Türkiyədəki qanlı terrorda kimin izi qalıb - Turqut Ərin dəyərləndirməsi

15-10-2015, 00:03
0
Türkiyədəki qanlı terrorda kimin izi qalıb - Turqut Ərin dəyərləndirməsi

Diplomat-yazar: “Bu hadisəni törədən böyük ehtimalla İŞİD-dir, amma ona bu terroru kim sifariş verib, əsas olan budur”

 

Ankarada ötən şənbə günü baş verən dəhşətli terror aktı özü ilə bir sıra suallar doğurub. Türkiyə respublika tarixinin ən qanlı terror olayından sonra yaranmış vəziyyətdən necə çıxacaq? Bu hadisə Ankaranın daxili və xarici siyasətinə necə təsir edəcək? Bu sualları sabiq diplomat, yazar Turqut Ərə ünvanladıq. 
- Turqut bəy, şənbə günü baş verən terror hadisəsi barədə ilkin təxminləriniz nədir? Hədəf nə idi?
- Türkiyə bu gün dünyada önə çıxmış bir ölkədir. Bu gün sabah dünyanın 20 inkişaf etmiş ölkəsinin toplantısına ev sahibliyi edəcək. Ayrıca, Türkiyənin böyük dəstəyi var. 300 milyonluq bir türk dünyası var ki, Türkiyə ilə qardaşdır, dostdur, inanc, tarix birliyi vardır. Bunlar Türkiyənin çox önəmli dayaqlarıdır. Dolayısı ilə gün keçdikcə Türkiyə daha da inkişaf etməkdə, böyüməkdədir. Ölkənin çox gənc əhali çoxluğu var. Türkiyə bu gün dünyanın bütün bölgələrinə ixracat həyata keçirir, günü gündən inkişaf edir. Bu mənada dünyanın fərqli bölgələrində, o cümlədən Avropada, şimalda, cənubda bir çox dövlətlər Türkiyəni rahatsız etmək üçün əllərindən gələni etməyə açılışırlar. Bu mənada bu terror yeganə hadisə deyil, daha əvvəl də oldu, indi də oldu. Ancaq bu dəfəki olay daha böyük və faciəvi oldu. Ancaq Türkiyə bunun öhdəsindən gələcək. Bu hadisələr Türkiyənin iqtisadiyyatda, demokratiya sahəsində inkişafını əngəlləyə bilməyəcək. Türkiyəyə qarşı yalnız PKK deyil, daha bir neçə terror qruplarından istifadə edirlər. Son terror hadisəsini İŞİD-in törətdiyini, ancaq İŞİD-in də arxasında Türkiyənin inkişafını istəməyən qüvvələrin olduğu aydındır. Amma Türkiyə bunların öhdəsindən gələcək, çünki dediyim kimi Türkiyə hər baxımdan güclü bir ölkədir. 
- Sizcə, Ankara terrorunu hansı qruplaşma törədib?
- Bu hadisə terror təşkilatlarının ortaq fəaliyyəti də ola bilər. Bir qruplaşmanın da işi ola bilər. Amma mənim şəxsi qənaətimə görə, bu terroru İŞİD törədib. Bizim yetkililər də bu terror qrupundan şübhələnirlər. Yəqin ki, yaxın günlərdə kimin törətdiyi dəqiqləşər. Böyük ehtimalla İŞİD-dir, amma onun arxasında kim var, bu terroru kim sifariş verib, əsas olan odur. İŞİD-in arxasında kimlər yoxdur? Bu təşkilatı kim yaratdı, kim dəstəkləyir, silah verir, inkişaf edib böyüməsini təmin edir? Yaxın Şərqi qarışdırmaq, çaxnaşmalar yaratmaq istəyən ölkələr İŞİD, PKK kimi terror təşkilatlarından istifadə edirlər. 
