“Yığılan pulları Nəcməddin Sadıkova vermişəm” - Həbsdəki POLKOVNİK

15-09-2023, 20:02
3 718
“Yığılan pulları Nəcməddin Sadıkova vermişəm” - Həbsdəki POLKOVNİK

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Formal olaraq prosesin açıq keçirildiyi elan olunsa da, faktiki olaraq qapalı keçirilib. Bu gün eyni məhkəmə instansiyasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərlərinin prosesi baş tutub. Həmin prosesə də jurnalistlər  “yer yoxdur” bəhanəsi ilə buraxılmayıblar.

Məlumatına görə, Məlikməmməd Qurbanovun cinayət işi üzrə prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Vəzifədə olduğu müddətdə Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin eks rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manatdan çox mənimsəmədə təqsirləndirilir. Belə ki, Nazirliyin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələri alaraq mənimsəyib.

M.Qurbanova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən Məlikməmməd Qurbanov ona elan olunan ittihamla özünü qismən təqsirli bilib. O, hərbi qulluqçu olduğunu, verilən tapşırıqları icra etdiyini, dövlətə vurduğu ziyanı tam ödədiyini deyib.

Məlikməmməd Qurbanov bildirib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtlı-vaxtında və keyfiyyətli təmin etmək olub.

Sabiq idarə rəisi qeyd edib ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da, hamısı bir şəxsə məxsus olub. O, həmin şəxsin adını çəkməkdən imtina edib: “Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdlaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində Aftandil Abdıyev 20 milyon manatı nağdlaşdıraraq hissə-hissə mənə verib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manatı rəhbərliyin tapşırığı ilə hazırda dünyasını dəyişən nazirin maddi-texniki təminat üzrə müavini Fuad Məmmədova, 800 min manatı Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərclərinə və şəxsi xərclərimiz üçün verilib.

Bundan başqa, abadlıq işləri ilə bağlı başqa şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı başqa şirkətlərlə əməkdaşlıq etmişik. Onlarla da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat pul verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

Tərəflərin suallarını cavablandıran polkovnik sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra etdiyini deyib:

“Bütün alınan pulları birbaşa şəxsən xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməsi olduğunu o müəyyən edib. Düzdür şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə mən işlərin icrasını həyata keçirmişəm”.

Məhkəmə prosesi oktyabrın 6-da davam edəcək.

скачать dle 12.1
Xəbər lenti