"Rayon maşını qadağası" fermerləri ac qoyacaq

7-10-2015, 16:31
0
"Rayon maşını qadağası" fermerləri ac qoyacaq
Rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 22:00-a qədər Bakıya buraxılmaması barədə qərar sentyabrın 15-dən qüvvədədir. Üstəlik, bu avtomobillərin saxlanması üçün paytaxtın cənub və şimal girişində duracaqlar tikilib. Rayon qeydiyyatında olan avtomobillərin paytaxta daxil olmasına qoyulan məhdudiyyətlərlə bağlı narazılıqlar isə səngimək bilmir. Budəfəki narazılıq paytaxta müxtəlif bölgələrdən təşrif buyuran fermerlərlə bağlıdır.
 
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov Modern.az saytına məsələ ilə bağlı müxtəlif bölgələrdən şikayətlər edildiyini bildirib:
 
“Ölkədə kənd təsərrüfatı məhsullarının qiyməti onsuz da yüksəkdir. İstehlakçılar ərzaq mallarını, kənd təsərrüfatı məhsullarını daha baha qiymətə əldə edirlər. Rayon qeydiyyatlı avtomobillərin Bakı şəhərinə buraxılmaması ciddi problem yaradır. Fermerlər istehsal etdiyi məhsulun bir hissəsini müxtəlif qəsəbə və mikrorayonlarda satmağa çalışır. Təəssüf ki, buna imkan yaradılmır. Nəticədə fermerin məhsulu xarab olur və o, heç bir gəlir əldə etmir.
 
Fermer paytaxta gətirdiyi məhsulu satıb qayıtmaq istəyir. Nəzərə alın ki, bunlar səhər tezdən şəhərə çatmaq üçün gecə saatlarında yola çıxmalı, səhər də yuxusuz halda məhsulunu satmalıdır. Bu bir insan üçün çox yorucudur, işə əngəl yaratmaq deməkdir.
 
Mənə Gəncə-Qazax, Quba-Xaçmaz, Aran bölgəsindən zənglər gəlir. Fermerlər istehsal etdikləri məhsulu sata bilmədikləri üçün narazılıqlarını bildirirlər”.
 
Vahid Məhərrəmovun sözlərinə görə, fermerlər ciddi problemlərlə qarılaşır: “Bakıdakı bazarlar dəllalların əlinə keçib. Mümkün olan topdansatış bazası da inhisarçıdır. Fermerlər üçün imkan yoxdur ki, əllərində olan məhsulu sata, istehlakçılara təklif edə bilsin. Ona görə də istehsal azalır, idxal artır. İdxaldan asılılığımız ciddi problem yaradacaq. Biz daha baha və daha keyfiyyətsiz məhsul əldə edəcəyik”.
 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az saytına deyib ki, rayon qeydiyyatında olan avtomobillərin paytaxta girişinə qoyulan məhdudiyyətlə bağlı nazirliyə hər hansı şikayət daxil olmayıb:
 
“Bizə yarmarkaya gəlmək istəyən, ancaq yolda incidilən hər hansı fermerdən şikayət daxil olmayıb. Həftənin şənbə və bazar günləri Bakı şəhərinin 5 ünvanında yarmarkalar təşkil edilir. Respublikanın bütün bölgələrindən olan fermerlər rahat şəkildə öz məhsullarını alıcılara təqdim edir. Cümə günü axşam saat 10-dan sonra, həmçinin şənbə günü səhər tezdən fermerlər məhsullarını yarmarkaya gətirərək yerləşdirirlər. Sərbəst şəkildə də məhsullarını satırlar”.
скачать dle 12.1
Xəbər lenti