“Bank of Azerbaijan” müflis olmayıbmış - RƏSMİ AÇIQLAMA
20-12-2015, 21:55
0
“Bank of Azerbaijan” müflis olmayıbmış - RƏSMİ AÇIQLAMA
“Bank of Azerbaijan” ASC son günlər müxtəlif mətbuat orqanlarında və bəzi internet saytlarında bankla bağlı yayılan məlumatlara münasibət bildirib.
“Bank of Azerbaijan” həmin məlumatları “əsassız, qərəzli və ziddiyyətli” adlandırıb.
Bu barədə virtualaz.org saytına “Bank of Azerbaijan” ASC-dən bildirilib.
“Bankda yaranmış müvəqqəti likvidlik problemindən yararlanmağa çalışan maraqlı qüvvələr tərəfindən yönləndirilən saytlar dəqiqləşdirilməmiş informasiyaya söykənərək bankın müştəriləri arasında ajiotaj yaratmağa çalışırlar.
Bununla əlaqədar bəyan edirik ki, bankın özünü müflis elan etməsi xəbəri nəinki həqiqəti əks etdirmir, bu xəbər hətta sağlamlaşma istiqamətində ciddi addımlar atan bankın yeni inkişaf strategiyası ilə ziddiyyət təşkil edir” - deyə “Bank of Azerbaijan” bəyan edib.
Açıqlamada deyilir ki, bu gün bankın likvid portfeli, banka və bankın səhmdarlarına məxsus aktivlərin ümumi həcmi məcmu öhdəliklərini qat-qat üstələyir: “Yaranmış müvəqqəti çətinliyin səbəbi bir zamanlar bank ətrafında yaranmış vəziyyətdən çaşqınlığa düşən əmanətçilərin öz vəsaitlərini birdən geri çəkmək istəməsi olub.
Bank tərəfindən iqtisadiyyaatın müxtəlif sektorlarına müxtəlif müddətlərə verilmiş kreditlərin əsas resurs mənbəyini təşkil edən əmanətlərin vaxtından əvvəl geri çəkilməsi, şübhəsiz ki, müvəqqəti likvidlik problemi yarada bilər.
Nəzərə alsaq ki kreditlərin qayıtmasında da gecikmələr mümkündür, o zaman əlavə resurs mənbəyi tapmaq zərurəti yaranır. Bu yöndə ciddi addımlar atan bank menecmenti və səhmdarı ictimaiyyəti bir daha əmin edir ki, əmanətlərin qaytarılmasında heç bir təlaşa və narahatçılığa əsas yoxdur”.
“Bank of Azerbaijan” daha sonra bildirir ki, yaxın günlərdə məsələ həllini tapacaq və bankın ali idarəetmə orqanları tərəfindən mətbuat üçün geniş brifinq təşkil ediləcək.
скачать dle 12.1