Maliyyə Sabitliyi Şurası (MSŞ) yaradılan vaxtdan bəri manat durmadan dəyərsizləşib, bankların dollar tələbini qarşılamaq çətinləşib, bir neçə bankın lisenziyası ləğv edilib
Prezident İlham Əliyevin iyulun 15-də imzaladığı fərmanla Maliyyə Sabitliyi Şurası yaradılmışdı. Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə fəaliyyət göstərən Şuraya bir ay müddətində bir sıra həlli vacib işlər görmək tapşırılmışdı.
Bir ay ötüb, amma…
Yeni quruma bir ay içində ölkədə maliyyə-kredit sektorunun durumunu incələmək, eləcə də qanunvericilik bazasının ekspertizasını aparmaq tapşırılmışdı. Şura həmin müddətdə maliyyə sabitliyinə hər hansı təhdidin qarşısının alınmasına, makroiqtisadi sabitliyin, maliyyə dayanıqlığının təmin edilməsinə, orta perspektivdə atılacaq addımlara və icra mexanizmlərinə dair təkliflərini prezidentə verməli idi.
Ayrılan zaman dilimində MSŞ üzvlərinin toplanıb-toplanmaması haqqında AzadlıqRadiosunun sorğusuna Nazirlər Kabinetinin mətbuat xidmətində deyiblər ki, onlarda bu barədə məlumat yoxdur.
Mərkəzi Bankın mətbuat xidməti də xəbərsizdir
Şuranın katibliyi funksiyası Azərbaycan Mərkəzi Bankına (AMB-yə) həvalə olunsa da, AMB-nin mətbuat xidməti də Şuranın gördüyü işlərdən xəbərsizdir. Hər halda, orada Şuranın ötən müddətdə nə iş görməsinə dair bir söz deməyiblər.
MSŞ ölkənin makroiqtisadi sabitliyinin möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi, bu sahədə koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə qurulub. Onun tərkibinə prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, maliyyə və iqtisadiyyat nazirləri, AMB İdarə Heyətinin sədri, SOCAR-ın icraçı direktoru və Maliyyə Bazarlarına Nəzarət Palatası Müşahidə Şurasının sədri daxildir.