“Azəri camaatı”nın üzvü məhkəmə qarşısında – “Silahı bizə iki-üç gündən bir növbəyə gedəndə verirdilər”

4-02-2023, 11:38
5 767
“Azəri camaatı”nın üzvü məhkəmə qarşısında – “Silahı bizə iki-üç gündən bir növbəyə gedəndə verirdilər”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə 45 yaşlı Akif Osmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Suriyada silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunur. Fevralın 3-də keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Akif Osmanov 2013-cü ildə 2 nəfər tanışı - Elşad Cəfərov və Cavid Ağcəbəyovla birgə Gəncə hava limanından Türkiyəyə, oradan isə Suriyaya gedib. Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. Qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşulub, yaralanıb, qəlpə yarası alıb.

Təqsirləndirilən Akif Osmanov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində Suriyada altı ay qaldığını, aktiv döyüşlərdə iştirak etmədiyini, yalnız idman təlimlərinə qatıldığını deyib:  “Mən yalnız növbətçilik etmişəm. Silahı bizə iki-üç gündən bir növbəyə gedəndə verirdilər. Silahlı əməliyyatlarda iştirak etməmişəm”.

Akif Osmanov deyib ki, “Şeyx Şamil” qəsəbəsində mühasirəyə düşənlərə yardım etməyə gedərkən yaralanıb, uzun müddət müalicə olunub: “Minaya düşdüm, yaralandım, müalicə olundum. Türkiyəyə qayıdıb uzun müddət İstanbulda yaşadım. Lakin Türkiyədəki İŞİD terror qruplaşmasının üzvü kimi həbs edildim. 2017-ci ildə məhkəmə oldu, cəza aldım, sonradan 2021-ci ilin oktyabrında terror qruplaşmasının üzvü olmaqla bağlı cinayət işi üzrə bəraət verildi. 2022-ci ilin aprelində Türkiyədən deportasiya olundum”.

Akif Osmanov ifadəsinin davamında Suriyaya qazanc məqsədilə getmədiyini və əməlindən peşman olduğunu deyib.

Məhkəmə prosesi fevralın 7-də davam edəcək.

Qeyd edək ki, beynəlxalq terrorçuluqla mübarizə istiqamətində keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində silahlı terror təşkilatının Türkiyədə fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə bu ölkə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılan, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilən Azərbaycan vətəndaşı Akif Osmanovun dini düşmənçilik zəminində terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub. Cinayət işi üzrə aparılan araşdırmalar nəticəsində məlum olub ki, Akif Osmanov Suriyanın Artma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyib, radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib. Akif Osmanovun qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair mötəbər dəlillər əldə edilib.

 

скачать dle 12.1
Xəbər lenti