Bakı marketlərində qeyri-müəyyənlik: həm işləyirlər, həm də yox... - FOTO

22-12-2015, 14:52
0
Bakı marketlərində qeyri-müəyyənlik: həm işləyirlər, həm də yox... - FOTO
Ötən gün elan olunan devalvasiya ölkədə az qala bütün məhsulların, ilk növbədə isə ərzaq və gündəlik tələbat mallarının satışına elə ilk saatlardanca təsir göstərdi.
 
Paytaxtın alış-veriş mərkəzləri görünməmiş ajiotajla üzləşdi. Hamı “daha böyük bahalaşma olacaq” təlaşı ilə əlindəki ucuz manatdan qurtulmağa, gündəlik tələbat mallarını həftəlik, aylıq tələbatından da artıq almağa çalışdı. Vəziyyəti daha da dramatikləşdirən ən əsas məqamlardan biri də o idi ki, iri firmalar mağazalara, supermarketlərə mal verməyi dayandırdı.
 
 
Oxşar vəziyyət bu gün də davam edir. Belə ki, mağazalara hələ də yeni məhsul gətirilmir. Bəzi supermarket şəbəkələri bir neçə gün əvvəl aldıqları malları köhnə qiymətlərlə satır.
 
“Qız qalası” supermarketi əməkdaşının sözlərinə görə, həmişə məhsul aldıqları firmalardan bu gün səhər saatlarında onlara zəng olunaraq xəbərdarlıq edilib ki, hələ yeni mal gətirə bilməyəcəklər: “Yəqin ki, dolların bahalaşmasına görə qiymət müzakirəsi gedir”.
 
“Favorit” supermarketlər şəbəkəsinin Binəqədi qəsəbəsində yerləşən şöbələrinin biri isə səhər saatları olmasına baxmayaraq bağlı idi. Yaxınlıqdakı mağazaların satıcılarının sözlərinə görə, səbəb dolların bahalaşması ilə əlaqədar məhsullarda gözlənilən qiymət artımıdır: “Yəqin kalkulyasiya gedir. Qiymətlərin dəqiqləşməsini gözləyirlər”.
 
Adıçəkilən supermarketin Rəsulzadə qəsəbəsindəki şöbəsi isə saat 10:30-dan etibarən fəaliyyətə başlayıb, özü də yeni qiymətlərlə.
 
 
“Bəzi məhsulların üstündə köhnə qiymətlər qalıb, hələ çatdırıb dəyişə bilməmişik” - deyə mağaza əməkdaşı məlumatı təsdiqləyir.
 
İstənilən bir məhsuldakı qiymətlərin dəyişməsinə nəzər salanda ümumi mənzərəni də müəyyən etmək çətin deyil. Məsələn, əvvəllər 1 manat 70 qəpiyə satılan 450 qramlıq “Ariel” yuyucu tozu bu gündən etibarən 2 manat 10 qəpiyə satılır.
 
“Araz” supermarketində də qiymət yenilənməsi prosesi müşahidə olunur. Belə ki, məhsulların böyük əksəriyyətinin üzərindəki qiymətlər çıxarılıb. Digər yarlıqlar isə mağaza işçiləri tərəfindən yavaş-yavaş çıxarılır. Bir azdan onların yeniləri ilə əvəz olunacağı bildirilir. Bu isə müştərilərin narazılığına səbəb olur.
 
 
 
Alıcı Rəfiqə Seyidova şikayətlənir ki, almaq istədiyi heç bir məhsulun üzərində qiyməti görə bilmir deyə büdcəsinə uyğun olanı seçməkdə də çətinlik çəkir: “Dəqiqəbaşı da soruşmaq olmur ki, o neçəyədir, bu neçəyədir...”
 
Mağaza əməkdaşları əllərindəki xüsusi aparatın köməyi ilə məhsullara qoyulan yeni qiymətləri öyrənir və müştərilərə deyir.
 
Maraqlıdır ki, adıçəkilən supermarketlərin hər birində bu gün də firmalar tərəfindən yeni məhsul gətirilmədiyini təsdiqləsələr də məhsullar artıq yeni qiymətlə, daha dəqiq desək, baha satılır.
 
Digər alıcı Adil Qurbanov da qiymət fərqi ilə əlindəki çekdən tanış olur. Deyir ki, əvvəllər 2,17 manata aldığı kərə yağı artıq 2,61 manata satılır.
 
“İnşaatçılar” metrosunun yaxınlığında yerləşən “Bizim market” supermarketi saat 12:00 radələri olmağına baxmayaraq hələ də fəaliyyətə başlamamışdı. Bu da alış-veriş üçün mağazaya üz tutan müştərilər arasında narazılıq doğurmuşdu.
 
 
 
Maraqlıdır ki, bəzi müştərilərdə qiymətlərin artmayacağına dair əminlik vardı. Ona görə də onlar marketin bağlı olmasına daha aqressiv yanaşırdılar. Yeri gəlmişkən, burada daha bir məqamı mütləq qeyd etməliyik: görünür, elə bu gərginliyin nəticəsi idi ki, nə satıcılar, nə də alıcılar fotoşəkillər çəkməyə icazə vermirdi.
 
Onu da qeyd edək ki, qəzetdən daha çox siqaret satışı ilə məşğul olan köşklər də bəzi marketlər kimi bu gün qapılarını müştərilərin üzünə bağlayıb. İşləyən köşklərdə isə qiymət artımı var. Özü də necə! Məsələn, srağagün qutusu 2 manat 20, dünən 2 manat 50 qəpiyə olan “Kent 4” markalı siqaret bu gün nə az, nə çox - düz 4 manata satılıb. Necə deyərlər, şərhsiz...
скачать dle 12.1
Xəbər lenti