“Bu seçkidə özümə rəqib görmürəm”

24-10-2015, 01:47
0
“Bu seçkidə özümə rəqib görmürəm”

İlhamiyyə Rzayevanın seçki qərargahından reportaj; deputatlığa xanım namizəd seçkiöncəsi önəmli açıqlamalar verdi; iddiaçının özü və tərəfdarları 1 noyabr seçkilərində qalib gələcəklərinə inanırlar

 

 
Parlament seçkilərinə sayılı günlər qaldı. Seçkiöncəsi sönüklük müşahidə olunsa da, elə namizədlər var ki, sözün həqiqi mənasında seçki qərargahları qaynayır. Belə iddiaçılarından biri 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizəd İlhamiyyə Rzadır. 
Xanım iddiaçının bir günlük seçki qərargahında olduq və ümumi seçki hazırlıqlarını müşahidə etdik. Seçki qərargahında yüksək əhval-ruhiyyə duyulurdu. İ.Rzanın çoxsaylı könüllülərdən ibarət tərəfdarlarının 1 noyabr seçkilərində qalib gələcəklərinə inamları tamdır. Əsasən gənclərdən ibarət olan həmin tərəfdarlarla söhbətimizdən sonra bu qənaətə gəldik. 
Bütün günü seçicilərlə görüşlərdə olan İlhamiyyə xanımla qısa da olsa, seçkilərlə bağlı ümumi dəyərləndirmə aldıq. 
 
- İlhamiyyə xanım, artıq seçkilərə 10 gün qaldığını demək olar. Hazırlıqlar necə gedir? Mühitdən razısınızmı?
- Seçkiöncəsi mühitdən razı deyiləm. Əvvəlki seçkidən keçən 5 ildə bu mühit formalaşdırılmalı idi. Seçkiyə 1-2 ay qalmış hazırlıqlara başlamaq mümkün deyil. Namizədin hazırlığından söhbət gedirsə, buna ən azı 2-3 ay vaxt lazımdı. Amma ölkədə mühitin yaradılmasından söhbət gedirsə, bu 1 ilin də söhbəti deyil. Bir seçki bitdikdən sonra, dərhal növbətisinə hazırlaşmaq lazımdır. Hər bir namizəd gördüyü işlərə, fəaliyyətinə gələcəyin namizədi gözü ilə baxmalıdır. Ümumiyyətlə, hazırda ölkədəki seçki mühiti qənaətbəxş deyil. Bizləri ən məyus edən də məhz budur. Yalan deyə bilmərəm, seçki kampaniyamda ciddi problemlər yoxdur. Xırda problemləri ciddiyə alan şəxs deyiləm. Həyat çətinliklərlə doludur. Sovet dövründə deyirdilər ki, həyat mübarizədən ibarətdir. O dövrün fikirlərindən imtina etsək də, bu həqiqətən belədir. Sən mübarizə edirsənsə, demək yaşayırsan. Əgər bu yoxdursa, demək, acınacaqlı vəziyyətdəsən və sükunətdəsən. Bir qurumda təmsil olunduğum, mənimlə birlikdə namizəd olan şəxslərə baxıram, irili-xırdalı problemlər yaşayırlar. İşlərimə baxıb bəziləri bu fikrə gəlir ki, guya hakimiyyət artıq mənə dəstək verir. Cəmil Həsənlinin məlum siyahısına adım düşmüşdü. Bu barədə məndən fikir alan jurnalistə dedim ki, Cəmil müəllimdən soruşun, hansı meyarlarla adımı siyahıya salıb. İş olmayan yerdə çətinliklər çox olur. Hazırlıq kampaniyamı kifayət qədər peşəkarcasına aparırıq. Bəzi problemləri öncədən qabaqlayırıq. Hər kəsə bərabər imkanlar yaradılmalıdır. Dairəmizdəki namizədlərin vəsaitləri fərqlidir. Bəzisi çox xərcləyir, bəzisinin buna gücü çatmır. 
Hər cəhətdən dəstəyim var. Xüsusilə, mediada. İndiyə qədər media və ictimaiyyətdəki təbliğatıma bir qəpik də xərcləməmişəm. Dostlarıma təşəkkür edirəm. İnanın ki, xahiş etməyim də lazım gəlmədi. Çox xoşbəxtəm ki, bunları qazanmışam. Bu resurslara daha çox güvənirəm. Birinci sırada seçicilərə güvənim olmalı idi. Təəssüf ki, seçki mühitinin olmaması buna imkan vermədi.
 
