İstilik enerjisi tarifləri artırılacaqmı?

27-10-2015, 20:19
0
İstilik enerjisi tarifləri artırılacaqmı?
Azərbaycanda istilik enerjisi tariflərinin artırılmasına baxılması məsələsi gündəmdə deyil.
 
Bu barədə Milli.Az-ın sorğusunu cavablandıran "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. 
 
Onun sözlərinə görə, istilik enerjisi ilə əlaqədar tariflərə baxılması məsələsi müzakirə olunmur: "Düzdür, tariflər maya dəyərindən aşağıdır. Amma buna baxmayaraq, bu gün tariflərin artırılması məsələsi gündəmdə deyil. Tarif hər 1 kv.metr yaşayış sahəsi üçün aylıq 15 qəpikdir".
 
Qeyd edək ki, bir neçə gün öncə "Azəristiliktəchizat" ASC tariflərin artırılması üçün yenidən hökumətə müraciət edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. 
 
Milli.Az xəbər verir, anspress-in məlumatına görə, iki həftə öncə elə Rafiq Əliyevin özü demişdi ki, mövcud istilik enerjisi tarifləri 2011-ci ildə Tarif Şurasının qəbul etdiyi qərara uyğun olaraq təyin edilir. Lakin bu tariflər "Azəristiliktəchizat"a nəinki mənfəətlə işləməyə, heç xərclərini belə ödəməyə imkan vermir: "Biz suyun 1 kubmetrini 1 manata alıb qaynadırıq və 40 qəpiyə əhaliyə satırıq. Buna görə də tariflərin artırılması üçün hökumətə təkrar müraciət etmək niyyətindəyik".
 
Qeyd edək ki, bir qədər əvvəl maliyyə naziri Samir Şərifov da Azərbaycanda istilik enerjisi tariflərinin aşağı olduğunu bildirmişdi. Nazirin sözlərinə görə, "Azəristiliktəchizat" üçün müəyyən edilmiş tariflər hətta içməli su və kanaliziya xidmətləri operatoru olan "Azərsu"nun tariflərindən də aşağıdır. Bu isə qurumun iqtisadi vəziyyətinin yaxşılaşmasına imkan vermir.
скачать dle 12.1
Xəbər lenti