Jurnalistlərin öldürülməsi “demokratiyanın təməli”nə hücumdur

1-05-2018, 15:16
3 936
Jurnalistlərin öldürülməsi “demokratiyanın təməli”nə hücumdur

Birləşmiş Ştatlar Əfqanıstanda intiharçı hücumlarında jurnalistlərin öldürülməsni pisləyib, yaraqlıları “demokratiyanın təməli”nə hücum etməklə ölkədə gözənən seçkilərə zərbə vurmağa çalışmaqda suçlayıb.

ABŞ dövlət katibi Mike Pompeo Twitter-də yazıb ki, aprelin 30-da Kabildə 9 jurnalist daxil olmaqla azı 25 nəfərin öldürülməsi “qəddarlıq və barbar hərəkətidir”.

“Müstəqil media demokratiyanın təməlidir. Bugünkü hücuma baxmayaraq Əfqanıstanda inkişaf edən dinamik media duruş gətirəcək”, – o deyib.

Pompeo “buna göz yummayacağıq” deyə əlavə edib.

“BOMBALARA ƏL ATIRLAR”

Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Cəmi bir həftə öncə isə Kabildə seçici qeydiyyatı mərkəzində intiharçı partlayışında 60 nəfər öldürülmüşdü. Həmin hücuma görə də İŞİD məsuliyyəti götürmüşdü.

ABŞ-ın müdafiə naziri Jim Mattis deyib ki, bu hücumlar oktyabra planlaşdırılan parlament seçkiləri öncəsi ölkənin seçki prosesinə zərbə vurur.

“Seçki qutusunda qələbə qazana bilməyənlər üçün bu, normal bir şeydir, onlar bombalara əl atırlar”, – Mattis aprelin 30-da Vaşinqtonda jurnalistlərə deyib.

Partlayış Kabilin Şah Darak rayonunda törədilib. Pres kartlı bir intiharçı az öncə baş vermiş intiharçı hücumunu işıqlandıran jurnalistlər arasına girib və ikinci partlayışı törədib.

Öldürülənlər arasında Azad Avropa/AzadlıqRadiosu-nun iki jurnalisti, radioda çalışmaqdan ötrü təlim keçən bir qadın, “Frans Pres” agentliyinin baş fotoqrafı da var. Öldürülən digər jurnalistlər Əfqanıstan mediasında çalışanlar olub.

“Medianın təhlükədə olduğu yerdə bütün digər insan haqları daha böyük təhlükədədir”, – Birləşmiş Ştatların Kabildəki səfirliyi bildirib.

“SƏSSİZLƏRİN SƏSİNİ SUSDURMAQ CƏHDİ”

BMT-nin baş katibi Antonio Guterres isə hadisədən “qəzəbləndiyini” bildirib.

“Hücumda jurnalistlərin qəsdən hədəfə alınması media peşəkarlarının öz işlərini görərkən üzləşdikləri riskləri bir daha gündəmə gətirir”, – BMT rəhbəri sözçüsü vasitəsiylə bildirib.

“Belə cinayətlərə görə məsuliyyət daşıyanlar dərhal mühakimə olunmalıdırlar”, – Guterres vurğulayıb.

Əfqanıstan hökumətinin başçısı Abdullah Abdullah da baş verənləri “demokratiyaya hücum, səssizlərin səsini susdurmaq cəhdi” adlandırıb. Prezident Ashraf Ghani hücumu “hərbi cinayət” hesab edib.

Aprelin 30-da Pakistanla sərhəddəki Xost vilayətində isə BBC-nin Əfqanıstan müxbiri öldürülüb.

Ötən il Əfqanıstanda azı 20 jurnalist qətlə yetirilib. Ötən həftə naməlum silahlı Qəndəhar vilayətində bir jurnalisti güllələmişdi.

скачать dle 12.1
Xəbər lenti