- Seçicilərlə görüş necə keçir?
- İnsanlar mənə inanır, amma bütövlükdə prosesə inanmırlar. İki adamdan biri “seçkilər artıq bitib, seçilən seçilib” fikirləri səsləndirir. Əsas fikirlərdən biri də, “bütün namizədlər belə danışır, amma beş il itirlər” cümlələridir. Hər şeyi seçki prosesinin üzərinə atmaq olmaz. Çünki problemləri saxtakarlıqdan tutmuş hər şeyə qədər bilirik. Amma mövcud deputatlar millət vəkilliyi statusunu o qədər gözdən salıblar ki, bərpa etmək olduqca çətindir. Onların haqq etdikləri tənqidləri biz eşitməli oluruq. Seçilərəmsə, hər şeyin əksini edəcəm. Necə deputat olmaq lazım deyil. Bunu mənə mövcud deputatların fəaliyyətsizliyi və insanlardan  aldığım rəylər öyrətdi.
- Cəmil Həsənlinin siyahısında adınızın keçməsi sizə avantaj, yoxsa dezavantaj idi? 
 

- Cəmil müəllimi siyasətçidən çox, alim kimi qiymətləndirirəm. Mənim üçün alimlik siyasətçidən daha yüksək mərtəbədədir. Cəmil müəllim gözəl bilir ki, onun tərəfdarları arasında mənə simpatiyası olanlar çoxdur. Onlar 20 ildən çoxdur ki, fəaliyyətimi izləyirlər. Əgər dəyər verirlərsə, sağ olsunlar. Cəmil müəllimin təmsil olunduğu düşərgə seçkini boykot edib. Onlar seçkiyə gəlməyəcəklər. Çalışırlar ki, tərəfdarları seçkidən çəkilsinlər. Hörmətli alimimiz gözəl bilir ki, elektoratı arasında mənə rəğbəti olanlar çoxdur. Bu məqsədlə mesaj verib ki, mənə səs verməsinlər. Bəlkə də, bu Cəmil müəllimin mənə dəstək verməyi üçün yeganə məqam idi, amma o, dəstəyini vermədi. Buna çox təəssüflənirəm. Jurnalistik fəaliyyətimdə elm nümayəndələrinin daim yanında olmuşam. Heç vaxt populyarlıq, ucuz şöhrət arxasınca qaçmamışam. Verilişlərimə daim dəyərli insanları çağırmışam. Düşünürdüm ki, bu dəyərlərimə görə, Cəmil müəllim mənə dəstək verər. Bilmirəm ki, avantaj, yoxsa dezavantajdır. Bəlkə də, Cəmil müəllimin bu addımı məni millət vəkili görmək istəyindən doğur. Amma elə reklamlara ehtiyacım yoxdur. İnsanlar yaxşı görür ki hardayam. Öz mövqeyimdəyəm. Yeraltı sular mənlik deyil. 

