Kleptokratların oxlokratiya ittihamı

17-05-2018, 19:42
10 127
Kleptokratların oxlokratiya ittihamı

Yaxud, Azərbaycanın səbri nə qədərdi?

Qısa müddət öncə Ermənistanda inqilab baş verdi və quldur Sarkisyan hakimiyyətdən uzaqlaşdırıldı. Azərbaycan hakimiyyəti isə Ermənistanda başverənlərin Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcəyini, yeni hökumətin işğalçılığa son qoymağa məcbur olacağını təbliğ edirdilər. Hətta Sarkisyanın arxivə göndərilməsini Azərbaycan hökumətinin uzaqgörən siysətinin nəticəsi kimi təqdim etməkdən də çəkinmədilər. Amma Ermənistan müxalifətinin lideri Paşinyan özünə yer edən kimi Azərbaycanla bağlı sərt bəyanatlar verməyə başladı. Açıq şəkildə ifadə etdi ki, bir qarış torpaq da güzəştə gedilməyəcək. Təbii ki, bütün bu bəyanatlara Azərbaycan tərəfinin dişli reaksiyası müşahidə olunmadı.
Bugünlərdə isə ölkə başçısı Naxçıvana səfər etdi və Qarabağ münaqişəsinin nizamlanmasından, ordunun silahlanmasından danışdı. Ermənistan tərəfi bu quru sözlərə də biganə qalmadı. Ermənistan Xarici İşlər Nazirliyi bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır.
Bu dəfə “cavab atəşi” Azərbaycan XİN-indən gəlib. “Ermənistanda siyasi böhran nəticəsində hakimiyyət dəyişikliyi baş verəndə Azərbaycan tərəfi bildirdi ki, bu ölkədə sağlam təfəkkürlü siyasi qüvvələr hakimiyyətə gələrsə, münaqişənin həllində irəliləyişə nail olmaq olar. Amma deyəsən, Ermənistanın oxlokratiya rejimi əvvəlki rejimin səhvlərini təkrarlamağa çalışır. Amma Azərbaycanın səbri tükənməz deyil”-deyə XİN sözçüsü Hikmət Hacıyev bildirib.
Göründüyü kimi bizimkilərin “sərt reaksiya”sı Ermənistandakı vəziyyətə “oxlokratiya” tərifi verməklə kifayətlənib. Qeyd edək ki, oxlokratiya dövlət idarəetmə formalarından biridir. Demokratiyanın təhrif edilmiş, eybəcərləşdirilmiş formasıdır. Bunu qaraguruhun hökmranlığı, dövlətin ən pis forması kimi kimi qiymətləndirirlər.
İndi Azərbaycan hökuməti Ermənistandakı dəyişikliyi, xalqın öz haqqı uğrunda mübarizəni “oxlokratiya” adlandırır. Bunların düşüncəsinə görə xalqın öz azadlığı uğrunda mücadiləsi “qaraguruhun qışqırtısı” dı.
Tragikomik vəziyyət isə bundan ibarətdir ki, Azərbaycanda da kleptokratik bir hakimyyət mövcudur. Kleptokratiya “oğrular hakimiyyəti” deməkdi. Belə hakimiyətlət dövlətin imkan və vasitələrindən şəxsi var-dövləti artımaq üçün istifadə edir, fırıldaqçılığı dövlət siyasətinə çevirir. Kleptokratiya avtoritar hakimiyyətlərin korrupsiyaya bulşaması nəticəsində yaranır.
Göründüyü kimi kleptokratlar Ermənistandakı xalq etirazına oxlokratiya tərifi verməklə, konkretlik yaratmaq istəyib. Amma Azərbaycanın səbrinin tükənməz olduğu ilə bağlı bəyanatda konkretlik müşahidə olunmur. Yəni, Azərbaycanın səbrinin nə qədər olduğu, düşmənə nə qədər vaxt verildiyi dilə gətirilmir. Ən əsası isə budur ki, işğalçı ölkədəki xalq etirazını “oxlokratiya” adlandırmaq siyasi gediş deyil və Azərbaycan tərəfinin adekvat cavabı sayıla bilməz. Çünki hamı başa düşür ki, Ermənistandakı etirazlar bir nəfərin vəzifə kürsüsündən sallaşmasına qarşı idi. Azərbaycan hakimiyyətinin adekvat cavabı demokratik islahatlar, qanunun aliliyinin təmin edilməsi, repressiyanın dayandırılması, şəffaf seçkilər ola bilərdi ki, bunun üçün də siyasi iradə yoxdur. Bu isə o deməkdir ki, Qarabağ məsələsində Azərbaycan hökumətinin səbri tükənməzdi.

скачать dle 12.1
Xəbər lenti