- Bir çox mənbələr bu terror aktının baş verməsi ilə bağlı ilk növbədə təhlükəsizlik sahəsində boşluğun olduğuna diqqət çəkdi. Sizcə belə bir vəziyyət vardımı?
- Əlbəttə, vardı, bu olmasa terror olmazdı. Bizim cavabdeh şəxslər bu işlə bağlı önləyici addımlar atmayıblar. Təhlükəsizlik sahəsində boşluğun olduğu dəqiqdir. Bunların hansı terror təşkilatları olduğu bilinir. Türkiyə böyük bir dövlətdir, böyük bir kəşfiyyat orqanları var. Onlarda bu terror təşkilatları haqda lazımı məlumatlar mövcuddur. Ancaq açığını demək lazımdır ki, Ankarada məlum hadisə zamanı böyük bir tədbirsizlik olub. Ankaranın təhlükəsizliyinə cavabdeh olan qurumlar bu məsələdə zəiflik göstəriblər. Bu əfv ediləsi bir hal deyil. Düşünürəm ki, yaxın günlərdə bu məsələ yaxın günlərdə tam aydınlaşar və terrorun baş verməsinə səbəb olacaq məsuliyyətsizliyə yol vermiş təhlükəsizlik orqanları rəhbərləri məsuliyyətə cəlb olunar. 
- Necə düşünürsünüz, bu terror hadisəsi Türkiyənin daxili siyasətinə, seçki prosesinə təsir göstərəcəkmi? 
- Açığı çox da ciddi təsiri olacağını düşünmürəm. Çox cüzi ehtimalla iqtidar partiyası əleyhinə ola bilər. Amma çox böyük təsiri olacağına inanmıram. Yəni seçkinin taleyinə təsir edəcək hadisə deyildir. 
- Bəs xarici siyasət kursuna necə təsiri olacaqmı? Yəni məsələn, Türkiyənin terrora qarşı mübarizə siyasəti, regional siyasətinə təsiri ola bilərmi? 
- Xarici siyasətə təsir edəcək. Təbii ki, Türkiyə daha tədbirli olmağa məcbur olacaq. Yəni daha aktiv bir xarici siyasət yürütməyə məcbur olacaq. Baxın, artıq Rusiya Suriyaya gəlib. Mən Azərbaycanda işləyəndə həmişə deyirdim ki, Rusiyanın “yumşaq qarnı” Qafqazlardır, siz Qafqazda din, mədəniyyət və tarixi birliyi olan xalqlara dəstək verib onları gücləndirməsəniz, ruslar cənuba doğru gələcək. Bu, onların hədəfidir. Bu gün ruslar gəlib Aralıq dənizində at oynadır. Niyə? Birincisi, çeçen amili var. Çeçenlər rusların baş bəlasıdır. Bildiyiniz kimi, İŞİD-in içində çoxlu çeçen var. Rusiya onların geri qayıtmasını əngəlləmək üçün Suriyada məhv etməyə çalışır. Amma həm də dünyaya mesaj verir ki, mən burda da varam. Artıq SSRİ yoxdur, kommunistlərin Yaxın Şərqdə qurduğu terror təşkilatları, rejimlərin bir çoxu artıq dağılıb. Yalnız Suriyada Bəəs rejimi qalıb ki, o da öz xalqını qətlə yetirir. İndi ruslar yenidən bölgəyə qayıdıb keçmiş təşkilatlarını dirçəltməyə çalışırlar. Putin bunu nədən edir? Birincisi, iqtisadiyyatı zəifləmiş Rusiyanın daxildəki narazılıqları yatırmaq, diqqəti xaricdəki məsələlərə cəlb etmək istəyir. İkincisi isə dünyaya göstərir ki, mənim hələ gücüm var, buralara qədər gəlib çıxa bilirəm. Rusiya bu bölgədəki boşluqdan istifadə edib buralara gəlib, amma düşünürəm ki, çox tezliklə gedəcək.

 

скачать dle 12.1
Xəbər lenti