“İnsanlar mənə güvənir, amma bütövlükdə prosesə inanmırlar”

- 23 günlük təbliğat kampaniyanıza mane olurmu?
- Bu çox böyük maneədir. 3 ay təbliğata ayrılan vaxtlar olub. Bu müddət həddindən artıq azdır. Ödənişsiz efir də bəxtimdən olmadı (Gülür). 10 ildir efirlərdə deyiləm. Böyük zamandır. Televiziya elə bir şeydir ki, uzun müddət efirlərdə olmayanda, insanlar unutmağa meylli olurlar. 10 il bundan qabaq 15 yaşı olan gənc, indi seçicidir. O, məni xatırlamır. Şou yox, ağır, intellektual verilişlər aparmışam. Auditoriyam orta və yaşlı insanlar olub. Ödənişsiz efir mənim üçün böyük kömək olardı. 
- İlhamiyyə Rza millət vəkili seçilərsə, indidən görəcəyi işləri planlaşdırıbmı? 
 

- Hansı istiqamətdə özümü görürəm, hansı istiqamətdə töhfələr verə bilərəm, platformamda qeyd etmişəm. Millət vəkili daim millətin yanında olan bir şəxs olmalıdır. İnsanlara söz verdim ki, məni seçsəniz, sizlər məni yox, mən sizləri axtaracam. Çox böyük bir məsuliyyətdir. Amma bu, millət vəkilinin borcudur. Seçkiöncəsi yol çəkdirənləri qınayıram. Seçiciləri şirnikləşdirmək üçün yalan vədlər vermək, yol çəkdirmək, özünü xeyriyyəçi kimi göstərmək olmaz. Deputat olan zaman bu işləri görmək lazımdır. Bu sözlər arxasında dura biləcəyim sözlərdir. Demirəm ki, deputat olsam, bütün problemləri həll edəcəm. Çünki parlamentdən problemləri işıqlandıra bilərəm. Amma azlıqda qala bilmək ehtimalım da var. Çoxluğun rəyi önəmlidir. Amma elə şeylər var ki, sırf əlimdə olan imkanlardır.

- Millət vəkili olaraq, Milli Məclisin kürsüsündən qaldıracağınız ilk məsələ nə olacaq?
- İlk növbədə, mənə dəstək verənlərə təşəkkür edəcəm. Düşünürdüm ki, ilk dəfə icbari tibbi sığorta məsələsini qaldıraram. Amma bildiyimə görə, bu zaman məsələsidir, qərar da var. Sadəcə prosesi sürətləndirmək üçün nələrsə etmək olar. Təhsil kreditləri məsələsini qaldırmaq istərdim. Dünyada bu təcrübədən istifadə edirlər. İki ailədən birinin övladı pullu təhsil alır. Burada heç bir pulsuz təhsildən söhbət gedə bilməz. 4 il müddətində valideyn faizsiz kredit götürməlidir. Başqa məsələlər də var. 
- Rəhbəri olduğunuz təşkilat 125-lər Siyasi Klubu adlanır. Amma 125 namizəd görmədik.
 

