Atletlər işi”ndə hökm oxundu

19-09-2016, 18:38
0
Atletlər işi”ndə hökm oxundu

Birinci Avropa Oyunları zamanı Bakıda avstriyalı atletlərin vurulduğu avtobus qəzası ilə bağlı aylardır davam edən məhkəmə prosesi yekunlaşıb. Sentyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində avtobusun sürücüsü, onun adını Avropa Oyunlarında xidmət göstərən sürücülərin siyahısına daxil etməkdə günahlandırılan Nəqliyyat Nazirliyinin iki əməkdaşı və qəzanın görüntülərini yaymaqda təqsirləndirilən polisə hökm oxunub.

Cavid Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyasının hökmü ilə sürücü Vəli Əhmədova 3 il, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olmuş Hüseyn Salamova 3 il, Xidmətin Bakı Regional Şöbəsinin Sərnişindaşımanın təşkili sektorunun məsləhətçisi Fərid Əmiraslanova 2 il 11 ay 28 gün, Nizami Rayon Polis İdarəsinin “Təhlükəsiz Şəhər” xidmətinin keçmiş əməkdaşı Elçin Həsənova isə 4 il cəza verilib.

Vəli Əhmədov CM-nin 263.1-1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), Elçin Həsənov və Hüseyn Salamov 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), Fərid Əmiraslanov isə 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunurdu. Məhkəmə Hüseyn Salamovun ittihamını dəyişib və CM-nin 314.2-ci maddəsinə tövsif olunub.

Nəqliyyat Nazirliyinin əməkdaşları Vəli Əhmədovun adının Avropa Oyunlarında iştirak edəcək sürücülər siyahısına salınmasına imkan verməkdə günahlandırılırdı. Polis əməkdaşı Elçin Həsənov isə qəzanın görüntülərini yaymaqda təqsirləndirilib.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Vəli Əhmədov və Hüseyn Salamov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Çünki qanuna görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə verilən cəza beş ilə qədər olduqda məntəqə tipli müəssisədə çəkilir. Həmçinin məhkəmə Fərid Əmiraslanova münasibətdə CM-nin 70-ci maddəsini tətbiq edib və ona şərti cəza verilib. Keçmiş polis əməkdaşı Elçin Həsənov isə ona verilmiş 4 il həbsi ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidi.

Xatırladaq ki, ötən il iyunun 11-də baş vermiş qəza nəticəsində Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviç, Luna Pacer və Verena Breyt xəsarət alıb.

скачать dle 12.1
Xəbər lenti