməd Xanpəriyevin köməksiz vəziyyətdə olmasından yararlanaraq onu zalda olan atası İlham Xanpəriyevin gözləri qarşısında öldürmək qərarına gəlib. O, qəflətən hücum edərək Məhəmməd Xanpəriyevi bıçaqla vurub. Məhəmməd aldığı xəsarətdən hakimin xidməti otağında dünyasını dəyişib.
 
İki maddəli cinayət işi
 
Elşən Xipiyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham edilib. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Əli Süleymanovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Prosesdə ifadə verən Elşən Xipiyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, mərhum tərəfindən təhqir olunduğunu və buna görə də bu qətl hadisəsini törətdiyini etiraf edib.
 
Hakim kollegiyası şahid ifadələrini dinlədikdən sonra sübutları araşdırıb. Araşdırma zamanı Elşən Xipiyevin qətl hadisəsini törətməsi tam sübuta yetirilib. Məhkəmənin hökmü ilə Elşən Xipiyev 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, Elşən Xipiyev qətl hadisəsindən əvvəl yol qəzası törətdiyi üçün Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham edilib və Balakən rayon Məhkəməsinin hökmü ilə 500 manat məbləğində cərimə olunub.
скачать dle 12.1
Xəbər lenti