Dollardan imtina manatı daha da zəiflədər

26-12-2016, 19:46
0
Dollardan imtina manatı daha da zəiflədər
Dolların dünyada möhkəmlənməsi fonunda bir çox ölkələrin milli valyutasının kəskin devalvasiyası ciddi narahatlıqlar yaratmağa başlayıb. Gərginliyin əsas səbəbi dolların kəskin bahalaşmasının kökündə iqtisadi proseslərin deyil, siyasi oyunların dayanması məsələsinin artıq fakt kimi qəbul edilməsidir . Buna görə də Azərbaycan da daxil olmaqla müəyyən ölkələrdə dollardan imtina məsələsi müzakirə olunmağa başlayıb.
Türkiyə prezidenti Ərdoğan da bu günlərdə dolardan imtina məsələsini açıq şəkildə bəyan etdi: “Valyuta spekulyasiyaları ilə kimlərsə iqtisadiyyatımıza mənfi təsir etməkdədir. Lakin bunun arxasında iqtisadi səbəb durmur. Məqsəd siyasi əməliyyatlara hazırlamaqdır. Bu cür spekulyasiyalara qonşu ölkələr, konkret desəm, Çin, Rusiya, Azərbaycan da məruz qalır. Amma biz bu oyunlara son qoyacağıq. Bunun üçün milli valyutaya inamı artırmalıyıq. İdxal-ixrac əməliyyatlarında milli valyutalardan istifadə olunmalıdır”
Dollardan imtina, daha doğrusu idxal-ixrac əməliyyatlarının milli valyuta ilə aparılması indiki məqamda nə dərəcədə realdır? Bu, Azərbaycan iqtisadiyyatına nə verə bilər?
İqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, xarici ticarətdə hesablaşmaların milli valyuta ilə aparılması manatın mövqeyini daha da zəiflədə bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir:
“İlk növbədə onu qeyd edim ki, bu ilin 11 ayının gömrük məlumatlarına görə, Azərbaycanda xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 13244 olub ki, onun da 8018-i fiziki şəxslər, 5226-ı hüququ şəxslərdir. Hüquqi şəxslərin yalnız 240-ı dövlət, 4986-ı isə özəl bölməni təmsil edib. Belə olan halda xarici ticarətdə milli valyuta ilə hesablaşmalara keçid qərarı mərkəzləşdirilmiş halda dövlət şirkətlərinə şamil oluna bilər. Özəl bölmə və fiziki şəxslər xaricə çıxartdığı mal və xidmətləri hansı valyutada satmaq qərarını özü verir. Ona görə də neftdən kənarda idxal və ixrac əməliyyatlarının böyük hissəsinin özəl bölmə və fiziki şəxslər tərəfindən həyata keçirilməsi inzibati qaydada qəbul edilmiş bu tip qərarların icrasını çətinləşdirir. Onların sərbəst satış hüququnun mövcudluğu şəraitində, Türkiyə və Rusiya ilə sərhəd bölgələrində yaşayan bir qrup əhali istisna olmaqla böyük əksəriyyət sahibkar adı çəkilən 3 ölkəyə ixraca göndərdiyi malın və xidmətin dəyərinin qeyri-sabit vəziyyətdə olan, son vaxtlar sürətlə dəyər itirən lirə, rubl və yuanla ödənilməsində maraqlı olmayacaq”.
İqtisadçı qeyd edib ki, hələ də gerçək məzənnəsi məlum olmayan manata həmin 3 ölkəni təmsil edən özəl sahibkarların da marağının formalaşması inandırıcı görsənmir: “Bu ilin 11 aylıq statistikasına görə Azərbaycana olan idxalın 40 faizə qədərini Türkiyə, Rusiya və Çin təmin edir. Onların birlikdə Azərbaycana göndərdikləri malın həcmi 4 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, həmin ölkələrin sahibkarları Azərbaycandan 4 milyard dollarlıq manat qazanmalıdırlar. Bu ilin 11 ayının statistik yekunlarına görə, həmin 3 ölkəyə Azərbaycandan ixracat 2 milyard dollardan çox olmayıb. Bu isə o deməkdir ki, bizim sahibkarlar 2 milyard dollarlıq lirə, rubl və yuan qazanacaq və o miqdarda da ölkəyə mal gətirə biləcək, yerdə qalan 2 milyard dollarlıq fərqi isə yenə də dollarla ödəmək məcburiyyətində qalacaqlar. Belə hesablaşmalar isə qarşı tərəfin xeyrinə işləyəcək, onların milli valyutasını möhkəmlədəcək, bizim manatı bir az da zəiflədəcək”.
Qubad İbadoğlu vurğulayıb ki, Azərbaycanın əsas ixrac məhsulu xam neftdir, onun da satışını dollarla deyil, manatla həyata keçirsə bu, milli valyutanı möhkəmləndirmək əvəzinə  daha da ucuzlaşdırar: “Biz tərəfdən neftin və neft məhsullarının, eləcə də qazın dollara deyil, həmin 3 ölkənin milli valyutalarına satılması manatı daha da ucuzlaşdıra bilər. Odur ki, iqtisadi qiymətləndirmələr və mülahizələr Azərbaycanın bu tip siyasi layihələrdə yer almasının əleyhinədir. Yekun olaraq onu da əlavə etmək istərdim ki, getdikcə hökmran mövqeyi güclənən dollara qarşı lirə, rubl, yuan və manat koalisiyası nəyisə dəyişmək gücündə deyil. Əksinə, belə birlik həmin ölkələrin milli valyutasının daha da dəyərsizləşməsinə gətirib çıxaracaq”.
скачать dle 12.1
Xəbər lenti