Allah ona xüsusi bacarıq verib - "Qəbələ"nin baş məşqçisi

19-10-2016, 01:20
0
Allah ona xüsusi bacarıq verib - "Qəbələ"nin baş məşqçisi
Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" qrup mərhələsinin III turunda səfərdə "Sent-Etyen"in qonağı olacaq. Bu gün 15:30-da Fransaya yola düşməli olan "qırmızı-qaralar" Bakıdakı son məşqinə Bakı Olimpiya Stadionunda keçdi. Səhər 11:30-da BOS-un yardımçı meydançasına ayaq basan komanda üzvləri Roman Qriqorçukun rəhbərliyi ilə yağış altında son hazırlıqlarından birini tamamladı.
 
Məşq başa çatandan sonra isə ukraynalı çalışdırıcı Futbol11.az saytına müsahibə verib. 
 
- "Sent-Etyen"lə oyunda öncə komandada son vəziyyət necədi?
 
- Sıx qrafikdə xüsusi yenilik yoxdu. Bizə sadəcə, bir neçə futbolçumuzun zədəli olması mane olur. Ancaq təəssüflənməyə dəyməz. Onların yoxluğunda digər futbolçular oynamaq şansı qazanacaq. Mənə elə gəlir ki, meydanda olacaq futbolçular bizə nəticə qazanmağa kömək edəcək.
 
- Nika Kvekveskiri, Rəşad Sadiqov və Baqali Dabo hazırda komanda ilə birgə olmasa da, futbolçuların əhavl-ruhiyyəsinin yüksək səviyyədə olduğunu gördük. Xüsusi motivasiya üçün onlara nə söyləmisiz?
 
- Niyə də kefimiz pis olmalıdı? Heç vaxt belə olmur. Meydana çıxan hər bir  futbolçu öz üzərinə işləməlidi. Futbolçularımız belə məsələlərə peşəkar yanaşırlar.
 
- "Sent-Etyen"i necə devirmək olar?
 
- Əlbəttə rəqib haqda ətraflı məlumat əldə etmişəm. Bu gün və sabah fransızların çatışmayan cəhətlərini futbolçularıma izah edəcəm. Çünki komandam buna hazır olmalıdı. Buna baxmayaraq, futbola baxışımızı dəyişmirik. Öz oyunumuzdan əl çəkməyəcəyik. Yəni, siz təkcə öz cərimə meydançamızda dayanıb müdafiə olunmağımızı görməyəcəksiniz. Düzdü, bu, bizə təminat vermir. Amma öz hücumlarımızı quracağıq, əks-hücumlara bel bağlayacağıq. 
 
- Əvvəlki oyunlarda zədə və cəza səbəbi ilə tam heyətlə oynaya bilmədiniz. Əksi olsaydı, nəticə də fərqli ola bilərdimi?
 
- Təxmini nəsə söyləməkdə çətinlik çəkirəm. Amma yaxşı olardı ki, meydana tam heyətlə çıxaq. Onsuz da zədəli futbolçular bütün komandalarda olur. Buna görə heç kim sığortalanmayıb. İki oyunda optimal heyətlə oynaya bilmədik. Yenə eyni problemlərlə üzləşmişik. İş burasındadı ki, yaranan problem dayaq yarımmüdafiəçiləri ilə bağlıdı. Buna görə də ola bilər ki, yeni üsula əl ataq. Müxtəlif cəbhələrdə mübarizə aparan komandalar üçün onların komplektləşmiş heyəti olmalıdı. Bu baxımdan çətinlik çəkirik. Çıxış yolu axtarmağa borcluyuq. Başqa yolumuz yoxdur. 
 
- Cavid Hüseynovun qayıtması komanda üzvlərinin əhval-ruhiyyəsini daha da artırıbmı?
 
- Bu, bizim üçün sevindici məqamdı. Cavid Azərbaycanın ən güclü futbolçularından biridi. Əvvəlki formasını bərpa etsə, "Qəbələ" ən güclü olacaq. Biz onu itirərkən də, yoxluğunu hiss etmişdik.
 
- Hazırkı fiziki durumu ümidli gələcək vəd edir?
 
- İndi onun durumu ilə bağlı nəsə dəqiq deyə bilmərəm. Gərək yaxından tanış olam, məşqdə onu izləyəm. Böyük istedadlı futbolçudan söhbət gedir. Allah ona xüsusi bacarıq verib. Fikrimcə, tezliklə əvvəlki formasını bərpa edə biləcək.
 
- Qarşılaşmadan 2 gün əvvəl start heyəti açıqlaya bilərsiz? Artıq millimizin çalışdırıcısı Robert Prosineçki oyundan əvvəl start heyəti açıqlamaqla bizi buna öyrəşdirib...
 
- Bu, Prosineçkinin öz seçimidi. Mən məsələyə fərqli yanaşıram. Start heyəti ancaq oyun günü səhər açıqlayıram. 
 
- Adətən səfər oyunlarına matça 1 gün qalmış yollanırsınız. Bu dəfə səfərə iki gün öncə getməyinizin xüsusi bir səbəbi var?
 
- Xeyr. Hər hansı bir xüsusi səbəb yoxdu. Sadəcə, bizdən Fransaya 5 saatlıq yoldu. Oyundan bir gün əvvəl bu yolu getsək, komandada yorğunluq hiss oluna bilər. 
 
- "Lill"i devirdiyinə görə, fransızlar "Qəbələ"dən çəkinməlidirmi?
 
- Mən əminəm ki, bizdən heç kim qorxmur. Onlar bizim də, öz çempionatlarının da hansı səviyyədə olduğunu çox yaxşı bilirlər. Biz məsələyə ciddi yanaşmalıyıq. Almaniya, Belçika, Fransa çempionatları səviyyəsinə yüksəlməyimiz üçün çox işləmək lazımdı. 
скачать dle 12.1
Xəbər lenti