- 125 deyəndə parlament üzvləri nəzərdə tutulur. İdealda istərdik ki, bu sayda namizədimiz olsun. Amma belə bir öhdəliyimiz də yox idi. 10 nəfərlə də bunu edə bilərdik. Əsas hədəf namizəd olacaq insanları bir araya toplamaq idi. Müəyyən qədər buna nail olduq. Amma istədiyimiz şəkildə olmadı. 
- Hazırda demokratik düşərgə seçkiləri boykot edənlər və etməyənlər hissəsinə ayrılıb. İştirakçı kimi necə hesab edirsiniz, hansı tərəf üstün oldu? 
- Bu suala cavabı seçki günündən sonra verə bilərəm. Çünki uğurlu seçki kampaniyası aparanlar görmüşəm, hətta iqtidar daxilində belə, amma sonda qutudan başqa adamın adı çıxıb. İlk rəy sorğuları olmalı idi. Amma bizdə rəy sorğuları virtual şəkildə olur. Bunların nə dərəcədə doğru olduğunu bilmirəm. Məncə, obyektiv deyil. Nəticələrə görə, hələ ki geridə qalmıram. Hətta öz dairəm üzrə birinciyəm. Əsas nəticə, düzgün hesablanarsa, qutudan çıxan səslərin sayıdır. 
- Sorğu demişkən, yaxınlarda ABŞ şirkəti sorğu keçirdi və YAP namizədlərinin 74%-dən çox səs yığacağını açıqladı. Bu sizdə ruh düşkünlüyü yaratdımı? 
- Buna təəccüblənmədim. Parlamentdə çoxluq hakim partiyada olur. Amma özümə güvənirəm. Obyektiv seçki olarsa, qələbəmə inanıram. YAP namizədləri şəbəkə olaraq güclüdürlər. Çünki hər yerdə şəbəkələri var. YAP-dan olan rəqibim hər yerdə, şadlıq saraylarında görüşlər keçirir. Məndə bu imkan yoxdur. Sənətçi dostlarım mənə dəstək olurlar. Tədbirlərimə dəyərli sənət adamları qatılırlar. Dairəmdə olan insanlara səslənirəm ki, istədiyiniz vaxt mənə müraciət edin, görüş üçün. Məhəllələrə çağırın. Vaxt azdır, ərazi isə, böyükdür. Üstəgəl, biz YAP deyilik. İmkanlarımız məhduddur. Əziz seçicilər, hər birinizin qapınıza gəlib, sizlərlə görüşməyə hazıram. Yetər ki, siz dəvət edin. 
- Qarşıda təşviqat dönəmi üçün qalan 10 gündə nə işlər görəcəksiniz? 
- Ancaq görüşlər keçirəcəm.  Başqa bir görəcəyimiz iş də yoxdur. Mümkün qədər insanlarla daha çox ünsiyyətdə olmağa çalışacam. Mənim üçün insanlarla görüşlər asandır. 10 nəfərdən 8-i mənə səs verəcəyini deyir. Onların üzündəki ifadələrin dəyişdiyini görürəm. Seçilməsəm də, insanların məndən gözlədiyi bəzi işləri görəcəyimə əminəm.
- Müxalif namizəd sayılırsınız. Seçkilərdə əsas rəqibiniz kimdir? 
- Bitərəf namizədəm. Ümid Partiyasının təşəbbüsü ilə irəli sürülmüşəm. Bitərəf namizəd kimi qeydə alınmışam. Özümü nə iqtidar, nə də müxalifət kimi sayıram. Həyatda özümü tənqidi fikirlərim olan insan kimi görürəm. Bunun özü də müxalifətçilikdir. Kimi rəqib görməyə gəlincə, suala cavab vermək istəmirəm. Çünki cavabım onlar üçün reklam olar. Onları reklam etmək istəmirəm. 
- Demək özünüzə rəqib görmürsünüz? 
- Böyük mənada belə düşünmək olar. 
- Sonda seçicilərə müraciətiniz varmı?
 

- Seçicilərə səslənirəm ki, yazının sonunda əlaqə ünvanları olacaq. Müraciətlərinizi edin. Namizəd olduğum ərazi çox problemlidir. “Sovetski” bu dairənin ərazisində yerləşir. Evlərinin sökülməsi ilə bağlı əhalinin ciddi problemləri var. Alınsa, təbliğatın sonuncu günü tədbir keçirəcəm. Seçki prosesi mənə yeni-yeni dostlar qazandırdı, dostlarıma yenidən baxmaq imkanı verdi. Özümə bir qədər kənardan baxdım, güvənim artdı. 
17 saylı Yasamal 3-cü seçki dairəsinin seçiciləri, İlhamiyyə Rza ilə əlaqə saxlamaq üçün ünvanları təqdim edirik:
Seçki qərargahı İnşaatçılar prospekti 33, mənzil 47-də yerləşir. Əlaqə telefonu 070 555 21 10-dur.
Cavanşir ABBASLI

















скачать dle 12.1
Xəbər lenti